Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. VIII fəsil

Yuxudan ayıldığım vaxt günəş yüksəyə qalxmışdı, yəqin, saat səkkizdən çox olardı. Mən onun üstündə, kölgədə uzanıb müxtəlif şeylər haqqında düşünürdüm. Özümü çox yaxşı hiss edirdim, çünki yaxşıca dincəlmişdim. Günəş yarpaqların arasından görünürdü, ancaq, ümumiyyətlə burada çox uca ağaclar bitmişdi və bu ağacların altı olduqca qaranlıq idi. Günəş işığının yarpaqların arasından süzülüb keçdiyi yerlərdə torpağın üstündə çilə bənzər ləkələr vardı və bu ləkələr yüngülcə hərəkət edirdi, deməli, yuxarıda zəif külək əsirdi. İki sincab kiçik bir budağın üstündə oturub mənə baxaraq dayanmaq bilmədən ciyilləşirdilər. 


Məni tənbəllik tutmuşdu, yerim çox rahat idi, ayağa durmaq və səhər yeməyi hazırlamağı qətiyyən istəmirdiın. Az qalmışdı ki, yenə də məni huş aparsın, birdən haradasa, çayın yuxarılarında boğuq bir səs eşitdim. Ayılıb dirsəkləndim, qulaq asmağa başladım, bir qədər sonra yenə həmin səsi eşitdim. Ayağa sıçrayıb sahilə qaçdım, yarpaqların arasından baxmağa başladım, gördüm ki, məndən xeyli uzaqda, lap körpünün yanında suyun üzünü tüstü burumları bürüyüb. İndi başa düşdüm ki, nə məsələdir! Yenə səs eşidildi. Bu dəfə gördüm ki, ağ bir tüstü burumu paroxoddan ayrıldı. Bilirsinizmi, bu adamlar suya top atırdılar ki, mənim meyitim yuxaxıya qalxsın. 


Mən yaman acmışdım, ancaq heç cürə tonqal qalaya bilməzdim, çünki tüstünü görə bilərdilər. 


Mən oturub barının tüstüsünə baxır, atəş səsinə qulaq asırdım. Çayın eni burada bir milə çatırdı, yay səhərində ona baxmaq adama həmişə ləzzət verir, əgər yeməyə bir şey olsaydı, meyitimi necə tutmalarına baxmaqla vaxtımı çox yaxşı keçirərdim. Bu vaxt birdən yadıma düşdü ki, belə işdə çörəyin qabığına civə töküb suya salırlar, çünki çörək həmişe batan adamın düz yanına üzüb gedir və orada dayanır. Fikirləşdim ki, ayıq olub baxım, əgər çörək mənim yaxınlığımdan keçsə, gecikməyim. Mən adanın İllinoys tərəfinə getdim; fikirləşirdim ki, bəlkə bəxtim gətirdi. Səhv etməmişdim, baxıb gördüm ki, böyük bir çörək mənə tərəf üzür; uzun bir ağacla az qalmışdım ona toxunam, birdən sürüşdüm, çörək də yanımdan üzüb getdi. Mən, əlbəttə ki, özümün bildiyimə görə, axının sahilə ən çox yaxınlaşdığı yerdə dayanmışdım. Bir qədərdən sonra gördüm ki, başqa bir çörək üzüb gəlir, bu dəfə fürsəti əldən vermədim. Tıxacı çıxartdım, kiçik civə kürəciyini yerə atdım, çörəyi yeməyə başladım. Çörək adi adamların yediyi qarğıdalı kökəsi deyil, yalnız ağaların yediyi ağ çörək idi. 


Sonra mən özüm üçün yarpaqların sıx olduğu yaxşı bir yer seçib çox məmnun halda tirin üstündə əyləşərək çörəyi gəvələyə-gəvələyə kiçik paroxoda baxmağa başladım. Birdən fikrimə bir şey gəldi. Öz-özümə dedim ki, yəqin dul qadın, yaxud keşiş, yaxud daha başqa bir kimsə dua edib ki, bu çörək gəlib məni tapsın. Elə belə də oldu. Deməli, doğrudur: dua yerinə yetir - daha doğrusu, dul qadın və ya keşiş kimi adamlar dua edəndə dua yerinə yetir; mənim duam isə yerinə yetməz. Mənə belə gəlir ki, Allah özü bilir kimin duası yerinə yetəyək, kiminki yox. Trubka çəkə-çəkə xeyli müddət orada oturdum - mən trubka çəkir və nələr olduğuna baxırdım. Kiçik paroxod çayaxarı aşağı üzürdü; mən fikirləşdim ki, o gəlib mənə yaxınlaşanda baxıb görərəm göyərtədə kim var, paroxod isə çörəyin gəlib çıxdığı yerdə lap sahilə yaxınlaşmalı idi.


