Xanımana Əlibəyli. “Kitab”
İnsanlar çəkdi zəhmət,
Günü-günü qatdılar
Dünyada gözəl nemət
Kitabı yaratdılar.
Neməti təbiətin
Gün kimi işıq açdı.
Həyatda hər sənətin
Sirrini bizə açdı.
O hər zaman cavandır
Yaşı ötsə də mini,
Bizə neçə zamandır
Öyrədir Nizamini.
Çevrilib çox dillərə
Sanki sirrdir hər biri,
Yol tapıb könüllərə
O sevdirdi Sabiri.
Durub iki qəhrəman
Dolabda qoşa-qoşa.
Baxır cürətli Cırtdan
Cəsarətli Qavroşa.
Kitab sanki bir quşdur,
Mizin üstə qonmuşdur.
Kitaba salsan meyil
Səndən ayrılan deyil.