Şeirlər

Tofiq Mahmud. Talıstan

Talıstanda yada sal

Şair Səməd Vurğunu,

Çünki ilk dəfə yazıb,

Göyə qaldırıb onu!

Meşəbəyi bağlanıb 

Ürəkdən peşəsinə,

Uşaqlıqdan vurğundur

Talıstan meşəsinə.

Meşə elə böyük ki,

Nə ucu, nə bucağı,

Mehribandır həmişə

Onun ana qucağı!

Meşəbəyi bu yerin

Hər yanına bələddir.

Bu iş - bəlkə, dünyada

Ən çətin bir sənətdir.

O gedəndə meşənin

Ən qalın bir yerinə,

Sanki təzə yer görür,

İnanmır gözlərinə.

Bir-birinə bənzəməz

Gözəl talaları var,

Yolları, dolayları,

Qədim qalaları var!

İllərin, əsrlərin

İzləri var bu yerdə

Yaşayıbdır Cavanşir-

Unudulmaz sərkərdə!

Elə igid olub ki,

Azərbaycan balası,

İndi durur bu yerdə

Onun böyük qalası!

Meşənin yarğanları,

Meşənin dərələri,

Ürəkdə, yadda qalan

Gözəl mənzərələri!

Burda şəlalə var ki,

Bir parça bulud kimi,

Dərinlikdə gizlənib

Ağaclar sükut kimi!

Talıstan-

Yaşıl dastan!

Yaşıllıqdır nəfəsi

Onun hər səhifəsi!

Gecə-gündüz,

Hər zaman

Eşidilir nəğməsi!

Yurdumuzun ən gözəl

Guşəsidir guşəsi,

Dağlara doğru qalxan

Bu Talıstan meşəsi!

Meşəbəyi qəlbitək

Öyrənib Talıstanı,

Uşaqtək əzbər bilir

Yaşıl səsli, nəfəsli,

Gözəl, canlı dastanı!