Paroxod yaxınlaşan kimi trubkanı bir tərəfə atıb, çörəyi tutduğum yerə qaçdım, sahildə bir tirin arxasında uzandım; bura açıq bir yer idi. Tir haça idi, mən həmin haçadan baxmağa başladım. 


Azca sonar paroxod mənim tuşuma gəldi; o adanın elə yaxınlığından keçirdi ki, taxta körpünü atıb sahilə çıxmaq olardı. Mənim tanıdığım adamların, demək olar ki, hamısı: atam, məhkəmə hakimi Tetçer, Bekki Tetçer, Co Harper, Polli xala, Sid, Meri ilə Tom Soyyer və bir çox başqa adamlar paroxodda idi. Söhbət qətldən gedirdi. Elə bu vaxt kapitan söhbətə qarışıb dedi: 


- İndi yaxşı-yaxşı baxın! Burada çayın axını sahilə lap yaxınlaşır: ola bilər ki, axın meyiti sahilə ata və o burada suyun yaxınlığındakı kolların arasında ilişib qala. Hər halda, ümid ola bilərik. 


Mən tamam başqa ümiddə idim. Hamısı göyərtəyə yığışmışdı. Sürahidən əyilib səylə hər yanı axtarır, az qala mənim lap üzümə baxırdı. Mən onları çox yaxşı görürdüm, onlar isə məni yox. Sonra kapitan əmr verdi: "Göyərtədən çəkilin!" Bu vaxt top düz mənim üstümə atəş açdı, belə ki, gurultudan qulaqlarım tutuldu, tüstüdən isə göziərim az qaldı kor ola: dediın ki. daha işim bitdi. Əgər topun atdığı mərmi olsaydı, onda onlar lap yəqin ki, axtardıqları cansız cəsədi tapacaqdılar. Nə isə, bir qədər keçəndən sonra özümə gəldim, baxıb gördüm ki, mənə heç bir şey olmayıb, Allaha şükür sağ-salamatam. Paroxod isə ötüb keçmiş, burunu dönüb gözdən itmişdi. Mən arabir atəş səsi eşidirdim, ancaq bu səs getdikcə daha uzaqlardan gəlirdi; bir saat keçdikdən sonra isə daha heç bir şey eşidilmirdi. Adanın uzunluğu üç mil idi. Mən belə qət etdiın ki, onlar adanın axırına çatıb daha bu işdən ümidlərini kəsmişlər. Lakin, demə hələ ümidlərini üzməyiblərmiş. Onlar adanı burulub Missuri tərəfdən çayın qolu ilə yuxarıya doğru çox sürətlə gedir, arabir topdan atəş açırdılar. Paroxod adanın yuxarı qurtaracağına çatdıqda atəş açmağı dayandırıb Missuri çayı sahilinə tərəf döndü və geriyə, şəhərə getdi. 


Mən başa düşdüm ki, indi sakit ola bilərəm; daha heç kəs məni axtarmayacaq. Mən öz şey-şüyümü qayıqdan yığıb meşənin sıx yerində özümə qəşəng bir mənzil qayırdım. Yorğandan çadıra bənzər bir şey düzəltdim ki, şeylər yağışdan islanmasın. Bir kiçik naqqa balığı tutub qarnını mişarla yırtdım, gün batarkən tonqal qalayıb şam etdim. Sonra çaya tilov atdım ki, səhər yeməyi üçün balıq tutam. 


