Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XV fəsil

Biz bu fikirdəyik ki, üç gecəyə İllinoys ştatının sərhədində, Oqayo çayının Missisipiyə töküldüyü yerdə yerləşən Kairə çatarıq, istəyimiz də yalnız bu idi. Burada biz salı satıb paroxoda oturar, Oqayo ilə üzü yuxarıya gedərik, ora azad ştatlardır, heç bir şeydən də qorxumuz olmaz. 

 

İkinci gecə havanı duman bürüdü, biz qət etdik ki, kol-kos basmış kiçik adaya yan alaq, dumanda getməyəcəyik ki! Mən əlimdəki kəndiri hazır tutaraq qayığın içində kollara yaxınlaşdıqda isə gördüm ki, salı bağlamağa bir şey yoxdur, yalnız nazik və kiçik çubuqlar yellənirdi.

 

Mən kəndiri suya yaxın olan kollardan birinə sandım, ancaq burada axın elə güclü idi ki, kolu kökü ilə birlikdə dibindən qoparıb, salı apardı. Mən gördüm ki, duman get-gedə daha da qatılaşır, əhvalım pozuldu, elə qorxdum ki, deyəsən yarım dəqiqəyə qədər yerimdən tərpənə bilmədim, artıq sal da görünmürdü; iyirmi addımlıqdan beç bir şey görmək olmurdu. Mən cəld qayığa sıçradım, dal tərəfə qaçıb avarlardan yapışdım, onları işə saldım. Qayıq yerindən tərpənmədi. Mən elə tələsmişdim ki, onu açmağı unutmuşdum. Yerimdən qalxıb kəndiri açmağa başladım, ancaq, həyəcandan əllərim əsirdi, xeyli müddət əlləşib bir şey edə bilmədim. 

 

Nəhayət, qayığı işə salan kimi dayaz yerdə salın ardınca götürüldüm. Dayaz yer qurtarıncayadək hər şey yaxşı gedirdi, ancaq dayaz yerin uzunluğu heç altmış addım da olmazdı, bunda sonra isə mən sıx ağ dumanın içinə düşüb harada olduğum haqqında təsəvvürü belə itirdim. 

 

Fikirləşdim ki, avar çəkməyim, çünki bilmədən dayaz yerə, yaxud sahilə gedib çıxaram, sakitcə oturum, qoy axın məni aparsın; əllərimi yanıma sallayıb oturmağa qərarım gəlmirdi. Mən qışqırıb qulaq asdım. Haradansa çox-çox uzaqlardan güclə eşidiləcək bir səs gəldi, kefim o saat kökəldi. Mən güllə kimi o tərəfə getdim, özüm isə qulaq asırdım ki, görüm təzədən qışqırıq səsi gələcək, ya yox. Yenə qışqırıq səsi eşitdim, demə, mən heç də o tərəfə yox, sağ tərəfə dönmüşəm. Bu biri dəfə isə gördüm ki, sol tərəfə dönmüşəm, amma çox da uzağa getməmişəm, çünki, gah bir tərəfə, gah da o biri tərəfə hərlənirdim, qışqırıq səsi isə həmişə lap qabağımdan eşidilirdi. 

 

Öz-özümə dedim ki, bu axmağın heç olmazsa tavanı arasını kəsmədən döyəcləmək ağlına gələydi. Ancaq bu onun ağlına gəlmədi, onun qışqırığı arasındakı fasilələr məni çaşdırırdı. Mən avara güc verib hey çəkir, çəkirdim, birdən qışqırıq səsini özümdən dalda eşitdim. Bu vaxt lap çaşbaş oldum. Bu, ya bir başqası idi qışqırırdı, ya da mən dönüb tamam əks tərəfə getmişdim. 

 

Mən avarlardan əl çəkim. Gördüm ki, yenə qışqırırlar, yenə məndən dalda, ancaq başqa bir yerdə; indi qışqırıq səsi ara vermirdi, ancaq, yerini hey dəyişirdi, mən isə səs yenə qabağımdan gəlincəyədək ona hay verirdim; bu vaxt başa düşdüm ki, qayığın burnu axınla aşağıya doğru çevrilmişdir; əgər bu qışqıran başqa bir salçı olmayıb Cimdirsə, onda, deməli, mən lazım olan yerə gedirəm. Duman olanda mən səsləri pis seçirəm, çünki dumanda heç bir şey nə əməllibaşlı görünür, nə də eşidilir, hər şey adama başqa cür görünür və başqa cür eşidilir. 

