Şeirlər

Zahid Xəlil. "Hərflər"

Əlifba kitabını
Açdı balaca Əsəd.
“A” hərfi söylədi:
- Məni yazmaq istəsən,
Sözlərimə əməl et.
Bir nöqtədə birləşən
İki qolum var mənim.
Ortamdan bir xətt keçir,
Sağım – solum var mənim.
“O” hərfi söylədi:
Təkərə oxşayıram.
“C” dedi ki, amma mən
Kəmərə oxşayıram.
“T” dedi: - Eh teleqraf
Ağacıyam elə bil.
Məni yazmaq, oxumaq
O qədər çətin deyil!
Əsəd dedi: - Dayanın
Axı, bu səs - küy nədir?!
Öyrənərəm bu gündən
Hamınızı birbəbir.