Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XVI fəsil

Biz, demək olar ki, bütün günü yatıb axşamdan xeyli keçmiş yola çıxdıq; yanımızdan gəlib-keçən və matəm dəstəsi kimi ardı-arası olmayan çox uzun bir sal dəstəsini qabağımızca buraxdıq. Bu böyük salın hər bir başında dörd dənə uzun avar var idi, deməli, burada otuza qədər salçı olmalı idi. Biz onun üstündə bir-birindən xeyli aralı olan beş daxma saydıq; ortalıqda bir tonqal yanırdı, salın hər iki başında nazik, uzun tir üstündə bayraq dalğalanırdı. Belə bir salda salçı işləmək zarafat deyildi. 


Çayın axını bizi böyük bir çay döngəsinə gətirib çıxartdı, bu vaxt göyün üzünü qara buludlar aldı, hava bürküləndi. Çay burada çox enli idi, onun hər iki sahilində sıx meşə divar kimi durmuşdu; nə boş bir yer, nə də işıq ucu görünürdü. Biz Kair haqqında söhbət edirdik, deyirdik ki, görəsən, üzüb çatdıqda onu tanıyacağıq, ya yox. Mən deyirdim ki, əlbəttə, tanımayacağıq; deyirlər ki, orada cəmisi ona qədər ev var, işıqları söndürulmüş olsa necə biləcəksən ki, şəhərin yanından keçirsən? Cim dedi ki, orada iki böyük çay bir-birinə qovuşur, buna görə də şəhərin yerini biləcəyik. Mən isə dedim ki, bizə elə görsənə bilər ki, guya ada yanından keçirik və təzədən yenə elə həmin çaya düşərik. Bu, Cimi və məni təşvişə saldı. Bəs onda nə etməliyik? Mən dedim ki, işıq görünən kimi sahilə yan alım və orada deyim: atam şalandada qalmışdır, o, çayda ilk dəfədir üzür, məni göndərib öyrənim, bilim Kairə çox qalıb, yoxsa az. 


Cim dedi ki, bu pis fikir deyil; biz trubka çəkib gözləməyə başladıq. 
Bir işimiz yox idi, yalnız dörd göziə baxıb şəhəri nəzərdən qaçırmamaq lazımdı. Cim dedi ki, nəzərdən qaçırmayacaqdır, axı o, Kairi görən kimi həmin dəqiqədə azad insan olacaqdır, əgər nəzərdən qaçırsa, yenə gedib quldarlıq ştatlarına düşəcəkdir, orada isə azadlıqdan əlini üzməlidir. O az qala hər dəqiqə yerindən sıçrayıb qışqırırdı: 
- Budur, Kairdir! 


Ancaq onların heç biri Kair deyildi. O, gah bataqlıq alovu, gah da atəşböcəyi görürdü, yenidən oturub Kairi gözləyirdi. Cim deyirdi ki, belə tezliklə azad olacağından həyəcanlanaraq gah qızdırır, gah da onu üşütmə tutur; məni də, sizə düzünü desəm, gah qızdsrma, gah daüşütmə tuturdu, çünki yalnız indi təsəvvürümə gətirmişdim ki, o, doğrudan da, tezliklə azad olacaqdır; bəs bunda təqsirkar kim idi? Əlbəttə, mən. Mənim vicdanım təmiz deyildi, odur ki, bu fikirdən heç cür yaxa qurtarmırdım. Elə əziyyət çəkirdim ki, bir an dinc ola, hətta bir yerdə otura bilmirdim. Mən bu vaxtadək nə etdiyimi başa düşməmişdim. İndi isə başa düşmüşdüm, bu fikri bir dəqiqə belə unuda bilmirdim, elə bil ki, odunalovun içində yanırdım. Özümə təlqin etməyə çalışırdım ki, təqsirkar deyiləm, axı Cimi öz qanuni sahibindən alıb aparan mən deyildim. Ancaq bu kömək etmədi, vicdanım mənə dalbadal deyirdi: "Axı sən onun qaçqm olduğunu bilirdin; qayıqla sahilə gedib bir kimsəyə deyə bilərdin". Bu doğru idi, bundan heç cürə boyun qaçıra bilməzdin. Əngəl bax, bunda idi! Vicdanım mənə pıçıldayırdı: "Yazıq miss Uotson sənə nə etmişdi? Axı sən onun zəncisinin necə qaçdığını görmüsən, heç kimə də bu barədə bir kəlmə deməmisən. Yazıq qarı sənə nə etmişdi, nə üçün onu belə incitmisən? O sənə savad vermiş, özünü necə aparmağı öyrətmiş, bacardığı qədər sənə mehriban olmuşdu. Sənə heç bir pislik etməmişdi". 


