Şeirlər

Səməd Vurğun. "Bahar və mən"

Bahar nə xoş gəlir, ruha dad verir.
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.


Çıxır dağ döşünə körpə quzular,
Tərlanın səsini əks edir sular.
Səhər yuxusundan ayıldır məni
Sinəmə sığınayan böyük duyğular.


Könül dinc durmayır, oynayır yenə,
Əzəldən aşiqəm həyat şerinə;
İlk dəfə oğlumun əlindən tutub
Çıxmışam səhərin tərlan seyrinə.


Ölümə can vermə ölsən baharda,
Könül müqaddəsdir, qalmasın darda;
Baharın eşqiylə çıxır yuvadan
Balası dalında qarışqalar da.


Yaşıl köynəyini geyinir meşə,
Yaxama quş kimi qonur bənövşə;
Qoy məndən dərs alsın qoca təbiət,
O da könlüm kimi gülsün həmişə.


Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.