Hava qaralanda tonqalın başında oturub trubka çəkir, özümü çox gözəl hiss edirdim, sonra isə darıxıb sahilə getdim. Çayın şırıltı ilə axmasına qulaq asdım, ulduzları, yaxınlıqdan üzüb keçən tirləri və salları saydım, bundan sonra gedib yatdım. Darıxdığın zaman vaxtı bundan yaxşı keçirə bilməzsən, uzanıb yatırsan, bir də görürsən ki, darıxmaq gedib işinə. 


Beləcə, üç gün, üç gecə keçdi. Heç bir dəyişiklik yox idi, elə eyni şeylər təkrar olurdu. Dördüncü gün mən bütün adanı uzununa və eninə gəzib dolaşdım. Necə deyərlər, burada ağa idim, bütün ada mənimki idi, onu yaxşıca öyrənmək, ən başlıcası isə vaxtı keçirmək lazım idi. Mən iri və dəymiş çoxlu çiyələk, qara və kal moruq tapdım, böyürtkən isə hələ indi-indi düyünlənirdi. "Bütün bunlar bir vaxt mənə çox lazım olacaq" - deyə öz-özümə düşündüm. 


Bəli, mən meşədə veyllənməyə getdim və lap xəlvət yerlərə düşdüm, mənə elə gəlirdi ki, bura adanın aşağı tərəfindən çox da uzaq deyildi. Yanımda tüfəng vardı, ancaq heç bir şey vurmadım; çünki onu, özümü müdafiə etmək üçün götürmüşdüm, ovu isə evə yaxın yerdə vurmağı qət etmişdim. Bu vaxt az qalmışdım ki, yenə bir ilanı basdalayam, ancaq ilan otların və çiçəklərin arasına girib məndən qaçdı, mən onu güllə ilə vurmağa çalışaraq dalısınca götürüldüm; yaman qaçırdım, birdən, hələ də tüstülənən bir tonqalın kösövünü basdaladım. 


Ürəyim çırpınmağa başladı. Dayanıb yaxşıca baxmadım, dönüb gizlənəgizlənə var qüvvəmlə geriyə qaçdım. Yarpaqların sıx yerinda arabir dayanıb qulaq asır, ancaq elə təngnəfəs olurdum ki, heç bir şey eşitmirdim. Yenə oğrunoğrun qaçır və dayanıb qulaq asırdım; elə bu qayda ilə yüyürdüm. Ağac kötüyü görəndə, elə bilirdim adamdır; xırda çör-çöplər ayaqlarım altında xışıldayanda özümü elə hiss edirdim ki, guya nəfəsim kəsilir. 
Gəlib evə çatanda halım özümdə deyildi, qorxudan ürəyim əsirdi. "Ancaq indi, - deyə düşündüm, - vaxtı itirmək olmaz". Odur ki, tez şey-şüyümü yığışdırıb qayığa apardım gözə dəyməsin; tonqalı söndürüb külünü ətrafa səpələdım, dedim ki, qoy tonqal keçən ilkinə oxşasın, sonra ağaca dırmaşdım. 


Ağacda təxminən iki saata qədər oturdum, ancaq nə bir şey gördüm, nə də bir səs eşitdim, yalnız xəyalən elə bil ki, hər cür şeylər görür və eşidirdim. Nə isə, yüz il burda oturan deyildim ki! Nəhayət, aşağı düşdüm, kolların sıx yerində əyləşib yenə də diqqətlə qulaq asmağa başladım. Bu qədər vaxt ərzində yalnız bir azca meyvə və səhər yeməyindən qalanları yedim. 


Hava qaralana yaxın yaman acmışdım. Buna görə də hava qaralandan sonra yavaş-yavaş çaya tərəf endim, ay doğmamış adanın dörddə bir milliyində olan İllinoys sahilinə üzüb keçdim. Sonra meşəyə girib axşam yeməyinə özüm üçün xörək bişirdim, bu gecəni burada qalmağı qət etmişdim ki, birdən qulağıma bir səs gəldi: "tap-tap, tap-tap", fikirləşdim bu at ayağının səsidir, sonra isə adam səsləri də eşitdim. Təzədən bütün şeyləri qayığa yığdım, özüm isə oğrun-oğrun nıeşə ilə getdim ki, bəlkə bir şey öyrənəm. Bir o qədər getməmişdim, birdən səs eşitdim. 


- Əgər babat yer tapsaq, elə burada qalaq; atlar lap əldən düşüb. Gəlin baxaq... 


