Şeirlər

Samuil Marşak. “Huşsuza bax, Huşsuza”

Tərcüməçi İsa İsmayılzadə 

 


Harda yoxdu, harda vardı,
Basseyn küçəsində
Bir huşsuz yaşayardı.
Əyləşib, səhər-səhər
Köynək geydi birtəhər.
"Qoluna bax, nə gendi,
Vay... şalvarmış!" - deyindi.
Harda yoxdu, harda vardı,
Basseyn küçəsində
Bir huşsuz yaşayardı.
Palto geyinərdi о –
Özgənindi о palto.
Coraba əl atardı –
Corabın yiyəsi vardı.
 
Harda yoxdu, harda vardı,
Basseyn küçəsində
Bir huşsuz yaşayardı.
 
Papağın əvəzinə
Tava geyindi yenə.
Çəkmə yerinə - əlcək,
Dedilər: - huşsuz, əl çək!
Əyləşib tramvaya
Yol gedirdi vağzala.
Qapını açdı - vay-vay,
Yıxılmışdı, az qala.
 
Bələdçiyə üz tutdu,
Biletçiyə üz tutdu: -
Ay izzətli, hörmətli
Vaqonlar bələdçisi,
Vaqonlar biletçisi!
Hər nə olursa-olsun -
İndi düşməliyəm mən.
Olmazmı tramvayı
Vağzalda əylədəsən?
 
Bələdçi hay-haraya
Əylədi tramvayı.
 
Harda yoxdu, harda vardı,
Basseyn küçəsində
Bir huşsuz yaşayardı.
Bilet almaq eşqinə
Getdi bufetə yenə.
Sonra pul saya-saya
Kvas almaqdan ötrü
Tez yüyürdü kassaya.
 
Harda yoxdu, harda vardı,
Basseyn küçəsində
Bir huşsuz yaşayardı.
 
Sonra qaçdı perrona,
Mindi açılmış vaqona.
Çamadanı,
Bağlamanı
Tez yerbəyer elədi,
Özünə "afərin" - dedi.
Pəncərənin qabağında
Getdi yuxuya bir anda.
 
Alatoran gəldi dilə:
-     Bura haradı belə?
-     Leninqraddı, - dedilər,
-     Leninqrad! - söylədilər.
 
Bir az yatdı, oyandı,
Pəncərədən boylandı,
Baxdı böyük vağzala,
Keçdi sorğu-suala:
-     Bəs buranın nədi adı,
-     Boloqoyedi, Popovkadı?
-     Leninqrad! - dedilər,
-     Leninqrad! - söylədilər.
 
Yatdı, yenə oyandı,
Pəncərədən boylandı.
Baxdı böyük vağzala,
Yenə keçdi suala:
-     Stansiyanın nədi adı?
-     Dibunadı, Yamskayadı?
-     Platformadan cavab gəldi,
-     Leninqrad! - kimsə dedi..,
 
Dedi: - Bu nə zarafatdı?
Yol getdim, iki gün yatdım,
Heç çatmadım Leninqrada –
Getmədim, geri qayıtdım.
 
Harda yoxdu, harda vardı,
Basseyn küçəsində
Bir huşsuz yaşayardı...