Bu maraqlıdır!

Gecə səmasında görünən ən parlaq ulduz - Sirius

Gecə səmasında teleskop olmadan görünə bilən ən parlaq ulduz – Siriusdur: Günəş sistemindən 8.6 işıq ili uzaqlıqda yerləşir və Yer planetinə yaxın ən böyük ulduzdur.

 

Sirius Günəşdən 25 dəfə daha parlaqdır, çünki Yerdən cəmi 8,6 işıq ili uzaqda yerləşir. Bundan əlavə, ulduz getdikcə Yerə yaxınlaşır və yalnız zamanla daha da parlaq olacaqdır! Onun parlaqlıqda ən yaxın rəqibi – Kanopusdur (α Carinae), demək olar ki, Siriusdan iki dəfə zəif parlayır.

 

Siriusun Cənub Yarımkürəsinin ulduzu olmasına baxmayaraq, demək olar ki, bütün dünyada 73 ° şimal eninə qədər görünür. Şimal şəhərlərində isə üfüqdən aşağı səviyyədə qalır.

 

Sirius adı yunan dilində "yanan" və "yandıran" deməkdir. Həmçinin Siriusu tez-tez “Köpək Ulduzu” adlandırırlar, çünki o, Böyük Köpək (lat. Canis Major) bürcünün ən parlaq ulduzdur. Siriusun daha az yayılmış başqa bir adı “Alpha (α) Böyük Köpək” ulduzudur.

 

1844-cü ildə Fridrix Bessel Siriusun qoşa ulduz olduğunu fikrini irəli sürdü. 1862-ci ildə Alvan Klark ətrafda Sirius B adlı kiçik bir yoldaş ulduzu kəşf edərək bunu təsdiqlədi; bu andan etibarən görünən ulduz bəzən “Sirius A” adlanır. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B-nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Bəzi astronomlar onu “Küçük” adlandırırlar.

 

1915-ci ildə Maunt Uilson rəsədxanasında işləyən astronomlar müəyyən etdilər ki, Sirius B ağ cırtdan ulduzdur (bu, kəşf edilmiş ilk ağ cırtdan idi). Buradan belə çıxır ki, Sirius B keçmişdə Sirius A-dan qat-qat kütləvi olub, çünki o, təkamül prosesində artıq əsas ardıcıllığı tərk etmişdi (Alqol paradoksu).

 

Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir.

 

Qədim dövrlərdən bəri Sirius insan həyatında mühüm rol oynamışdır. Bu, xüsusilə qədim Misirdə özünü büruzə verirdi: burada bu ulduzun sübhdən əvvəl doğuşu - Nil daşqını barəsində öncədən xəbər verirdi və həmin gün Misir təqvimində yeni ilin başlanğıcı hesab olunurdu. Sirius eyni vaxtda bir neçə tanrı ilə əlaqəli idi və onlarla birlikdə təsvir edilmişdir.

 

Yunan mifologiyasında o, göy ovçusu Orionun ov itlərindən biri ilə əlaqələndirilirdi. Yunanlar artıq bilirdilər ki, Siriusun parlaqlıq baxımından tayı bərabəri yoxdur. Buna görə də onu "Ən parlaq" adlandırdılar - ulduzun adı qədim yunan dilindən belə tərcümə olunur.

 

Romalılar yunanlardan başqa bir ad götürdülər - "Köpək Ulduzu" və ya "Köpək" - latın dilində "Kanikula" kimi səslənirdi. Qədim İtaliyada Siriusun sübhdən əvvəl çıxması – havanın hərarətli olacağından xəbər verirdi və bu zaman demək olar ki, şəhərdə bütün fəaliyyət dayanırdı - romalılar bu dövrü "Kanikul” (Tətil) adlandırdılar.

 

Bəzi tamamilə anlaşılmaz səbəblərə görə Misir, Babil və Çinin bəzi qədim salnamələrində Sirius qırmızı işıq kimi qeyd olunur. Bu, çoxdan tərcümə səhvləri ilə əlaqələndirilir.

 

Sirius yalnız bizə ən yaxın ulduzlardan biri olduğu üçün bu qədər parlaqdır. Günəşə yaxınlıq baxımından Sirius 7-ci yerdədir.