Halım özümdə deyildi, utandığımdan xəcil olub ölürdüm. Mən salın üstündə irəliyə-geriyə qaçır, özümü söyürdüm, Cim də salın üstündə mənim yanımca irəliyə-geriyə qaçırdı. Biz bir yerdə qərar tutub otura bilmirdik. O hər dəfə irəli sıçrayıb: "Budur, Kairdir!" deyə qışqırdıqda, elə bil ki, başıma güllə çaxırdılar və mənə elə gəlirdi ki, əgər bu doğrudan da Kairdirsə, xəcalətimdən buradaca ölüb yerə girəcəyəm. 


Mən öz-özlüyümdə fikirləşdikcə Cim hey ucadan danışırdı. O deyirdi ki, azad ştatlarda hər şeydən əvvəl pul yığmağa başlayacaq və bir sent belə havayı yerə xərcləməyəcəkdir; lazım olan qədər pul yığdıqda isə miss Uotsonun yaşadığı yerlərdə olan fermaların birisindən öz arvadını pul verib köləlikdən azad edəcəkdir, sonra isə onlar ikilikdə işləyib pul yığacaq, hər iki uşaqlarını da geri alacaqlar; əgər sahibi onları satmaq istəməsə, onda o. bir nəfər abolisionisti dilə tutacaq ki, onları oğurlasın. 


Belə söhbətlərdən mənim bədənimə vicvicə düşürdü. Əvvəllər o, heç vaxt cəsarət edib belə danışa bilməzdi. Siz bir görün lezliklə azad olmaq fikri onu nə qədər dəyişmişdir! Köhnə məsəllərdən birində əbəs yerə deyilməmişdir: "Barmağını zənciyə uza t- bütün əlini çəkib aparar". Fikirləşirdim ki, düşünmədən, qızğın halda iş görmək gör bir nəyə gətirib çıxarar. Qaçmağına kömək etdiyim həmin bu zənci birdən cəsarətə gəlib bildirir ki, öz uşaqlarını oğurlayacaqdır, mən isə onların sahibini tanımıram və ondan heç bir pislik görməmişəm. 


Belə söhbətləri Cimdən eşitmək mənə çox ağır gəlirdi, bu onun tərəfindən bir rəzillik idi. Vicdanım mənə əvvəlkindən daha bərk əziyyət verirdi; nəhayət, vicdanıma dedim: "Məni dinc buraxsana! Axı hələ gec deyil: bir işıq görünən kimi sahilə gedib xəbər verə bilərəm". Bu sözləri dedikdən sonra o saat sakitləşdim və şadlandım, ürəyim xeyli sakit oldu. Elə bil ki, bütün dərdlərimi üstümdən götürdülər. Mən işıq görmək üçün baxmağa başladım, hətta öz-özümə nə isə bir mahnı da oxudum. Nəhayət, bir işıq yanıb söndü, Cim o saat qışqırdı: 