Mən dayanıb gözləmədim, sahildən aralanıb yavaş-yavaş geriyə üzdüm. Qayığı kohnə yerinə bağlayıb belə qət etdim ki, gecəni onun içində keçirim. 


Yaxşı yata bilmədim; nədənsə heç cür yuxulaya bilmir, hey fikirləşirdim. Hər dəfə yuxudan ayılanda da mənə elə gəlirdi ki, kim isə yaxamdan yapışmışdır. Belə ki, yuxunun mənə heç bir xeyri olmadı. Axırda öz-özümə dedim: "Yox, belə olmaz; adada məndən başqa kimin olduğunu öyrənmək lazımdır. Lap partlasam da öyrənəcəyəm!" Bundan sonra əhvalım bir qədər yaxşılaşdı. 


Avarı götürüb təkanla iki addıma qədər sahildən aralanıb qayığı sahil boyu sürdüm, həmişə çalışırdım ki, kölgədə olum. Ay doğmuşdu; kölgə olmayan yerlər lap gündüz kimi işıq idi. Az qala bir saata qədər avar çəkdim; hər yan sakit idi, hər şey dərin yuxuya getmişdi. Mən gəlib adanın qurtaracağına çatdım. Külək əsib çayı ləpələndirdi, demək, gecə qurtarmaq üzrə idi. Mən avarı qaldırıb qayığın burnunu sahib tərəf döndərdim, sonra qayıqdan çıxıb oğrun-oğrun meşənin kənarına tərəf getdim. Orada bir tirin üstündə oturub yarpaqların arasından baxmağa başladım. Mən, ayın öz iş növbəsini qurtarıb necə getdiyini və zülmətin çayı bürüməyə başladığını gördüm; sonra ağacların üstündə parlaq bir zolaq ağarmağa başladı, mən başa düşdüm ki, səhərə az qalıb. Mən tüfəngi götürüb hər addımbaşı dayanıb qulaq asa-asa tonqal külünü tapdaladığım yerə tərəf getdim. Ancaq nədənsə, bəxtim gətirmirdi; həmin yeri heç cür tapa bilmirdim. Sonra baxıb gördüm ağacların arasından zəif alov işığı yanıb-sönür. Yaxına getdim, gördüm ki, yerdə bir adam uzanmışdı. Qorxudan az qala bağrım çatlayacaqdı. Onun başı yorğana bürünmüşdü, burnu az qala lap tonqala dəyirdi. Mən kolların arasında oturub gözlərimi ondan çəkmədim. Aıtıq dan yeri sökülmüşdü, hava işıqlaşırdı. Azca sonra həmin adam əsnəyib gərnəşərək, yorğanı üstündən atdı. Baxıb gördüm ki, bu Cimdir, miss Uotsonun zəncisidir. Elə sevindim ki! 


- Salam, Cim! - deyib kolların arasından çıxdım. O, yerindən elə sıçradı, mənə baxaraq gözlərini elə bərəltdi ki! Sonra dizləri üstə çöküb əllərini yanına salaraq məni dilə tutmağa başladı: 
- Mənə əl dəymə, əl dəymə! Mən ölüləri heç vaxt incitməmişəm. Mən onları həmişə sevmişəm, onlar üçün əlimdən gələni etmişəm. Gəldiyin yerə, çaya qayıt, qoca Cimi rahat burax, o həmişə səninlə dost olmuşdur... 


Ölü olmadığımı ona anlatmaq üçün çox da əziyyət çəkmədim. Mən Cimi gördüyümə çox şad olmuşdum. İndi daha o qədər də darıxmırdım. Mənim harada gizləndiyimi onun bir kimsəyə söyləyəcəyindən qorxmurdum, ona beləcə də dedim. Mən danışır, o isə oturub mənə baxır, susurdu. 


