Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXVIII fəsil

Həmin axşam Tomla Hek möhkəm hazırlaşmışdılar. Saat doqquza qədər mehmanxananın ətrafında dolaşdılar; onlardan biri mehmanxananın qapısını, o biri isə uzaqda dayanıb dalanı güdürdü. Dalana girib-çıxan yox idi, mehmanxanaya girənlərin içərisində də ispaniyalıya oxşayan bir adam görmədilər. Gecə havanın işıq olacağı gözlənilirdi. Tom evlərinə getdi və gedərkən Hekə tapşırdı ki, çox qaranlıq olsa gəlib miyoldasın, onda Tom pəncərədən sivişib çıxar, birlikdə açarları yoxlamağa gedərlər. Ancaq hava işıq oldu, Hek gecə saat on ikiyə qədər qarovul çəkdikdən sonra boş şəkər çəlləyinə girib yatdı.


Tək günü uşaqların yenə də işi gətirmədi. Çərşənbə günü də. Lakin cümə axşamının gecəsi çox qaranlıq oldu. Tom Polli xalanın tənəkə fənərini də götürərək vaxtında pəncərədən sivişib çıxdı. O enli bir üz dəsmalı ilə fənərin üstünü örtmüşdü ki, ətrafa işıq düşməsin. Fənəri Hekin yatdığı şəkər çəlləyində gizlədib yenə də keşik çəkməyə başladı. Gecə yarısına yaxın mehmanxana bağlandı və içəridəki bütün işıqlar söndü, yaxınlıqda isə başqa yerdən işıq gəlmirdi. İspaniyalı hələ də görünmürdü. Dalanda heç kəs yox idi. Hələlik hər şey öz qaydasında idi. Qaranlıqda göz-gözü görmürdü, ətraf tamamilə sakitlik idi, yalnız uzaqdan eşidilən göy gurultusu ara-sıra bu sakitliyi pozurdu. 


Tom fənəri çəlləyin içərisində yandırdı, üz dəsmalı ilə onu yaxşı-yaxşı bürüdü, sonra hər iki macəraçı qaranlıqda xəlvətcə mehmanxanaya yanaşdı. Hek keşikdə durdu, Tom isə əlini sürtə-sürtə özünü birtəhər dalana saldı. Sonra uzunuzadı sürən həyəcanlı intizar dəqiqələri elə bil ki, ağır yük kimi Heki sıxmağa başladı. O, arzu edirdi ki, qarşısında fənər işığı parlasın; onda Hek, əlbəttə, qorxardı, lakin bununla belə arxayın olardı ki, Tom sağ-salamatdır. Ona elə gəlir ki, Tomun qaranlıqda yox olduğu bir necə saatdır. Yəqin ki, özündən getmişdir, bəlkə də ölmüşdür, nə bilmək olar, elə bəlkə də qorxusundan və ya həyəcandan ürəyi partlamışdır. Bərk həyəcanlanmış Hek özü də hiss etmədən yavaş-yavaş döngə ilə irəliləyirdi. Onun xəyalına cürbəcür qorxulu şeylər gəlirdi, hər dəqiqə gözləyirdi ki, indicə nə isə bir hadisə baş verəcəkdir, onun qorxudan yerindəcə canı çıxacaq. İndi o güclə nəfəs ala bilirdi, ürəyi hər dəqiqə az qala dayanırdı, bir hadisə baş verdikdə isə lap dayanacaqdı. Birdən işıq görundü, Töm güllə kimi Hekin yanından keçdi. 


O qışqırdı: 


- Qaç! Tez ol, qaç!


Təkrar etmək lazım deyildi, onun elə bircə kəlməsi də kifayət idi. Hek var gücüylə qaçmağa başladı. Uşaqlar şəhərin o biri başındakı köhnə sallaqxananın yanındakı çardağa çatana qədər dayanmadılar. Onlar çardağın altına girən kimi bərk göy guruldadı, şiddətli yağış yağmağa başladı. Tom nəfəsini dərdikdən sonra dedi: 


- Hek, heç bilirsən nə qədər dəhşətli idi! Mümkün qədər ehtiyatla bir-bir açarları qapıya salıb yoxlamağa başladım. Elə səs-küy qoparmışdım ki, qorxudan zəhrim yarılırdı. Ancaq o qədər bururdum açarlar içəridə firlanmırdı. Özüm də bilmirdim ki, nə edirəm; birdən əlimi dəstəyə atıb qapını itələdim, açıldı! Demə heç bağlı deyilmiş. Özümü içəri saldım, tez fənərin üstündəki üz dəsmalını dartıb açdım, gördüm ki... 