- Biz xilas edildik, Hek, xilas edildik. Sevincindən atılıb düşə bilərsən. Bu mehriban, köhnə Kairdir, yəqin bilirəm! Mən dedim: 
- Mən əvvəlcə qayıqla gedib baxaram. Bilirsənmi, Cim, bu ola bilsin ki, hələ Kair deyildir. O, irəli atılaraq qayığı hazırladı, yumşaq olsun deyə öz kohnə gödəkcəsini onun içinə saldı, avarları mənə verdi. Avarları işə salıb ondan ayrıldıqda isə arxamca qışqırdı: 
- Bir azdan sonra sevincimdən lap oynayacağam, qışqıracağam ki, bütün bunlar Hekin sayəsində olub. Mən indi azad adamam, əgər o olmasaydı, məgər azad ola bilərdimmi? Bütün bunları Hek etmişdir. Hek, Cim səni heç vaxt unutmayacaqdır! Cimin heç vaxt belə bir dostu olmamışdır, indi isə sən qoca Cimin yeganə dostusan. Mən isə var gücümlə avarları çəkir, onu tutdurmağa tələsirdim! Ancaq o, bu sözləri deyən kimi əllərim gücdən düşdü. İndi mən güc-bəla ilə avar çəkir, heç özüm də bilmirdim ki, getməyimə şadam, ya yox. Mən təxminən əlli addım ondan uzaqlaşdıqda, Cim qışqırdı: 


- Budur, sədaqətli Hek gedir. O qoca Cimi aldatmayan yeganə ağ centlmendir! Mən pis vəziyyətə düşdüm. Ancaq öz-özümə fikirləşdim ki, bunu bir də nə vaxt edəcəyəm? Hiylə ilə boyun qaçırtmaq olmaz. Bu vaxt gördüm ki, içində iki nəfər tüfəngli adam əyləşmiş dördavarlı bir qayıq üzüb gəlir; onlar dayandılar, mən də dayandım.
Onlardan biri soraşdu: 
- Ordakı nədir? 
- Sadır, - deyə cavab verdim. 
– Sən də o saldansanmı? 
- Bəli, ser. 
- Salda kişi varmı? 
- Bircə nəfərdir, ser. 
- Bilirsənmi, bu gecə bax oradan, çayın döngəsindən bir qədər yuxarıdan beş zənci qaçıb. Sənin oradakı adamın kimdir: ağdır, ya qara? Mən dərhal cavab vermədim. Demək istəyirdim, ancaq dilim gəlmirdi. Bir dəqiqə sonra mən özümü ələ alıb hər şeyi onlara söyləməyə çalışırdım, ancaq cəsarətim çatmadı, qorxaqlıq etdim. Axırda heç bir şey edə bilməyəcəyimi görüb, hər şeydən əl çəkərək dedim: 
- Ağdır. 
- Yaxşı, indi biz özümüz gedib baxarıq. 
- Buyurunuz, buyurunuz, - deyə mən dilləndim, - oradakı atamdır... Mənə kömək edin, salı o yerədək, sahildə fənər yanan yerədək yedəyə alıb aparın. O xəstədir, anam da, Meri-Eni də xəstədirlər. 
- Lənət sənə, kor şeytan. Bizim vaxtımız yoxdur axı... Yaxşı, mən bu fikirdəyəm ki, kömək etmək lazımdır. Öz avarınla bizim qayıqdan yapış, gedək. Mən avarımla onların qayığından yapışdım, onlar avar çəkməyə başladılar. İki-üç dəfə avar çəkdikdən sonra dedim; 
- Atam sizə çox minnətdar olacaq. Kimdən xahiş edirsən ki, Salı sahilədək çəksin, o saat baş götörüb gedir, mənim özüm isə bunun öhdəsindən gələ bilmirəm, gücüm çatmır. 
- Necə əclafdırlar ey! Ancaq, nə isə çox qəribədir... oğlan, bir de görək, atanın xəstəliyi nədir? 
- Onun xəstəliyi... onun... elə bir şey deyil. Onlar avar çəkməyi dayandırdılar. İndi sala çatmağa lap az qalmışdı. Onlardan biri dedi: 
- Oğlan, sən yalan danışırsan! Atanın xəstəliyi nədir? Düzünü deyinən, düzünü desən sənin üçün yaxşı olar. - Bu saat deyərəm, ser. Vallah, deyərəm, artcaq siz Allah, bizi atıb getməyin! Onun xəstəliyi... onun xəstəliyi. Axı siz sala yaxın getməyəcəksiniz, siz ancaq bizi yedəyə alacaqsınız... Yalvarıram, mən sizə kəndir ataram. 
- Con, geri döndər, tez geri döndər! - deyə yenə o adam dilləndi. 