Nəhayət, mən dedim: 
- Artıq hava lap işıqlaşıb. Gəl, səhər yeməyi yeyək. Yaxşı bir tonqal qala. 
- Çiyələkdən və hər cür zir-zibildən başqa bişirməyə bir şey olmayan yerdə tonqal qalamağın nə mənası var?! Deyəsən, sənin tüfəngin var, eləmi? Onda bir şey, həm də çiyələkdən yaxşı bir şey ələ keçirmək olar. 
- Çiyələk və hər cür zir-zibil... - deyə mən dilləndim. 
- Sən elə bununlamı dolanmısan? 
- Başqa heç bir şey tapa bilməmişəm, - deyə o cavab verdi. - Cim, bəs sən nə vaxtdan bəri adadasan?
 - Səni öldürdükləri vaxtdan bəri. 
- O vaxtdan bəri? 
- Bəli. 
- Bu müddətdə də zir-zibildən başqa heç nə yeməmisən? 
- Bəli, ser, heç bir şey yeməmişəm. 
- Onda sən lap acından ölürsən ki, eləmi? 
- Lap at da olsaydı yeyərdim! Vallah, yeyərdim. Bəs sən necə, çoxdanmı bu adadasan? 
- Məni öldürdükləri həmin gecədən bəri. 
- Yox, canım! Bəs sən nə yeyirdin? Hə, sənin axı tüfəngin var! Bəli, bəli, sənin tüfəngin var. Bu, çox yaxşıdır. Sən indi bir şey vur, mən də tonqal qalayım. Mən onunla qayığın gizlədildiyi yerə getdim, o, ağacların arasındakı tala yerdə tonqal qalayıncayadək mən un, döş əti, qəhvə, qəhvədan, tava, qənd və tənəkə birəllilər gətirdim, Cim heyrət edərək donub qalmışdı. O elə bilirdi ki, bütün bunlar sehirdir. Mən bundan başqa yekə bir naqqa balığı da tutdum, Cim öz bıçağı ilə onun içinı təmizləyib qızartdi. Səhər yeməyi hazır olduqda biz otun üstünə sərilib onu hərisliklə yedik. Cim lap marçamarçla yeyirdi, yazıq yaman aclıq çəkmişdi. Biz doyunca yedikdən sonra dincəlmək üçün uzandıq. Bir qədər sonra Cim sözə başladı: 
- Hek, bir mənə qulaq as, əgər səni öldürməyiblərsə, bəs sənin daxmanda kimi öldürüblər? Mən hər şeyi olduğu kimi ona danışdım, o isə dedi: 
- Böyük məharətdir! Heç Tom Soyyer də bundan yaxşısını düşünə bilməzdi. 
- Cim, bəs sən necə bura düşmüsən, səni bura gətirən nədir? 
- Deyə mən soruşdum. O duruxdu, bir dəqiqəyə qədər dinmədi; sonra dedi: 
- Bəlkə yaxşısı budur, heç deməyim... 
- Nə üçün, Cim? 
- Yəqindir ki, bir səbəbi var da... Ancaq sən mənim haqqımda heç kimə bir şey demə. Hek, deməzsən ki? 
- Desəm, məndən pis adam yoxdur! 
- Yaxşı, mən sənə inanıram, Hek. Mən... Mən qaçmışam. 
- Cim!
- Bura bax, sən söz vermisən ki, heç kimə deməyəsən ha, Hek, heç kimə deməyəcəyini vəd etmədinmi? 
- Yaxşı, yaxşı. Söz verdim ki, deməyəcəyəm, demərəm də. Hindi kimi and içirəm ki, heç kimə demərəm. Qoy bunun üstündə mənə hamı əclaf abolisionist desin, mənə nifrət etsin, tüpürüm buna. Mən heç kimə demərəm, bir də ki, ümumiyyətlə, mən bir daha oraya qayıtmayacağam. Yaxşı, döşə gəlsin. 
- Hə, yaxşı, qulaq as, məsələ belə olmuşdur. Qoca sahibə, daha doğrusu miss Uotson hey mənə irad tutur, gün verib işıq vermirdi, amma, bununla belə söz vermişdi ki, məni heç vaxt Orleana satmayacaqdır. Ancaq mən gördüm ki, axır vaxtlar bir qul alverçisi hey bizim evin yanında hərlənir, buna görə də narahat olmağa başladım. Axşamdan xeyli keçmiş özümü xəlvətcə qapının ardına verdim, qapı isə tamam örtülü deyildi, dayanıb qulaq asdım: qoca sahibə dul qadına deyirdi ki, məni çayın aşağı tərəflərindəki Orleana satmağa hazırlaşır; o satmaq fıkrində deyilmiş, amma məndən ötrü səkkiz yüz dollar veriblər, bir bu qədər puldan isə kim qaçar! Dul qadın onu dilə tutmağa başladı ki, məni satmasın, ancaq mən daha dayanıb onların nə qərara gələcəklərini gözləmədim, baş götürüb qaçdım. 


