Bu maraqlıdır!

Xalça naxışları

Təbiətimizin təravəti hopan xalçalar öz əlvanlığı və simvol zənginliyi ilə digər məişət əşyalarından fərqlənərdi.

 

İnsan dünyanı necə gördüyünü, elin həyat tərzini bu xalça çeşnilərində simvolların şərti dili ilə həkk edərdi. Xalçanın ruhu — onun naxış və rəngindədir. Hər naxışın öz adı, öz mənası olardı.

 

Naxış elementlərinə diqqət yetirsəniz görərsiniz ki, təbiətdə belə bitki, quş və heyvan mövcud deyil. Onlar stilizə olunmuş simvol və işarələr dünyasıdır.

 

Stilizə (stilizasiya, üslub) — obyektin formasını şərti olaraq, yaraşıq məqsədilə dəyişdirməkdir. Bu zaman ikincidərəcəli elementlər itir, əsas detallar isə qabardılır. Yəni stilizasiya — şərti ifadə üslubudur, obyektin sadələşdirilmiş (ümumiləşdirilmiş) təsvir dilidir.

 

Azərbaycan xalçalarını bəzəyən haşiyə — naxış zolaqlarında müxtəlif təbiət və həndəsi motivlər təsvir olunur və xalçanın kompozisiyasını tamamlayır. Stilizə olunmuş heyvan, quş və bitki təsvirləri bu haşiyələrin əsas elemenləridir.