 

Onlar qayıqlarmı geri döndərdilər. - Oğlan, bizdən uzaqda üzü küləyə tərəf dur. Qorxuram ki, yoluxucu xəstəlik küləklə bizə keçə. Sənin atanın xəstəliyi qara çiçək xəstəliyidir. Bəli, oğlan, sən də bunu çox gözəl bilirsən. Bəs nə üçün bizə birdəfəlik demədin. İstəyirsən ki, biz hamımız yoluxaq? 


- Bəli, - deyə cavab verib hıçqıra-hıçqıra ağlamağa başladım, - mən əvvəl hamıya beləyə deyirdim, onlar isə çıxıb gedir, bizi atırdılar. 
- Yazıq oğlan, düz deyirsən. Bizim sənə çox yazığımız gəlir, ancaq, bir qulaq as... Bilirsənmi, biz çiçək xəstəliyinə düçar olmaq istəmirik. Bura bax, nə etmək lazım olduğunu sənə deyim. Sən qətiyyən salı sahilə çəkib gətirmə, vurub parça-parça edərsən. Çayaşağı daha iyirmi mil üzərsən, orada sol sahildə bir şəhər görəcəksən, o vaxt artıq hava işıqlanar; kömək üçün xahiş etdikdə isə deginən ki, valideynlərin titrəmə-qızdırma tutub. Axmaqlıq etmə, yoxsa yenə məsələni başa düşərlər. Biz sənin yaxşılığını istəyirik, belə ki, lütfkarlıq edib bizdən daha iyirmi mil uzağa get. Oraya, fənər yanan yerə getməyə dəyməz, ora taxta-şalban anbandır. Bura bax, sənin atan yəqin ki, kasıb adamdır. Belə görürəm ki, onun həyatda bəxti gətirməyib. Budur, bax, bu taxtanın üstünə iyirmi dollarlı bir qızıl pul qoyuram, üzüb yaxınına gələndə götürərsən. Əlbəttə, səni beləyə tək buraxmaq bizim tərəfimizdən bir rəzalətdir, ancaq özün bilirsən ki, çiçək xəstəliyi ilə də zarafat etmək olmaz. 


