Odlar Yurdu

“Keşikçidağ” mağaralar kompleksi

Ağstafa rayonundakı Keşikçidağ mağaralar kompleksi uzaq-yaxın keçmişimizdən soraq verən, özündə sənətlərin sintezini yaşadan maraqlı abidədir. Bu unikal kompleksə bir qala, iki məbəd, ziyarətgah və sayı yetmişə çatan mağara daxildir.

 

Bu mağaralar kimə məxsus olub, nə məqsədlə yaradılıb? Tədqiqatçılar belə hesab edirlər ki, eramızın IV-V əsrlərində bu mağaralar ərazidə yaşayan bütpərəstlərin və atəşpərəstlərin əsas mərkəzi olub. Qafqaz Albaniyasında xristianlığın yayılması ilə burada yaşayan insanların da etiqadı dəyişməyə başlayıb.

 

 V-VI əsrə aid edilən daş keşikçi müdafiə qalasının və bir qədər sonralar ucaldılan iki məbədin memarlığına xas səciyyəvi xüsusiyyətlər onları qonşu gürcü və erməni məbədlərindən fərqləndirir və bilavasitə Alban abidəsi olduğunu təsdiqləyir. Ərazidəki mağara-məbəd kompleksi nə qədər əski tarixə malik olsa da, onların divarlarını bəzəyən freskaların XIX əsrdə çəkildiyi ehtimal edilir. Bu, bilavasitə 1836-cı ildə Alban katolikosluğunun Rusiya tərəfindən ləğv edilərək erməni qriqorian kilsəsinin tabeliyinə verilməsi ilə izah olunur.

 

Ərazidə yaşayan əhalinin böyük əksəriyyəti İslama tapındığından Keşikçidağa münasibət dəyişmiş və bura qonşu gürcülər ayaq açmağa başlamışdı. Xristian dininə aid mövzuların əks edildiyi freskalar da elə bu vaxtlar akvarellə çəkilmiş, sonra üzəri lakla örtülmüşdü.

 

Zaman və hadisələrin axarı Keşikçidağa münasibəti növbəti dəfə 21- ci əsrin əvvəllərində dəyişib. Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yaradılması barədə sərəncam imzalayıb. Bununla da xalqımızın tarixi-mədəni irsinin qorunması istiqamətində daha bir önəmli addım atılıb.