Bu maraqlıdır!

Slüda nədir

Slüda mineraldır. “Slüda” termini altında bütöv bir ailə dağ mineralı birləşir. Bu ailəyə muskovit, flüqopit, biotit və lepidolit daxildir. Bu adları tələffüz etmək çətin olduğu üçün biz onların hamısını bir yerdə “slüda” adlandırırıq.

 

Bu minerallar bir-birinə çox bənzəyir, baxmayaraq ki, tərkibində fərqli maddələr var. Slüdanın bütün növləri asanlıqla laylara ayrılır. Onlar yumşaqdır, üzərində hətta dırnaq izi də qalır. Onların hamısı eyni tipli kristallar əmələ gətirir. Slüda ya rəngsiz olur, ya da, sarıya, yaşıla, qırmızıya, qəhvəyiyə, qaraya çalır.

 

Slüda Yer qabığındakı dağ süxurlarında olur. Onlar lavanın donması nəticəsində əmələ gələn vulkanik mənşəli süxurların tərkibinə daxildir. Bəzən slüda “metamorfizm” deyilən proses nəticəsində başqa minerallardan əmələ gəlir. Metamorfizm təzyiq, hərarət və suyun təsiri ilə baş verən dəyişikliklərdir.

 

Slüda şaxtalardan çıxır. Onun istehsalı üçün ən mühüm rayonlar Birləşmiş Ştatlar, Kanada, Hindistan, Madaqaskar, Rusiya, Braziliya və Cənubi Afrikadadır.

 

Sənaye üsulu ilə istehsal üçün slüdanı laylara ayırır və tələb olunan ölçülərdə kəsirlər. Slüda əla izolyatordur; o nə istiliyi, nə də elektriki keçirmir. Ona görə aydındır ki, slüdadan elektrik cihazlarının və odadavamlı materialların istehsalında geniş istifadə edirlər. Məişətdə də slüdadan istifadə olunan əşyalar az deyil. Məsələn, ütü.

 

Şüşə kəşf olunanadək pəncərələrə də nazik slüda təbəqəsi taxırdılar.