Dağdan endim; fikirləşdim ki, şəhərdən yuxarıdakı çaydan bir qayıq ələ keçirərəm. Camaat hələ yatmamışdı, buna görə də mən sahildəki köhnə çəllək emalatxanasında gizləndim, hamı dağılışıb gedincəyədək gözlədim. Bütün gecəni beləcə olurdum, çünki yaxınlıqda həmişə veyllənənlər olurdu. Səhər saat altıya yaxın bu yerlərdən qayıqlar üzüb keçməyə başladı, təxminən saat səkkiz, ya doqquzda isə hər bir qayıqda yalnız bu haqda danışırdılar ki, sənin atan şəhərə gəlmiş və deyir ki, guya səni öldürmüşlər. Qayıqlarda xanımlar və ağalar əyləşmişdi, onların hamısı sənin öldürüldüyün yerə baxmağa gedirdi. Bəzən qayıqlar o biri sahilə üzüb getməmişdən qabaq istirahət üçün sahilə yan alırdı; mən də sənin öldürüldüyünü həmin qayıqlarda gedən söhbətlərdən öyrəndim. Hek, sənin öldürüldüyünə mən çox təəssüf etdim... İndi isə, əlbəttə ki, arxayın olmuşam. 


Mən bütün günü yonqarların altında uzanıb qaldım. Yaman yemək istəyirdim, qorxmağına isə qorxmurdum; bilirdim ki, dul qadın qoca sahibə ilə səhər yeməyindən sonra ibadət məclisinə gedəcək və bütün günü orada olacaqlar, mənim haqqımda isə belə düşünəcəklər ki, mən hələ sübhdən inəkləri otarmağa getmişəm, belə ki, yalnız axşam, hava qaralandan sonra işi anlayacaqlar. Digər xidmətçilər də mənim haqqımda düşünməyəcəkdilər, bunu mən bilirdim, qoca qarılar evdə olmayanda onların hamısı sivişib gəzməyə gedir. 

 

Yaxşı da... hava qaralan kimi durub sahil ilə yuxarıya doğru getdim; iki mil və ya daha çox getdim, daha hec bir ev-zad yox idi. Bu vaxt nə etməli olduğumu qət etdim. Özün bilirsən ki, əgər piyada getsəydim, itlər arxamca düşəcəkdi; əgər qayıq oğurlayıb o biri sahilə üzsəm, xəbər tutub o biri sahildə hara çıxdığımı biləcək və mənim izimi tapacaqdılar. Yox, deyə düşündüm, mənim üçün ən əlverişlisi saldır; sal heç bir iz qoymur. 


Bir az sonra gördüm ki, döngədən bir işıq göründü. Mən suya atılıb üzdüm, özüm də qabağıma bir tir salıb itələyirdim. Beləcə çayın ortasına qədər üzdüm, çayla axıdılan ağacların arasında gizləndim, başımı aşağı əyib axına qarşı üzür, salın yanaşacağını gözləyirdim. Sonra salın burnuna doğru üzüb ondan yapışdım. Bu vaxt göyün üzünü bulud aldı, hava lap qaranlıqlaşdı, belə ki, mən salın üstünə çıxıb uzandım. Adamlar orada ortaya, fənərə yaxın bir yerə toplaşmışdılar. Çay hey qalxırdı, axın bərk idi, mən fikirləşdim ki, gecə saat dördə yaxın iyirmi beş milə qadər aşağıya doğru üzər, orada isə, səhərə yaxın suya düşər, sahilə qədər üzüb İllinoys tərəfdəki meşəyə gedərəm.