- Parker, bir dayan görüm, - deyə o birisi sözə başladı. 
- Bax, iyirmi dollar da mən verirəm, al, taxtanın üstünə qoy... Oğlan, xudahafiz! Sən, mister Parkerin dediyi kimi də elə, onda hər şey öz qaydasında olar. 
- Bəli, bəli, oğlan, düz deyirik! Di, xudahafız, salamat qal! Əgər bir yerdə qaçqın zənci görsən, köməyə adam çağır və onu tut, bundan ötrü sənə pul verərlər. 
- Sağ olun, ser, - deyə onlara cavab verdim. - Qaçqın zəncüəri isə çalışıram ki, əldən qaçırmayım. Onlar çıxıb getdilər, mən isə özümü çox pis hiss edərək salın üstünə çıxdım; axı bilırdim ki, yaxşı hərəkət etmirəm, anlayırdım ki, necə hərəkət etmək lazım olduğunu heç vaxt öyrənə bilməyəcəyəm; əgər adam kiçik yaşlarından bunu öyrənməyibsə, bundan sonra onu heç cür məcbur edə bilməzsən, heç məcbur etmək də lazım deyil, çünki o bunu bilmir, hər nə etsən də bilməyəcək. Sonra mən bir dəqiqə fikirləşib öz-özümə dedim: yaxşı, əgər sən lazım olduğu kimi hərəkət etsəydin və Cimi ələ versəydin, sənin üçün indikindən yaxşımı olardı? Yox, yenə də pis olacaqdı; mən yenə özümü indiki kimi pis hiss edəcəkdim. Hər şeyi lazım olduğu kimi etməyə çalışmağın nə mənası var; bundan yalnız narahat olacaqsan; amma lazım olmadığı kimi hərəkət etdikdə heç bir narahatçılıq olmur, əvəzi isə eyni şeydir ki, var. Mən çıxılmaz vəziyyətə düşüb bir cavab tapa bilmədim. Fikirləşdim ki, daha başımı sındırmayım, həmişə necə mümkün oldusa, eləcə də hərəkət edim. Boylanıb daxmamıza baxdım. Cim orada yox idi. Bütün salı nəzərdən keçirdim, Cim gözümə dəymədi. Belə olduqda: 
- Cim! - deyə qışqırdım. 
- Hek, mən burdayam. Onlar daha görünmürlər ki? Astadan danış. O, salın dal tərəfındə çayın içinə düşüb sallanmışdı, bircə burnu suyun üzündə idi. Mən ona dedim ki, daha heç kəs görünmür, o, sudan çıxdı. 
- Mən hər şeyi eşidirdim, buna görə də tez sürüşüb suya endim; əgər onlar sala yanaşsaydılar, üzüb sahilə çıxacaqdım. Fikirləşmişdim ki, onlar çıxıb getdikdən sonra yenə üzüb geri qayıdaram. Amma Hek, onları yaman aldatdın ha! Çox qəribə idi. Oğlum, gör sənə nə deyirəm, məncə, qoca Cimi xilas edən elə bu oldu. Əzizim, Cim bunu heç vaxt yadından çıxartmayacaqdır. Sonra biz pul barədə söhbət etdik. Çox yaxşı qazanmışdıq, adam-başına iyirmi dollar düşürdü. Cim dedi ki, indi biz birinci dərəcəli paroxodda gedə bilərik, pulumuz da azad ştatlaradək artıqlaması ilə çatar, iyirmi mil isə sal üçün heç bir şey deyil, ancaq, kaş bu saat orada olaydıq. Dan yeri sökülərkən sahilə yan aldıq. Cim salı yaxşıca gizlətmək üçün xeyli çalışdı. Sonra o, bütün şey-şüyümüzü qablaşdırmağa başladı, ümumiyyətlə, saldan birdəfəlik ayrılmağa hazırlaşırdı. Axşam saat ona yaxın sol sahildə, çayın döngəsində bir şəhərin işıqlarını gördük. Mən qayığa minib buranın hansı şəhər olduğunu öyrənməyə getdim. Bir az sonra dördavarlı bir qayıqda tilovla balıq tutan bir adama rast gəldim. Mən qayığımda ona yanaşıb soruşdum: 
- Mister, deyin görüm, bu Kairdirmi? 
- Kair? Yox! Dəli olmusan, nədir?
 - Bəs onda bu hansı şəhərdir? 
- Əgər bilmək istəyirsənsə, get soruş. Əgər burda dolaşıb məni təngə gətirsən, başına elə oyun açaram ki, adın yadından çıxar. Mən geri dönüb sala qayıtdım. Cimin əhvalı yaman pozuldu, mən ona dedim ki, o biri şəhər, yəqin ki, Kair olar. 

