Nağıllar, hekayələr

Rafiq Ələkbəroğlu. Təcili qan lazımdır

- Mustafa, özünü ələ al. Yaxşı deyil müəllim bizə baxır. Bu, sadəcə, bir oyundur, ölüm-qalım mübarizəsi deyil ki!

 

Mustafa sinif yoldaşlarının sözlərinə əhəmiyyət vermirdi. O yalnız qalib gəlmək üçün oynayırdı. Qələbə əzmi onu bir an belə tərk etmirdi. Əlverişli şəraitdə qol vurmayanlara, vaxtında topu ötürməyənlərə qarşı amansız idi. Hər bir səhvə görə komanda yoldaşlarını kobud sözlərlə acılayırdı.

 

Zəng çalınanda şagirdlər dərindən nəfəs aldılar. Nəhayət, Mustafanın danlağından canları qurtarmışdı.

 

Paltardəyişmə otağında uşaqlar gözlərinin ucu ilə yorğun-yorğun Mustafaya baxırdılar. Səlim də pərt halda küncdə oturmuşdu. Bu oyunda o, Mustafanın komandasında qapıçı idi. Elə oyun başlar-başlamaz bir qol buraxdı. Buna görə Mustafa çox hirsləndi və hamının gözü qabağında onu acıladı. Səlim isə səsini çıxarmadı, kefi pozulsa da, oyuna davam etdi.

 

Onlar səkkizinci sinifdə oxuyurdular. Mustafa çox çalışqan, istedadlı, yaşıdları ilə müqayisədə cüssəli və qüvvətli idi. Hər işdə öndə olmağa can atırdı. Qrup işləri zamanı çox vaxt o, liderlik edirdi. Çox zaman da onun rəhbərlik etdiyi qrup qalib çıxırdı. Amma vay o gündən ki, uduza idilər.

 

Səlim Mustafa ilə bir parta arxasında otururdu. Sakittəbiətli, başıaşağı, başqalarından heç nə ilə fərqlənməyən uşaq idi. Sinifdəki bir çox başqa uşaqlar kimi, o da Mustafanın liderliyini sözsüz qəbul edir, hətta ona bir qədər pərəstiş də edirdi. Səlim bugünkü oyunda məğlubiyyətin əsas səbəbkarı sayılırdı. Ona görə də komanda yoldaşlarının, xüsusilə Mustafanın qarşısında özünü günahkar hiss edir, çox pərt görünürdü.

 

Həmin gün dərslər bitənə qədər Mustafa Səlimi dindirmədi. Məktəbdən çıxıb evə yollananda heç sağollaşmadı da.

 

Evə çatanda qapının zəngini basdı. Anası qapını açan kimi içəri keçib çantanı çiynindən atdı və dedi:

 

-Yaman yorulmuşam, ana. Yeməyə nə var?

 

Ana yeməyi qızdırmaq üçün mətbəxə keçdi. Mustafa isə paltarını dəyişib əlini yudu. Yemək masasının arxasına keçib pultla televizorun səsini qaldırdı. Diktorun səsi otağa yayıldı:

 

- Bir elanı nəzərinizə çatdırmaq istəyirik. Şəhər klinik xəstəxanasına gətirilmiş ağır xəstə üçün 3-cü mənfi qan qrupundan olan donor qanına ehtiyac var. Qan vermək istəyənlərin təcili xəstəxanaya gəlməsi xahiş olunur. Təkrar edirəm...

 

“Deyəsən, mənim qan qrupum da 3-cü mənfi qan qrupudur, - Mustafa düşündü. - Həkim deyirdi ki, bu, nadir qan qrupudur. Bəlkə, gedim, mən də qan verim? Xəstəxana lap yaxındadır. Xeyirxah iş görmüş olaram”. Sonra fikrindən daşındı: “Əşi, şəhərdə təkcə mənim qanım 3-cü mənfi qan qrupundan deyil ki... Birdə ki mən uşağam. Uşaqlardan qan götürmürlər”.

 

Boşqaba yemək çəkən ana altdan-altdan Mustafaya baxıb dedi:


-Yaman fikirli görünürsən. Yenə kim qanını qaraldıb?


- Var da... Bir oyunda qapısından üç top buraxan fərsiz adamlar.


- Həəə, belə de. Deməli, futbolda uduzmusan?


- Səlim kimisi qapıda dayananda uduzaram da!


- Hansı Səlim? Gülnazın oğlunu deyirsən? Nə olub ki ona? Gül kimi oğlandır; tərbiyəli, qanacaqlı...

 

- Hə, çox tərbiyəlidir. O qədər tərbiyəlidir ki, üstünə gələn topdan da utanır. Topu görən kimi o dəqiqə kənara çəkilib deyir: “Xoş gəlmisən, ay top, buyur, keç içəri. Gözüm üstə yerin var".


Ana başını buladı:

 

- Oğlum, insana yalnız futbol oynamaq bacarığına görə qiymət vermək düzgün deyil. Bəlkə, onun elə cəhətləri var ki, çoxlarından üstündür?

 

Mustafa ikrahla üz-gözünü turşutdu:

 

- Kimin? Səlimin? Ay-hay!

 

Bir az sonra telefon zəng çaldı. Ana telefona cavab vermək üçün dəhlizə keçdi. Birdən oradan ananın həyəcanlı qışqırığı eşidildi:

 

-Vay! Evim yıxıldı!


Mustafa cəld dəhlizə qaçdı:


- Nə olub, ana?!


-Atanı maşın vurub! Xəstəxanadadır...

 

Zəng edən Səlimin anası Gülnaz xala idi. O, Mustafa ilə anasını xəstəxananın qarşısında gözləyirdi. Onları çox təlaşlı görüb sakitləşdirməyə tələsdi:

 

- Kişi indi əməliyyatdadır. Daha təhlükə sovuşub, narahat olmayın.

 

- Gülnaz, bəs sən haradan bildin? - deyə Mustafanın anası soruşdu.

 

Gülnaz xala yanında sakitcə dayanmış oğlu Səlimi göstərib dedi:

 

- Səlim məktəbdən gəlib televizora baxırdı. Birdən qayıtdı ki, bəs deməzsənmi, xəstəxanada bir yaralının qana ehtiyacı var. Dedi ki, onda da həmin qan qrupudur. Əl çəkmədi ki, dur gedək, mən qan verim. Elə bil uşağın ürəyinə damıbmış ki, dostunun atasıdır. Tez bura gəldik. Uşaq olduğuna görə Səlimdən qan götürmək istəmirdilər, amma o, iki ayağını bir başmağa dirədi ki, almalısınız, vəssalam. Başqa donor yox idi deyə həkimlər razılaşdılar... Yaralının kim olduğunu bilmirdik. İçəridən çıxandan sonra Səlim dedi ki, Mustafanın atasıdır.

 

Mustafanın anası Səlimin avazımış üzündən öpdü və dedi:

 

- Allah ürəyincə versin, oğul. Sən olmasaydın, dostun atasız qala bilərdi. Elə indicə Mustafa ilə sənin haqqında danışırdıq. Ürəyimiz bir imiş.

 

Bunu deyib ana oğlunun üzünə baxdı. Mustafa başını aşağı saldı...