Ancaq işim gətirmədi. Biz adaya lap gəlib çatmışdıq ki, gördüm bir adam əlində fənər salın üstü ilə mənə tərəf gəlir. Daha gözləmək vaxtı deyildi, suya atılıb adaya doğru üzdüm. Mən fikirləşirdim ki, hansı tərəfdən istəsəm, sahilə çıxa bilərəm, amma buradan çıxmaq çətin idi, sahil olduqca dik idi. Münasib yer tapıncayadək adanın aşağı qurtaracağına qədər üzməli oldum. Gedib meşədə gizləndim və belə qət etdim ki, bir də heç vaxt sala minməyim, çünki onun üstündə adamlar əllərində fənər o yan-bu yana gəzişirdilər. Trubkam, bir qutu tütün və kibrit papağımın içindəydi, onlar islanmamışdı, hamısı öz qaydasında idi. 
- Deməli, sən bu qədər vaxtı nə çörək, nə də ət yemisən? Bəs niyə özünə çanaqlıbağa tutmamısan'? 
- Onu necə tutmaq olar? Axı, onun üstünə nə atıla bilərsən, nə də tuta bilərsən. Daşla isə onu hec öldürmək olar? Bir də ki, onları gecə necə tutasan? Gündüzlər də heç vaxt sahilə çıxmırdım. - Bəli, doğrudur. Sən əlbəttə ki, həmişə meşədə oturmalı olmusan. Sən top atdıqlarını eşitdinmi? 
- Bəs necə?! Mən bilirdim ki, səni axtarırlar. Mən onların yaxınlığımdan necə üzüb keçdiklərini gördüm, kolların arasından onlara baxırdım. 


Bu vaxt hansı quş balalarısa yanımızdan pırıldayıb uçdu, onlar ikicə addım uçur, yenə yerə yatırdılar. Cim dedi ki, bu yağış əlamətidir. Belə deyirlər ki, əgər cücələr bir yerdən başqa bir yerə pırıldayıb qaçışırlarsa, deməli, yağış yağacaqdır; yəqin ki, bu quş balalarına da aid olar. Mən quş balalarından bir neçəsini tutmaq istədim, ancaq Cim icazə vermədi. O dedi ki, belə edəndə adam ölər. Onun atası bərk xəstə imiş; bu vaxt uşaqlardan kim isə bir quş tutur, qoca nənəsi deyir ki, atan öləcək, axırda elə belə də olur. 


Cim bir də dedi ki, nahara nədən nə qədər hazırladığımızı hesablamaq lazım deyil, bu xeyir gətirməz. Süfrəni gün batandan sonra çırpanda da belə olur. Əgər bir adamın arıları varsa və həmin adam ölərsə, onda bunu arılara mütləq o biri gün səhər, gün doğmamışdan qabaq demək lazımdir, yoxsa onlar zəifləyər, işdən qalar və ölərlər. Cim deyirdi ki, guya arılar axmaq adamları sancmırlar, ancaq mən buna inanmıram; çünki özüm neçə dəfə təcrübə etmişəm, onlar məni sancmayıblar. 


