Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXIV fəsil

BAŞIBƏLALI QƏHRƏMAN


Tom yenə də əsl qəhrəman kimi məşhurlaşdı. Böyüklər onunla fəxr edir, yaşıdları isə paxıllığını çəkirdilər. Onun adı hətta mətbuat səhifələrinə düşdü, şəhər qəzeti onun tərifini aləmə yaymışdı. Bəziləri hətta əmin idilər ki, əgər onu aşmasalar gələcəkdə prezident olacaq.


Raybaray və sadəlövh camaat Mef Potteri öz ağuşuna alıb vaxtilə məzəmmət etdikləri qədər, indi də ona nəvaziş göstərirdi. Lakin belə bir hərəkət camaatı yaxşı tərəfdən qələmə verir, buna görə də onları pisləmək olmaz.


Tom öz günlərini olduqca şən və fərəhli keçirirdi, lakin gecələr qorxudan gözünə yuxu getmirdi. Hindi Co həmişə onun gözlərinin qabağına gəlir, acıqlı və hədələyici nəzərlərlə ona baxırdı. Qaranlıq düşəndən sonra nəyin bahasına olur olsun Tomu evdən bayıra çıxarmaq olmazdı.


Bədbəxt Hek də qorxusundan nə edəcəyini bilmirdi, çünki Tom məhkəmədən bir gün əvvəl bütün əhvalatı açıb vəkilə danışmışdı. Hek bərk qorxurdu ki, bu işdə onun da iştirakı olduğu birdən aşkara çıxar, halbuki, Conun qaçması Heki məhkəmədə ifadə vermək kimi əzablı işdən xilas etmişdi.


Vəkil zavallıya söz vermişdi ki, bu işlərin hamısını gizli saxlayacaqdır, lakin buna inanmaq olardımı? Vicdan əzabı gecə Tomu çəkib vəkilin evinə gətirdikdən və orada olan qorxunc anda baxmayaraq onu qətlin dəhşətli sirrini açmağa məcbur etdikdən sonra Hekin bəşəriyyətə olan inami kökündən sarsılmışdı.


Tom gündüzlər Mef Potterin təşəkkürlərini eşitdikdə həqiqəti söyləmiş olduğuna sevinir, gecələr isə ağzını möhkəm saxlaya bilmədiyinə peşman olaraq öz-özünü danlayırdı.


Tom gah Conun heç bir zaman tutulmayacağından, gah da tutulacağından qorxurdu. O yaxşı bilirdi ki, yalnız Co öldükdən və onun meyitini öz gözləri ilə gördükdən sonra rahat nəfəs ala biləcəkdir.


Conu tutmaq üçün mükafat təyin edilmişdi. Hər yeri gəzdilər, lakin Conu tapa bilmədilər. Sent-Luisdən hər şeyi bilən, böyük işlərdə məharət göstərən bir xəfiyyəçi gəldi. O, hər tərəfi gəzdi, axtarış apardı, nəhayət, bu sənətdən olan adamlar arasında qəbul olunduğu tək başını bulayaraq dərin mənalı bir tövrlə bildirdi ki, parlaq müvəffəqiyyətlər əldə etmişdir. Sadəcə deyilərsə, canının "izinə düşmüşdür". Ancaq adanı öldürmək üstündə "izi" boğazlayıb dar ağacından asmaq olmazdı. Xəfiyyəçi çıxıb getdikdən sonra Tomun vəziyyəti azca da olsa dəyişmədi; o, əvvəlki kimi yenə də özünü təhlükədə hiss edirdi.


Günlər ağır-ağır gəlib keçir, uşaqlar onlara əzab verən təhlükəni yavaş-yavaş unudurdular.