Görkəmli şəxsiyyətlər

Fyodor Mixayloviç Dostoyevski

Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Fyodor Mixayloviç Dostoyevski 11 noyabr 1821-ci ildə Moskvada anadan olur. Anası Mariya Dostoyevski və altı uşağı yaz aylarını Tulada keçirirdilər. Burada Fyodor atasına xidmət edən kəndlilərlə tanış olur və onlara bağlanır. Bu təcrübə, uşağın gələcəkdəki həyatı üzərində çox dərin təsir yaradacaqdı. 


Dostoyevski, uşaqlığını çox vaxt sərxoş bir ata və xəstə bir ana ilə keçirirdi. Atasının işlədiyi xəstəxanadan olan xəstələr ilə vaxt keçirməyi və onların hekayələrini dinləməyi çox sevən Dostoyevski, ilk təhsilini Moskvada alır. Anası vərəm xəstəliyi ucbatından öldüyü zaman, sərt intizamıyla tanınan Peterburq Mühəndis Məktəbinə göndərilir. 


Yoldaşlarının, əsəbi və həddindən artıq həssas bir quruluşa sahib olduğu üçün “Alovlu Fedya” ləqəbini verdikləri Dostoyevski, Peterburqda zamanını kitab oxuyaraq, düşüncələrə dalaraq, ya da qardaşı Mixail ilə söhbətləşərək keçirirdi. Peterburq Mühəndis Məktəbindəki təhsilini müvəffəqiyyətlə bitirərək, kiçik leytenant rütbəsiylə Peterburqdakı İstehkam Müdirliyində vəzifəyə verilir. 


Dostoyevski özü üçün heç bir mənası olmayan bir həyata başlamışdı. Bohem ətraflara dadandı, maaşına və torpaqdakı payından götürdüyü illik 5.000 rublluq gəlirə baxmayaraq davamlı çətinlik içində idi. Bilyarda maraq salmışdı və həmişə uduzurdu. Həyatı boyunca avara həyatı səbəbiylə, son illərində kitablarından təmin etdiyi gəlirin xaricində həmişə yoxsulluq içində yaşayırdı. Bu qəribə davranışlarına qarşılıq, həyatını başdan başa dəyişdirəcək hadisə yaxınlaşırdı. Ədəbiyyatla maraqlanmağa başlamışdı və işə Balzakın Eugenie Grandetsini ruscaya çevirməklə başladı. Ordudakı həyatdan da artıq sıxılmışdı. Böyük qardaşına 1843-cü ildə yazdığı məktubda, “Əsgərliyə kartofa nifrət etdiyim qədər nifrət edirəm” deyə yazmışdı. Ertəsi il də daha çox dözə bilməyərək istefa verdi. Qərarını qardaşına məktubla xəbər verərkən belə deyirdi: “Heç peşman deyiləm. Bir ümidim var. Romanımı bitirmək üzrəyəm. Orijinal bir əsər olacaq”.


Ordudan ayrıldıqdan sonra roman yazmağa başladı. Dostoyevskinin ilk kitabı olan “Bədbəxt insanlar” ilk olaraq 1846-cı ildə nümayiş olunur.


Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. 


1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı. Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölülər evindən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən qeydlər (1864), Cinayət və cəza (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Dostoyevski “Qumarbaz” adlı romanını mübaliğəsiz, iki daşın arasında yazıb. Naşir F.Stellovskiylə bağladığı müqaviləyə görə 1866-cı il noyabrın 1-də ona yeni əsər verməli idi. Amma həmin vaxt “Cinayət və cəza” romanını bitirməyə çalışdığından stenoqrafçısı A.Q.Sinitkinanın köməyindən istifadə eləmək zorunda qalır. Cəmi 25 gün ərzində – 1866-cı il oktyabrın 4-dən 29-dək əsəri diktə eləyir və vaxtında nəşriyyata təhvil verir.


Yeniyetmə (1875) və Bir yazıçının gündəliyi (1876) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı.


Dostoyevskinin son əsəri (1880-ci ilin noyabr ayı)  “Karamazov Qardaşları”dır və yazıçı onu iki il müddətində yazmışdı. Əsərin özü isə uzun müddət onun özünə də tam olaraq rahatlıq verməmişdi.

Karamazov qardaşları yazıçının yaradıcılığının zirvəsi hesab edilir. Əsər bütün həyatı və bütün yaşanmışın, düşünülmüşün və yaradılmışın sintezidir. 


25 yanvar 1881-ci ildə ciyər qanamasıyla yenidən yatağa düşdü. Gecə gələn böhrandan sonra artıq çox zamanı qalmadığı aydın olmuşdu. Xəstə yatağında arvadından ona “Pozğunluqdan dönən oğul”dan parçalar oxumasını istəyir. Bir keşiş də başında dua oxuyurdu. Son nəfəsini verənə qədər ağlı başında qaldı və 28 yanvar axşam saat 8:30-da əbədiyyətə qovuşdu. Ölümündən sonra kitabları böyük təzyiqlə nəşr olunan böyük yazar, yalnız Rus ədəbiyyatında deyil dünya ədəbiyyatının inkişafında da böyük rol oynayan əsərlər yaratdı. Dostoyevski üçün 31 yanvar 1881-ci ildə təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasında getmişdi.