Bunlardan bəzilərini mən əvvəllər də eşitmişdim, ancaq hamısını yox. Cim çox əlamətlər bilirdi və özü deyirdi ki, lap hər şeyi bilir. Mənim fikrimcə belə çıxırdı ki, əlamətlərin demək olar ki, hamısı şər gətirir, buna görə də mən Cimdən uğurlu əlamətlər olub-olmadığını soruşdum. O dedi: 
- Olduqca azdir, olanının da heç bir faydası yoxdur. Axı, tezliklə üzünə xoşbəxtlik güləcəyini nə üçün biləsən? Ondan yaxa qurtarmaq üçünmü? 
Daha sonra o belə dedi: 
- Əgər sənin əllərin və sinən tüklüdürsə, bu şəksiz əlamətdir ki, varlanacaqsan. Bəli, bu əlamətdən bir fayda vardı, çünki bir vaxtlar o olacaqdır! Başa düşürsənmi, ola bilsin ki, əvvəlcə sən uzun müddət kasıb olasan, ola da bilsin ki, sonra varlanacağını bilməyib, dərddən özünü lap asasan da. 
–Cim, bəs sənin əllərin və sinən tüklüdürmü? 
- Niyə soruşursan? Məgər özün görmürsən ki, tüklüdür? 
- Yaxşı, bəs sən varlısan'? 
- Yox. Amma bir dəfə varlı olmuşarn, bir vaxtlar yenə də varlanacağam. Bir dəfə mənim on dörd dollar pulum var idi, ancaq mən alverə başladım və sınıq çıxdım. 
- Cim, sən nə alveri edirdin? 
- Əvvəlcə heyvan alıb satırdım. 
- Hansı heyvanlardan? 
- Məlumdur ki, hansı - canlı heyvanlardan. On dollara bir inək aldım. Ancaq bir daha öz pullarımı belə korlamaram. İnək birdən-birə öz əlimdə öldü. 
- Deməli, sən on dollar itirdin? 
- Yox, hamısını itirmədim. Doqquz dollara qədər itirdim, dərisin və piyini bir dollar on sentə satdım. 
- Deməli, sənin beş dollar, on sent pulun qaldı. Bəs sonra necə, onu təzədənmi tədavülə saldın? 
- Bəs necə? Qoca mister Brediş adlı sahibi olan bir qıçlı zəncini tanıyırsanmı? Bax, həmin zənci bir bank duzəldib demişdi ki, kim bu banka bir dollar qoysa, bir ildən sonra əlavə dörd dollar alar. Bütün zəncilər banka əmanət pul qoydular, ancaq onların pulları az idi. Bircə mənim pulum çox idi. Buna görə də mən dörd dollardan çox istədim, ona da dedim ki, əgər o mənə bu qədər verməsə, onda mən özüm bank açacağam. Bu zənci isə, əlbəttə ki, mənim bank açmağımı istəmirdi, bizdə iki bank bir iş görə bilməzdi; o mənə söz verdi ki, əgər mən beş dollar əmanət qoysam, onda ilin axırında mənə düz otuz beş dollar verəcək. 


Mən belə də etdim. Fikirləşdim ki, bu otuz beş dolları o saat tədavülə salaram ki, pullar boş-boşuna qalmasın. Bob adli bir zənci böyük bir yastıdibli qayıq tutmuşdu, onun sahibi isə bunu bilmirdi; mən bu qayığı həmin zəncidən aldım və dedim ki, ilin axırında ona otuz beş dollar verərəm; ancaq yastıdibli qayığı elə həmin gecə oğurladılar, o birisi gün isə birqıçlı zənci bizə bildirdi ki, bank iflas olmuşdur. Beləliklə, bizlərdən heç kim öz pulunu ala bilmədi. 
- Cim, bəs sən on senti neylədin? 
- Mən əvvəlcə istədim onu xərcləyəm, sonra bir yuxu gördüm; yuxuda bir səs mənə dedi ki, mən gərək o pulu Valaam adlı bir zənciyə, daha doğrusu, Valaam adlı bir eşşəyə verəm. Sənə deyim ki, o, doğrudan da əməlli-başlı qanmaz idi. Amma deyirdilər ki, xoşbəxt adam imiş, mənim isə gördüm ki, heç cürə bəxtim gətirmir. Yuxuda həmin səs mənə dedi: "Qoy Valaam həmin on senti işə salsın, qazancı isə sənə versin!" Bəli, Valaam pulu aldı, sonra isə o, kilsədə vaizdən eşidir ki, kim yoxsula pul versə, Allaha vermiş olur, bundan ötrü də ona qat-qat əvəzi verilər. O pulu abb bir dilənçiyə verir, özü isə gözləməyə başlayır ki, görsün bundan nə çıxacaq. 
- Yaxşı, Cim, bəs bundan nə çıxdı? 
- Heç bir şey çıxmadı. Mən pulu heç cürə geri ala bilmədim, Valaam da almadı. İndi mən daha heç kimə borc pul vermirəm, versəm də ancaq girov verirəm. Vaiz isə hələ də deyir ki, mütləq yüz qat artıq alacaqsan! Mən isə öz on sentimi geri almağa da çox şad olardım, mənim üçün elə bu da kifayətdir. 
- Eh, Cİm, bu hələ bəla deyil, bir vaxt varlanarsan. 
- Əlbəttə, əgər yaxşıca düşünsən, mən elə indi də varlıyam. Axı, mən öz ağamam, məndən ötrü isə səkkiz yüz dollar verirlər. Elə mənə bu pulu verəydilər, heç artıq istəməzdim.