Odlar Yurdu

Alban hökmdarı Cavanşir

Cavanşir - Alban dövlətinin hökmdarı, görkəmli dövlət xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi olmuşdur.O, 637-ci ildən 681-ci ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və nüfuzunu qaldırmağa müvəffəq olmuşdur.
 
Cavanşirin anadan olduğu vaxt bəlli deyil. Atası Mehrani Qriqor Varaz Girdman dövlətinin ilk hakimi və bütün Albaniyanın knyazı olub. Atasının göstərişi ilə Cavanşir ərəb-sasani müharibələrində Sasanilər tərəfində döyüşüb. 637-ci ildə baş vermiş Kadisiyyə döyüşündə xüsusən fərqləndiyinə görə Sasani şahı II Yezdəgerd tərəfindən qızıl kəmərlə, qızıl dəstəkli qılıncla mükafatlandırılıb və başına qızıl tac qoyulub.
 
638-ci ildə ərəb ordusu Sasani dövlətinin paytaxtı Ktesifonu mühasirəyə aldığı zaman Cavanşir, 6 ay sasanilərin tərəfində şəhərin müdafiəsində dayanıb. Lakin Sasanilərin sonunun yaxınlaşdığını, Ərəb Xilafətinin isə gücləndiyini görərək müqavimət göstərməyin faydasız olduğunu dərk edərək Girdimana qayıdıb.
 
642-ci ildə atası Qriqor Varazın vəfatından sonra hakimiyyətə keçən Cavanşir hökmdarlığın paytaxtını Partav (Bərdə) şəhərinə köçürüb. 
 
654-660-cı illərdə Bizans imperatoru II Konstantinlə siyasi müttəfiqliyə dair müqavilələr imzalayıb. Lakin sonradan Bizansın zəifliyini görərək ərəblərlə danışıq aparmağa başlayıb. Danışıqlar Albaniyanın daxili müstəqilliyinin saxlanması ilə nəticələnib. Bundan başqa, Cavanşir Xilafət xəzinəsinə ödəniləcək vergilərin üçdə birə qədər azaldılmasına da nail olub. 
 
Alban hökmdarı Cavanşir Xilafətlə aparılan danışıqlardan narazı qalan bizanspərəst feodallar tərəfindən 681-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib.
 
İsmayıllı rayonu ərazisində Cavanşir qalası yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir.