Bu maraqlıdır!

Fənər qədim dövrlərdən bu günə qədər necə dəyişib?

Fənər qaranlıq düşəndən sonra evləri və ya küçələri işıqlandırmaq üçün qədim dövrlərdən bu yana istifadə olunub. O, həm məişətdə, həm də dini mərasim və təntənəli tədbirlərdən tutmuş müxtəlif məqsədlər üçün istifadə edilib. 


Orta əsrlərdə fənərlər şəffaf divarları olan və alovu küləkdən qoruyan xüsusi silindrlərə yerləşdirilmiş yanan şamlardan ibarət idi. Fənər və ya ləmpə adlandırılan bu qurğu hansısa bir yanacaq növünə uyğunlaşdırılırdı. Məsələn, şimal torpaqlarında yaşayan qədim insanlar əsas işıq mənbəyi kimi yanacaq qismində balina yağından, Azərbaycanda isə hələ XIX yüzillikdə kerosindən istifadə edirdilər.


Fənərin adı ilk dəfə Empedoklun qədim yunan yazılarında çəkilir. Şübhəsiz ki, Misirin və Çinin daha əvvəlki sivilizasiyalarında da fənərlərdən istifadə olunub. Məsələn, qədim Çində və Yaponiyada onlar kağız və ya ipəkdən, karkası isə adətən müxtəlif ağac növlərindən və bambukdan hazırlanırdı. Belə fənərin mərkəzində şam yerləşirdi. Müasir kağız fənərlərdə canlı alov yerinə batareya ilə işləyən ləmpədən istifadə olunur.


Avropada insanlar hələ XV əsrin əvvəllərində küçələri işıqlandırmağa cəhd göstəriblər. İlk dəfə Londonun meri Henri Barton belə təşəbbüslə çıxış edib. Onun göstərişi ilə Britaniya paytaxtının küçələrində qış mövsümündə qaranlıqda istiqaməti tapmağa kömək edən fənərlər quraşdırılıb. Bir müddət sonra fransızlar da şəhər küçələrini işıqlandırmağa çalışıb. XVI əsrin əvvəllərində Paris küçələrinin işıqlandırılması üçün şəhər sakinlərinə pəncərələrə işıqlanma ləmpəsi qoymaq tapşırılıb. 1667-ci ildə isə XIV Lüdoviq küçə işıqlandırılması barədə fərman imzalayıb. Nəticədə Paris küçələri çox sayda fənərlərlə aydınlanıb, XIV Lüdoviqin çarlığı isə parlaq adlandırılıb.


Tarixin ilk küçə fənərlərində şam və yağdan istifadə edilib, buna görə də işıqlanma tutqun olub. Zaman keçdikcə kerosindən istifadə nəticəsində parlaqlıq bir qədər artıb. Lakin bu da kifayət etmirdi. XIX əsrin əvvəllərində qaz fənərləri peyda oldu ki, bu da işıqlanma keyfiyyətini xeyli yüksəltdi. Fənərlərdə qazdan istifadə edilməsi ideyası ingilis ixtiraçısı Uilyam Merdoka məxsusdur.


Bizə tanış olan metal və şüşədən hazırlanan fənər növləri XVIII əsrdən istifadə olunur. Sonradan onları elektrik fənərləri əvəzləyib. Onlar həm küçələrin işıqlandırılmasında, həm də portativ işıqlandırma qurğuları qismində istifadə olunur. Çoxumuzun daşına bilən işıq mənbəyi kimi batareya ilə işləyən rahat cib fənərləri var. Onlar gecə vaxtı yol gedəndə, həmçinin evə gec qayıdanda əvəzolunmaz vasitədir və elektrik enerjisi kəsiləndə köməyimizə çatır.