Səhərə yaxın daha bir şəhərə rast gəldik, mən yenə kəşfıyyata getmək istədim, ancaq, burada sahil çox uca idi, buna görə də getmədim. Cim dedi ki, Kair alçaq sahildədir. Mən isə bunu yadımdan çıxartmışdım. Gündüz dayanmaq üçün sol sahilə yaxın olan, kollu-koslu kiçik bir ada seçdik. Mən bəzi şeylər haqqında düşünüb fikirləşməyə başladım. Cim də düşünürdü. Mən dedim: 


- Bəlkə biz həmin dumanlı gecədə Kairi ötüb keçmişik?
 - Hek, gəl bu haqda danışmayaq, - deyə Cim dilləndi, - yazıq zəncilərin bəxti heç vaxt gətirmir. Mən belə də düşünürdüm, bilirdim ki, ilan qabığı bizi hələ çox bəlaya salacaqdır. 
- Cim, kaş onu heç görməyəydim! Kaş heç mənə rast gəlməyəydi! 
- Sənin günahın yoxdur, Hek! Sən bilməmisən də, bundan ötrü özünü danlama! Hava tamam işıqlandıqda hər şey aydın oldu: sahilin yaxınlığından Oqayo çayının dupduru suyu axırdı, bundan o yana, çayın ortasına yaxın bulanıq su başlayırdı, bu elə köhnə Missisipi idi. Kair məsələsi çıxıb getmişdi işinə. Biz düşünməyə başladıq ki, nə edək. Sahilə çıxmağın heç bir mənası yox idi; salı axına qarşı da apara bilməzdik. Yalnız bu qalırdı ki, gözləyək, hava qaralan kimi qayıqla geri qayıdaq, hər nə olar, olar. Özümüzə qüvvə toplamaq üçün bütün günü kolların arasında uzanıb yatdıq, axşam qaranlığı düşdükdən sonra durub salın yanına gəldik, gördük ki, qayıq yoxdur! Biz xeyli vaxt susduq. Axı nə danışacaqdıq ki. Hər ikimiz çox gözəl bilirdik ki, ilan qabığı öz işini görür, boş-boş danışmağın isə heç bir mənası yoxdur. Yoxsa, yenə danışıb bəd fal açarıq, guya bizə bu azdır, sonra da dilimizi ağzımızda möhkəm saxlamağa öyrənməyincə bir-birinin ardınca bəd işlərə düçar olarıq. Sonra biz yenidən müzakirə edib bu qərara gəldik ki, salla çayaşağı üzək, əgər təsadüf edərsə, bir qayıq alaq və onunla geri qayıdaq. Əgər yaxınlıqda adam olmasaydı, adam gedib bir qayıq kirayə edə bilərdi, ancaq biz belə etmək istəmirdik, çünki sonra arxamızca düşüb bizi təqib edərdilər! Hava qaranlıqlaşdırda salla yola çıxdıq. İlan qabığını ələ götürməyin, nə qədər təhlükəli olduğuna, bizim başımıza gələn bu əhvalatlardan sonra inanmayan hər bir kəs aşağıda, onun başımıza daha nələr gətirdiyini oxuduqdan sonra buna mütləq inanacaqdır. 

 

Qayıqları adətən sahildə dayanan sallardan satın alırlar. Ancaq biz bələlik belə sallara rast gəlmədik, buna görə də hey gedirdik, gərək ki, üç saatdan artıq yol getmişdik. Qaranlıq bir növ boz rəngə düşmüş, çox kəsifləşmişdi, bu da çox murdar şeydir, dumandan heç də yaxşı deyildir, çünki çayın sahillərinin necə olduğunu seçə bilmirsən, uzaqlarda da heç bir şey görünmür. Artıq gecədən xeyli keçmişdi, hər yan sakitlik içərisində idi; birdən eşitdik ki, çayla üzüyuxarı paroxod gedir. Biz fənər yandırdıq, fikirləşdik ki, paroxoddan bizi görərlər. Alçaq paroxodlar adətən bizdən çox aralı gedirdilər; onlar say yerləri hərlənib keçir və axına qarşı mübarizə etməmək üçün qayalı sahillərin yaxınlığında durgun sular axtarırlar, belə gecələrdə isə onlar gəmi keçə bilən yerlə düz axına qarşı gedirlər. 