- Hə, nə gördün? De görüm, nə gördün, Tom? 
- Hek, lap az qala hindi Conun əlini tapdalayacaqdım! 


- Ola bilməz!

- Bəli! Qollarını yana açıb döşəmədəcə ölü kimi yatmışdı, həmin o sarğı da gözündə idi.

-Aman Allah! Sən nə etmisən? De görüm ayıldımı? 
-Yox, heç tərpənmədi də. Yəqin ki, sərxoş idi. O saatca üz dəsmalını qapıb qaçdım.

- Mən olsaydım üz dəsmalı heç yadıma da düşməzdi!

- Heç elə iş olar! Dəsmalı itirsəm Polli xala vayımı qılar. 
- Bura bax, Tom, sandığı görmədin ki? 


- Hek, mən heç baxmadım da. Sandığı görmədim. Heç xaçı da görmədim. Döşəmədəki dəmir parçadan və butulkadan başqa heç bir şey görmədim. Bir də otaqda iki balaca çəllək və çoxlu butulka gördüm. İndi orada nə üçün "cin-şəyatin" olduğunu başa düşürsənmi? 


- Nə üçün? 
- Orada xəlvət araq saxlayırlar, ona görə... Bəlkə elə içki içməyənlər cəmiyyətinin bütün mehmanxanalarında belə araq saxlanılan otaqları vardır, necə bilirsən? 
- Yəqin ki, elədir. Ancaq kimin ağlına gələ bilərdi! Bilirsənmi, Tom, bir halda ki, Co keflənib yatıb, indi sandığı oğurlamaq üçün ən yaxşı fürsətdir! 
-Bəs necə! Hünərin var, buyur get! Hekin canına qorxu düşdü: 


- Yox, yox, lazım deyil! 
- Mən də elə düşünürəm ki, lazım deyil. Co kimi adamın yanında bir butulka azdır. Əgər üç butulka olsaydı, onda başqa məsələ, onda bəxtimi sınayardım. Onlar susaraq uzun müddət fikirləşdilər. Sonra Tom dedi: 
- Bura bax, Hek, gəl Conun çıxıb getdiyini yəqin edənə kimi bir də oraya üzükməyək. Çox qorxuludur. Hər gecə pussaq yəqin ki, birində Conun çıxıb getdiyini görə biləcəyik. Ondan sonra sandığı götürüb aparmaq bir dəqiqənin işidir. 
-Nə olar, lap yaxşı. Mən bu gecə səhərə qədər pusquda duraram, elə o biri gecələri də, bu şərtlə ki, yerdə qalan işləri sən görəsən. 


- Yaxşı, razıyam. Ancaq sən Quper-stritlə bir kvartal qaçıb miyoldamalısan, əgər mən yatsanı, eşitməsəm, onda pəncərəyə bir ovuc qum atarsan, ayılıb gələrəm. 
- Mən də razıyam. Dediyin kimi elərəm! 
- Hek, tufan keçdi, mən evə gedirəm. Bir-ikİ saatdan sonra hava işıqlaşacaq. Sən də get ora, hələlik güd görək nə olur. 


- Dedim güdəcəyəm, demək güdəcəyəm. Bütün ili küçədə qalsam da, güdəcəyəm. Gündüzləri yataram, gecələr keşik çəkərəm. 


- Lap yaxşı. Bəs harada yatacaqsan? 


- Ben Rocersin ot yığdığı sarayda. O mənə icazə verir, onlarda işləyən zənci Cek dayı da bir söz demir. Mən, lazım olanda onım üçün su daşıyıram, o da mən istəyəndə əlinə düşəndən verir yeyirəm. Çox yaxşı zəncidir. Özü də zəncilərin yanmda özümü çəkmədiyimə görə məni çox istəyir. Bəzən hətta onunla birlikdə nahar da edirəm. Ancaq heç kəsə bir söz demə ba. Adam ac olanda çox şey edə bilər, əlbəttə, başqa vaxt olsa, bu heç mənim yadıma da düşməzdi. 


- Yaxşı, əgər gündüzlər mənə lazım olmasan, kefin istəyən qədər yata bilərsən. Əbəs yerə səni oyatmayacağam. Ancaq gecə bir şey görə bilsən, tez qaç gəl miyolda.