Şeirlər

İlyas Tapdıq. Armud

Dağın yamacı... 
Yamacda bitib 
Armud ağacı. 
Bıtraq kimidir 
Ağacda armud, 
Düşsə gillənər 
Yamacda armud.
Ayı armudu 
Görüb sevindi,
Mayallaq vurdu:
Armud mənimdi! 
Armud mənimdi!!

 

 

Budaqlarını çəkib əyərəm, 
Çıxıb başına,
Bir-bir yeyərəm! 
Qarğa armudu 
Görüb sevindi: 
Qar-r-alıb budur,
Armud mənimdi! 
Q-armud mənimdi!!
Xətrim istəsə dimdikləyərəm, 
Qonub budağa 
Bir-bir yeyərəm.