Nağıllar, hekayələr

Ə.Quluzadə. Alim və quldur

Çox-çox illər bundan qabaq bir alim vardı. Onu öz ölkəsində də, qonşu məmləkətlərdə də hamı yaxşı tanıyırdı. O, dağların altından lağım atdırıb yol düzəltdirir, ulduzlara baxmaqla ilin necə keçəcəyini söyləyirdi. Yanına dərdli gələn dərmansız qayıtmırdı. Ona «alim aləmdir» deyirdilər.

Bir gün alim özünə bab olan elm adamlarından bir neçəsini götürüb səhralara yollandı. Dedi ki, camaat sudan çox korluq çəkir, gərək səhraları da gülüstana çevirək. Dəvə karvanı qumlu çöllərdə bir gün, bir gecə yol getdi. Qu deyəndə qulaq tutulan səhrada səhər tezdən bir təpənin yanında dayandılar.

Alim dedi:

— Buralarda su olmalıdır. Ulduzlar bu yeri nişan verir. Qan- tərin içində olan yoldaşları bir-birlərinin üzünə baxıb çiyinlərini çəkdilər.

Biri dedi:

— Ey böyük alim, yerin altında suyun olduğu məlumdur. Biz neçə arşın dərinliyə getməliyik ki, suya çataq?

Alim uzaqlardakı başı qarlı dağları göstərdi:

— O dağların suyu bu səhranın altındadır. Yerin altı ilə çay axır. Çay gedib dəryaya tökülür. Su burda çox üzdədir. Yeddi arşın qazsaq, çay səhranın üstünə çıxar.

Alim baxdı ki, yoldaşlarında o kəramət yoxdur ki, bu istidə səhranın yeddi arşınlığına ensinlər.

— Kaş sizin kimi alimlərin əvəzinə, beş-üç qolugüclü cavan gətirəydim, — dedi.

Söz alimin ağzından çıxar-çıxmaz bir də gördülər ki, başı qarlı dağlar tərəfdən bir dəstə atlı onlara tərəf çapır. Toz dumana qarışıb. Atlılar onların yanına çatan kimi qırmanclarını oynatmağa, kəməndlərini işə salmağa başladılar. Qorxudan alimlərin rəngi saralmışdı.

Çəpgöz quldurbaşı əmr elədi:

— Nəyiniz varsa, hamısını verin bura!

Alim gülümsədi:

— Kimsiniz, nəçisiniz?

Quldurbaşı qəzəbləndi:

— Görmürsən, kimik? Qulduruq!

Alim üzünü dostlarına tutdu:

— Allah bizimkini yetirib. Mən beş-üç nəfər arzulayırdım, yeddi igid birdən gəldi.

Quldurlar da donub yerlərində qalmışdılar. Bu kişinin heç tükü də tərpənmirdi. Nə quldurdan qorxurdu, nə də talandan.

Alim dəvələrin qarnının altındakı qıfıllı zəncirləri göstərdi:

— Ey quldurbaşı, bu qıfılların açarları qabaqdakı dəvənin yükünün üstündədir. Açarı götürüb yükü yerə tökün, xoşunuza gələni götürün.

Quldurbaşı quldurlardan birinə əmr elədi ki, dəvənin belindən açarları düşürsün. Açarları götürüb dəvələrin yükünü açdılar. Əllərinə fərli bir şey keçmədi. Yükün çoxu kitab-dəftər idi. Quldurbaşı özündən çıxdı:

— Qızıllar hardadır?

Alim qalın bir kitabı açıb vərəqləməyə başladı:

— İndi qızılların da yerini deyərəm. Hamısı bu kitabda yazılıb.

— Üzündə köç itinin cırmaq yerləri olan quldurbaşı axsayırsa, gözləri çaşdırsa, qolunun biri əyridirsə, ona alim dava-dərman etməlidir.

Quldurbaşı cınqırını çıxara bilmirdi. Alim quldurbaşının qarşısında dayandı:

— Sənin kəm-kəsirini müalicə eləmək çox vaxt aparacaq.

Quldurbaşının qəzəbindən, vahiməli baxışlarından, ötkəm səsindən əsər-əlamət qalmamışdı:

— Ey böyük alim, biz indən belə quldur deyilik, quluq. Alimin qarşısında, elmin yolunda qul kimi işləməyə hazırıq.

— Onda külüngləri, belləri götürün, — alim dedi.

Yeddi quldur qollarını çırmayıb alimin tapşırıqlarını, göstərişlərini yerinə yetirməyə başladı. Təpənin yanında dərin bir xəndək qazdılar. Üst-üstə qalanmış yeddi sal daşı çapıb çıxartdılar. Birdən göz yaşı kimi su qaynamağa başladı.

— Dediyim qızıl budur, — alim üzünü quldurlara tutdu.

Quldurlar da, alimlər də susdular. Yeddi yerdən qaynayan sərin suyun yanında süfrə açdılar.

Hamı alimin elminə həsəd apardı. Deyə-gülə yeyib-içməyə başladılar. Quldurlar o gündən yol kəsməyi, karvan soymağı, qarət etməyi tərgitdilər.