 

Qışqırıq səsi hələ də kəsilmirdi; heç bir dəqiqə keçməmiş qayığım bir dik sahilə dəydi; bu sahildəki uca dağlar duman içərisində tüstü burumlarına oxşayırdı; sonra axın qayığımı sola atıb suya batmış kələ-kötür ağacların arası ilə irəli apardı, burada suyun axını o qədər sürətli idi ki, su burulub dalğalanırdı. 

 

Bir saniyə sonra mən yenə sıx ağ dumanın içərisinə düşdüm, ətraf sükut içində idi. İndi hərəkətsiz oturub ürəyimin necə döyündüyünə qulaq asırdım və mənə elə gəlirdi ki, ürəyim yüz dəfə vurmayınca hətta nəfəs belə almırdım. 

 

Birdən məsələnin nə yerdə olduğunu anlayıb təəssüflə əlimi yellədim. Bu dik sahil ada imiş, Cim də indi onun o biri tərəfındə idi. Bura sizin üçün on dəqiqəyə ətrafına hərlənə biləcəyiniz say yer deyildi. Bütün böyük adalarda olduğu kimi burda da əsl meşə bitmişdi; onun uzunluğu, bəlkə də, beş-altı mil, eni isə yarım mildən artıq olardı. 

 

Mən on beş dəqiqəyə qədər sakitcə oturub qulaqlarımı şəklədim. Çayın axını öz-özünə məni saatda dörd-beş mil sürətlə aparırdı, ancaq adətən bunu hiss etmirsən, əksinə, adama elə gəlir ki, guya qayıq suda hərəkətsiz durmuşdur. Yanından suya batmış ağac üzüb keçəndə lap məəttəl qalırsan, fikirləşirsən ki, gör necə sürətlə gedir! Özünün isə getdiyini heç ağlına da gətirmirsən. Əgər siz elə düşünürsünüz ki, gecə vaxtı çayda, duman içərisində adam heç də qorxu bilmir və özünü tənha hiss etmir, onda təcrübədən keçirin, görərsiniz. 

 

Mən yarım saata qədər qışqırdım; arabir dayanıb qulaq asırdım, görürdüm cavab gəlmir, yenə qışqırırdım; nəhayət eşitdim ki, haradansa, çox-çox uzaqlardan cavab gəlir; mən səs gələn tərəfə yönəldim, ancaq heç bir şey çıxmadı; mən, yəqin ki, bir qrup kiçik adaların arasına düşmüşdüm, çünki qayığın hnr iki tərəfindən onları tutqun şəkildə görürdüm - gah onların arasından kiçik bir keçid görünür, bəzən isə görünməyəndə də bilirdim ki, say yer yaxındır, çünki suyun quruya və sahildəki zir-zibilə dəyib necə şırıldadığı yaxşıca eşidilirdi. Burada, say yerlər arasında özümü lap itirdım, daha qışqırıq səsini eşitmədiın: əvvəlcə istədim ki, birtəhərlə qışqırıq səsinə çatam, ancaq bu, bataqlıq alovunun dalınca qaçmaqdan da pis idi. Mən heç vaxt görməmişdim ki, səs, yerini bu qədər cəld və tez-tez dəyişə. 

 

Mən sahildən uzaq olmağa çalışırdım, beş-altı dəfə də qayığı geri itələməli oldum ki, kiçik adalara toxunmayam; fikirləşirdiın ki, yəqin sal da tez-tez sahilə toxunur, yoxsa o, çoxdan üzüb irəliyə gedərdi və qışqırıq səsi eşidilməzdi; çinki çayın axınında sal qayıqdan bərk gedirdi. 

 

Bir qədərdən sonra suyun axını məni elə bil ki, yenə açıq yerə gətirib çıxartdı, ancaq indi daha heç yerdən qışqırıq səsi eşitmirdim. Artıq bu fikirdəydim ki, Cim suya batmış ağaca dəyib və işi bitib. Mən yamanca yorulub əldən düşmüşdüm, buna görə də belə qət etdim ki, qayığın içinə uzanım, daha heç bir şey haqqında düşünməyim. Yatmağa, əlbəttə ki, hazırlaşmırdım, amma elə yatmaq istəyirdim ki, gözlərim öz-özünə yumulurdu; nəhayət, öz-özümə dedim ki, heç olmasa bir dəqiqə mürgüləyim. 

 

Mən görünür ki, bir qədər yatmışdım, çünki, oyandığım vaxt duman dağılmış, ulduzlar par-par parıldayırdı, qayığın dal tərəfı isə çayın böyuk bir döngəsini sürətlə burulub gedirdi. Mən harada olduğumu əvvəlcə heç cürə başa düşə bilmədim; mənə elə gəlirdi ki, bütün bunları yuxuda görürəm; olubkeçənləri yavaş-yavaş xatirimə gətirdikdə isə hər şeyi çox tutqun, elə bil ki, keçən həftı olmuş kimi xatırlamağa başladım. 

