Bu maraqlıdır!

Rəsədxana

Qədimdə astronomlar səmanı müşahidə etmək üçün sadə alətlərdən, əsasən də sadə teleskopdan istifadə edirdilər. Onlar göy cisimlərinin hərəkətini izləsə də onların quruluşu, mənşəyi, inkişafı və orada baş verən hadisələr barədə heç nə deyə bilmirdilər.
 
Hazırda alimlər kainatı tədqiq etmək üçün irili-xırdalı müxtəlif alətlərdən istifadə edirlər. Bu alətlər rəsədxana adlanan böyük tikililərdə yerləşdirilir. Rəsədxana səmada işığın hərəkəti üzrə fırlanan dairəvi günbəzli qüllə və bir neçə binadan ibarət olur. 
 
Rəsədxana işçiləri Günəş və ulduzlar üzərində müxtəlif müşahidələr aparırlar. Onların əsas işi Yer orbitinin dəyişikliyini izləməkdir. Səmanı müşahidə etmək üçün ən çox istifadə olunan alət teleskopdur. Teleskoplar müxtəlif ölçülərdə olur. 
 
Onlar uzaq göy cisimlərini 150-200, hətta 500 dəfə yaxınlaşdırır. Dünyanın ən iri teleskopu hər hansı göy cismini 10 min dəfə böyütmək imkanına malikdir. Amma əsas məsələ teleskopun böyütməyində deyil. 
 
Diametri böyük olan teleskop daha çox işığı özündə toplayır və ən xırda göy cisimlərini belə müşahidə etməyə imkan verir. İri teleskopları əllə hərəkət etdirməyə ehtiyac yoxdur. Onlar xüsusi mexanizmin köməyi ilə hərəkətə gəlirlər. 
 
Müasir dövrümüzdə bütün gecəni fasiləsiz olaraq səmanı teleskopla müşahidə etməyə ehtiyac yoxdur. Çünki astronomun köməyinə fotoqrafiya gəlir. Hər bir rəsədxanada səmada baş verən dəyişiklikləri qeydə alan şüşə lövhələr (neqativlər) olur. Onların köməyi ilə ulduzların yerinin və parlaqlığının dəyişməsini, həmçinin kainatda baş verən hadisələri və onların tarixini öyrənmək mümkündür. 
 
Adi teleskoplardan başqa alimlər həm də radioteleskoplardan istifadə edirlər. Bu teleskopların köməyi ilə Günəşin və ulduzların uzaq səma cisimlərinin quruluşunu öyrənməyə imkan verən radiasiyası aşkar edilib. Hazırda çoxlu sayda insanın dəstəyi və mürəkkəb texnikanın köməyi ilə biz  kainatın bitib-tükənməz sirlərini öyrənirik.
 
Ən qədim rəsədxana kimi eramızdan əvvələ aid olan daş tikililər qəbul edilir. Məsələn, İngiltərədə mövcud olan Stounhencin tarixi e.ə. 3-cü minilliyə söykənir. Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası isə Güney Azərbaycanın Marağa şəhərindəki tikilmiş rəsədxanadır. Marağa rəsədxanası 1259–cu ildə tikilmişdir. Bu rəsədxananın banisi görkəmli azərbaycanlı alim Nəsirəddin Tusidir. Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyurdu.
 
Müasir Azərbaycanın ən böyük rəsədxanası isə Şamaxıda yerləşən Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasıdır. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən göy cisimlərinin öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır. Ölkəmizdəki digər məşhur rəsədxana isə 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisində yaradılan rəsədxanadır.