Biz paroxodun necə fısıldadığını eşidirdik, ancaq lap yaxınlaşıncayadək onu görmürdük. O düz bizim üstümüzə gəlirdi. Paroxodlar çox vaxt belə edirlər ki, görsünlər sala toxunmadan onun nə qədər yaxınlığmdan keçmək olar; bəzən paroxodun çarxı avara dəyib bir parçasını qopardır,, sonra isə losman başını irəli uzadıb qəhqəhə çəkir, öyünür ki, gör necə diribaşdır! Biz də elə düşünürdük ki, paroxod bizə toxunmadan, yaxınlığımızdan ötüb keçməyə çalışacaqdır, ancaq o düz bizim üstümüzə gəlirdi. Çox nəhəng paroxod idi, yanlarında işıldayan böcəklər düzülmüş qara bulud kimi sürətlə gedirdi; birdən o öz nəhəng və zəhmli gövdəsilə üstümüzə cumdu, sıra ilə düzülmüş açıq ocaqları közərmiş dəmir kimi parıldadı, nəhəng burnu isə lap başımızın üstünə qalxdı. Oradan bizi görüb çığırbağır saldılar, maşını dayandırmaqdan ötrü zəng çaldılar, söyüş və hədyan sözlər qopdu, fışıltı səsi eşidildi, Cim bir tərəfdən, mən də o biri tərəfdən suya atılan anda paroxod gurultu ilə düz salın üstündən keçdi. 


Mən suya baş vurdum, mümkün qədər dərinə cumdum ki, gedib çayın lap dibinə çatam, çünki otuz futluq təkər mənim üstümdən keçməli idi, mən çalışırdım ki, ondan aşağıda olum, mənə dəyməsin. Adətən suyun altında bir dəqiqə qala bilərdim, indi isə, gərək ki, dəqiqə yarım qalmışdım. Sonra tez suyun üzünə qalxdım, az qala nəfəsim kəsiləcəkdi. Sıçrayıb sinəmə qədər başımı sudan çıxartdım, suyu fınxırır va tüpürürdüm. Burada çayın axını, əlbəttə, çox güclü idi, paroxod da dayandıqdan təxminən on saniyə sonra yenə hərəkət edib getdi, çünki onlar salçıları adam yerinə qoymurlar; indi paroxod haradasa çox yuxarılarda fısıldayrdı, fısıltı səsini eşitsəm də qaranlıqda özünü görmürdüm. 

 

Mən Cimi ən azı iyirmi dəfə səslədim, ancaq ondan bir cavab ala bümədim; belə olduqda, əlimə keçən ilk taxta parçasından yapışıb onu öz qabağımca itələyə-itələyə sahilə üzdüm. Azca sonra ayırd etdim kı, axın burada sol sahilə tərəf dönür, bu isə o demək idi ki, mən çay pilləsinə düşmüşəm; buna görə sola döndüm. 

 

Bu çəpinə gedən və azı iki mil uzanan çay pilləsindən idi, odur ki, mən uzun müddət üzməli oldum. Nəhayət, sağ-salamat üzüb sahilə çataraq, sudan çıxdım. Qarşıda, demək olar ki, heç bir şeyi görmək olmurdu, ancaq mən, yol olmasa da düzünə getdim, dörddə bir milə qədər getdikdən sonra qaranlıq zülmət içərisində tirdən qayrılmış böyük bir qədim evə rast gəldim. Mən sakitcə evin yanından keçib kənara burulmaq istəyirdim, ancaq bu vaxt itlər üstümə tökülüşdü, ulayıb hürüşməyə başladı, mən tez fikirləşib yerimdən tərpənməməyi qət etdim.