 

Burada çay o qədər enli idi ki, adamı dəhşət bürüyürdü, hər iki sahil, ulduz işığında mənə olduqca sıx və divar kimi bir-birinə söykənmiş uca ağaclı meşəlik kimi görünürdü. Axın ilə aşağı baxdıqda suyun üzündə qara bir ləkə gördüm. Həmin ləkənin ardınca götürüldüm, daha sonra isə başqa birisini gördüm və bu dəfə səhv etmədim, bu sal idi. 

 

Gəlib sala çatdıqda gördüm ki, Cim başını dizləri üstə qoyub oturduğu yerdə yatmış, sağ əlini isə avarın üstə qoymuşdur. O biri avar sınmışdı, sal başdanayağa lil, yarpaq və kol-kos içində idi. Deməli, Cim də əngələ düşübmüş. 

 

Mən qayığı sala bağladım, çıxıb salın üstündə Cimin gözü qabağmda uzandım, əsnəyib gərnəşə-gərnəşə dedim: 
- Ey, Cim, məgər mən yatmışdım. Bəs nə üçün məni oyatmamısan? 
- Ya rəbbi, rəhm et! Bu nədir, bu sənsənmi, Hek? Sən ölməmisən, batmamısan, yenə buradasan? Heç inana bilmirəm, oğlum, inana bilmirəm. Gəl bir sənə yaxşı-yaxşı baxım, oğlum, gəl bir əllərimlə sənə toxunum. Yox, sən doğradan da ölməmisən! Sağ-salamat, lap əvvəl olduğun kimi qayıdıb gəlmisən, Allaha şükür! - Cim, sənə nə olub? İçki içmisən, nədir? 
- İçki içmişəm? Harada içmişəm? Nə vaxt içə bilərdim? 
- Bəs nə üçün belə mənasız sözlər danışırsan? 
- Necə mənasız sözlər? 
- Necə?! Bəs nə üçün çərənləyirsən ki, guya mən indicə qayıtmışam, guya mən burada olmamışam. 
- Hek.. Hek Finn, bir gözlərimin içinə bax... Gözlərimin içinə bax! Məgər sən bir yana getməmişdin? 
- Mənmi getmişdim? Sən nə danışırsan? Mən heç yana getməmişdim. Axı hara gedəcəkdim? 
- Hek, bura bax, burda vallah nə isə bir əngəl var.. bəli, bəli. Bəlkə, menmən deyiləm. Bəlkə, mən burda deyiləm, başqa bir yerdəyəm. Bax, bunları mənə de görüm! 
- Hə, məsələ aydındır, sən burdasan, ancaq sənin ağlın yerində deyil, qoca axmaq! 
- Kimin ağlı, mənimmi? Yox, sən mənə bir cavab ver görüm, sən əlində kəndir salı say yerdə kollara bağlamaq üçün qayıqla getmədinmi? 
- Yox, getməmişəm. Hansı kolları deyirsən? Mən heç bir kol görməmişəm. 
- Sən say yerdə kol gönnəmisən? Axı bir yadına sal: ip qırıldı, çay salı apardı, sən isə qayıqda qalıb dumanın içində yox oldun... 
- Hansı dumanda? 
- Hansı? Bütün gecəni çəkilməyən dumanı deyirəm də. Sən də qışqırırdın, mən də qışqırırdım, sonra biz kiçik adaların arasında azıb qaldıq, bizim birimiz yolu itirdik, o birimiz isə onsuz da yolu itirmiş kimi idi, çünki harada olduğunu bilmirdi, belə deyildımi? Mən bir yığın belə kiçik adaların arasına düşüb oradan güc-bəla ilə çıxdım, az qala batacaqdım. Məgər belə olmamışdı, oğlum, belə olmamışdımı? Bax bunları mənə söylə görüm! 


