Təbiət

Səhra gülü

“Səhra gülü” və ya “Qum gülü” gözəl və qeyri-adi bir mineraldır. Əsl qızılgülü xatırladan "çöl gülləri" səhrada müəyyən iqlim şəraiti yarandıqda əmələ gəlir.


Köçəri Böyük Səhra (Sahara) tayfaları bu qəribə daşlarla illərdir tanışdır. Onu "Səhra Gülü" adlandırıb, əmələ gəlməsini heyrətamiz bir hekayə ilə əlaqələndirirlər: Belə ki, uzun və çətin bir yoldan sonra, insanlar və dəvələr susuzluqlarını yatırmaq məqsədilə bir su vadisi (oazis) ətrafında dincəlirdilər. Bu müddət ərzində dəvə idrarı qumda yığılırdı və qumun səthində "səhra gülü" yaranırdı.


Keçmişdə səhra gülünün məhz dəvə idrarından əmələ gəldiyinə inanılırdı. Əslində isə "səhra gülü" gips kristallarıdır. Əmələgəlməsi səthə yaxın zonada aşağı xarici təzyiq şəraitində çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır.


Əmələ gəlmə formulu: CaSO4 · 2H2O.


"Səhra gülləri" nin yaranması üçün xüsusi hava şərtləri lazımdır.


Çöllərdə yağış yağanda, su tez bir zamanda quma hopur. Qumda çoxlu gips varsa, hissəciklər yuyulur və su ilə birgə qumun aşağı qatına keçir. Həddindən artıq isti olduqda isə su yenidən səthə qalxır. Suyun tam buxarlanması baş verdikdə, özünəməxsus əyri və bir qədər bükülmüş formada yeni gips kristalları yaranır. Mineralın meydana gəlməsi qum qatında meydana gəldiyindən qum kristalın bir hissəsinə çevrilir.


Ləçəklərin diametri 2-3 mm arasında dəyişir. Kristalların rəngi meydana gəldikləri qumun rəngindən asılıdır. Ağ "səhra güllər"inə Tunisin Böyük Səhrasında, qara güllərə isə Argentina çöllərində rast gəlinir.


Bu cür möhtəşəm kristallara planetimizin bir çox yerində, xüsusilə çöl iqlimi və gipslə zənginləşdirilmiş qumlu torpağı olan ərazilərdə rast gəlmək olar. Əlbəttə ki, qumun yüksək olması səbəbindən, belə gipslər tikintidə istifadə edilmir. Lakin "səhra gülü" kolleksiyaçılar və zərgərlik həvəskarları tərəfindən yüksək qiymətləndirilir. Son illərdə bu gözəl daşlara tələbat o qədər artıb ki, Əlcəzair hökuməti onların ixracına qadağa qoyub.


Bəzi ölkələrdə "Səhra gülü"nü Sevgililər Günündə tükənməz sevginin simvolu olaraq hədiyyə etmək adət halını alıb.