Şeirlər

Gəray Fəzli. “İsti ana qucağında”

Bilirsiniz mən nə üçün
Çox sevirəm bibimi?
O mənə çox mehribandır,
Əzizdir anam kimi.


Xalamı da çox sevirəm,
Mənə elə “can” deyir,
“Sən ağıllı, sözəbaxan,
Qəşəng qızımsan”, – deyir.


Mən məktəbli bacımı da
Sevirəm dünya qədər.
Darıxmıram, o mənimlə
Oynayır axşam-səhər.


Evimizdə mən hamıdan
Çox sevirəm nənəmi.
Qış gecəsi nağıl deyir,
Əyləndirir o məni.


Ancaq niyə, heç bilmirəm,
Gözüm yaşla dolanda
Mən anamın qucağına
Atılıram bir anda?!


Xəstələnsəm, onu görcək
Ağrımayır başım da.
İsti ana qucağında
Quruyur göz yaşım da.