- Yaxşı, yaxşı, Cim, mən bundan heç bir şey başa düşmürəm. Mən heç bir duman, heç bir kiçik ada görməmişəm, ümumiyyətlə, heç bir dolaşıqlıq olmayıb, başa düş. Biz bütün gecəni oturub bir-birimizlə söhbət edirdik, on dəqiqə bundan qabaq sən yuxuya getdin, sonra, gərək ki, mən də yatdım. Bu az vaxtda sən içib sərxoş ola bilməzdin, deməli, bütün bunları yuxuda görmüsən. 
- Axı bu qədər şeyi on dəqiqədə yuxuda necə görmək olar? 
- Bir halda ki, bunların heç biri olmayıb, deməli, yuxuda görmüsən. 
- Hek, axı necə ola bilər, mən bunların hamısını aydınca görürəm… Aydınca görüb-görməməyinin nə fərqi var. Bunların heç biri olmayıb. Axı mən həmişə burda olmuşam. Cim beş dəqiqəyə qədər susub fıkrə getdi. Sonra belə dedi: 
- Yaxşı, Hek, ola bilsin ki, bu mənim yuxuma girib, amma əgər ömrümdə belə qəribə yuxu görmüşəmsə, Allah mənə qənim olsun. Heç bir vaxt da yuxuda indiki kimi yorulmamışdım. 


- Axı burda nə var ki! Yuxuda da yorulduğun vaxt olur. Ancaq bu dahiyanə yuxudur... Hə, Cim, indi mənə hər şeyi bircə-bircə danış görüm. Cim nağıl etməyə başladı və hər şeyi olduğu kimi, axıracan, ancaq xeyli bəzəyib-düzəyərak nağıl etdi. Sonra dedi ki, indi yuxunu "yozmaq" lazimdir, çünki buyuxu bizə xəbərdarlıq üçün göndərilib. Birinci say bizə xeyirxahlıq etmək istəyən bir adamdır, çayın axını isə bizi ondan ayırmaq istəyən başqa bir adamdır. Qışqırıq səsləri - vaxtaşırı göylərdən bizə göndərilən xəbərdarlıqdır; biz əgər səy göstərib bu səsləri başa düşməyə çalışmasaq, onda bu səslər bəladan qurtarmaq əvəzinə, bizə bədbəxtlik gətirər. Bir yığın ada - pis adamlarla əlaqədar olub hər cür murdar işlərə baş qoşduğumuz hallarda bizi təhdid edən pis əlamətlərdir; əgər biz burnumuzu bizə dəxli olmayan işlərə soxmasaq, onları söyüb cinlətməsək, onda dumanın içərisindən işıqlı və geniş çaya çıxa bilərik, daha doğrusu, gedib azad ştatlara çatarıq və daha başımıza heç bir pis iş gəlməz. Mən salın üstünə çıxarkən hava buludlu olduğundan çox qaranlıq idi, indi isə göyün üzü yenə təmizlənib açılmışdı. 


- Hə, Cim, bunların hamısını yaxşı yozdun, - deyə mən dilləndim, - ancaq de görüm, bəs bunlar nədir? Mən salın yan-yörəsindən zir-zibili, ağac yarpaqlarını və sınmış avarı ona göstərdim. İndi bunlar çox aydınca görünürdü. Cim əvvəlcə zir-zibilə, sonra mənə, sonra yenə zir-zibilə baxdı. Dahiyanə yuxu onun beyninə elə nəqş olunmuşdu ki, onu heç cür başından çıxara bilmir və işin nə yerdə olduğunu təsəvvür eləmirdi. Sonra isə o, özünə gələrək gözlərini mənə zillədi və ciddiyyətlə dedi: 
- Bunlar nədir? İndi sənə deyərəm. Avar çəkməkdən və səni səsləməkdən yorulub yatdığım vaxt ürəyim az qala partlayacaqdı, səni itirməyimə çox heyfsilənirdim, öz başıma və salın başına nə gələcəyini isə heç fikrimə də gətirmirdim. Ayılıb səni yenə burada sağ-salamat gördükdə isə elə sevindim ki, ağlamaqdan özümü gücnən saxladım, dizi üsiə çöküb sənin ayaqlarını öpməyə belə hazır idim. Sən isə elə bircə yalan danışmağı və qoca Cimi ələ salmağı bilirsən. Bunlar hamısı zibildir, rəzil işlərdir; öz dostlarının başını zibilləyən və onları məsxərəyə qoyan adamlar da rəzil adamlardır. 


O ayağa qalxıb daxmaya girdi və daha mənimlə danışmadı. Ancaq elə bu da kifayət idi. Mən özümü çox əclaf bir adam kimi hiss etdim, onun öz sözlərini geri götürməsi üçün ayaqlarından öpməyə belə hazır idim. 
Özümü zəncinin qarşısında alçalmağa məcbur edənə qədər on beş dəqiqə keçdi; ancaq mən getdim və bu barədə zərrə qədər də təəssüf etmirəm və heç btr vaxt da təəssüf etməmişəm. Mən onu bir də ələ salmadım, bu dəfə də belə inciyəcəyini bilsəydim, ona başağrısı verməzdim.