Nağıllar, hekayələr

Heraklın on iki qoçaqlığı. Birinci qoçaqlıq. "Heraklın Nemey şirini öldürməsi"

Nemey adi şir deyildi, bədheybət, nəhəng, sehrli bir yırtıcı idi. Bu şir Kleana kəndinin yaxınlığında, Nemey dərəsində yaşayırdı. O tez-tez ətrafdakı kəndlərə hücum edir, hamını vahimə içində saxlayırdı.

 

Herakl cəsur olduğu qədər də ehtiyatlı və tədbirli idi. O, birbaşa şirin üstünə getmədi, əvvəlcə yerli əhalidən bu vəhşi heyvan barədə məlumat toplamaq qərarına gəldi. Bu məqsədlə Kleana kəndinə gəlib çıxmış Herakl kəndin kənarındakı bir daxmanın qapısını döydü.

 

Bu yoxsul evdə Molarx adlı bir kəndli yaşayırdı. Herakl gecəni onun yanında qaldı. Mehriban insan olan Molarx şam üçün saxladığı bir parça boyat çörəyi və bir fincan turş şərabı ortaya qoydu. Onlar birlikdə şam etdilər. İri cüssəli cəsur cəngavərin bu yerlərə hansı məqsədlə gəldiyini eşidəndə Molarxı elə bil ildırım vurdu, nitqi qurudu. Qorxudan rəngi ağappaq ağarmış kəndli Heraklın qarşısında diz çöküb ona yalvarmağa başladı:

-Ey igid, gəl, sən bu fikirdən əl çək. Bu şir çox güclü və qorxunc bir heyvandır. Onun dərisi daşdan da bərkdir. O, yekə çay daşlarını ağzına salıb asanlıqla gəmirir.

 

Molarx onu da dedi ki, bu qorxunc şir çox dərin, zil qaranlıq bir mağarada yaşayır, üstəlik də bu mağara tilsimlidir; nə qədər ki şir mağaradadır, ona nə nizə, nə qılınc, nə də ox batmır...

 

Molarx əmin idi ki, Nemey şirini öldürmək istəyən Herakl, əslində, özü ölümə gedir. Bu cavan cəngavərə yazığı gəldiyindən Molarx onu fikrindən daşındırmağa çalışırdı. Ancaq görəndə ki, Herakl öz niyyətindən dönmək fikrində deyil, ev sahibi kədərli-kədərli dedi:

-Ey cəngavər, bir halda ki, mənimlə razılaşmırsan, onda dinlə, gör nə deyirəm! Bu gün kəndimizin camaatı böyük Zevsə qurbanlar kəsəcək. İstəyirsənsə, mən də qurban kəsim ki, Zevs səni bu qorxunc heyvandan hifz etsin.

 

Herakl  bu sözlərə gülümsəyərək cavab verdi:

-Molarx, sən çox yaxşı adamsan. Amma səbr elə, qurbanını mən Nemey şirini öldürdükdən sonra kəsərsən. Otuz gün məni gözlə. Əgər bu müddət ərzində mən şirin dərisini gətirsəm, uğurlu ov üçün birlikdə Zevsə şükürlər edərik. Otuzuncu gün gəlib çıxmasam, onda bil ki, ölmüşəm və mənim üçün yas saxlayıb dua et.

Herakl bu sözləri deyib ayağa qalxdı, öz polad dəbilqəsini başına qoydu, qılıncını bağladı və xudahafizləşib daxmadan çıxdı.

Molarx onu Astanaya qədər ötürdü. O, uzun müddət qapıda durub qəmli-qəmli başını buladı. Dünya görmüş qoca bu igid qonağını bir daha görməyəcəyinə əmin idi.

 

Molarx iyirmi doqquz gün iztirab içərisində gözünü Heraklın getdiyi yola dikdi. Qoca kəndli hər gün səhər açılandan gecə düşənədək astanada oturub Heraklın yolunu gözləyirdi. Amma qorxmaz qəhrəman təhlükəli səfərdən dönmürdü ki, dönmürdü.

 

Nəhayət, otuzuncu gün gəlib yetişdi. Gün keçdi, axşam oldu, amma Herakldan soraq çıxmadı. Molarx yəqin etdi ki, qonağı Nemey şirinə yem olub. Əlacı kəsilmiş kişi əllərini yudu və sözləşdikləri kimi, həlak olmuş qəhrəman üçün qurban kəsməyə hazırlaşdı. Elə bu zaman qapı bərkdən döyüldü. Molarx gələn adamın Herakl olduğunu düşünüb sevinc içində qapıya doğru qaçdı. İçəriyə Molarxın tanımadığı yad bir adam girdi. Naməlum qonağın əynində qara rəngli ağır bürüncək, başında isə qəribə dəbilqə vardı. Saçları çiyinlərinə tökülmüş sıx saqqallı yad adam xırıltı və kobud səslə dedi:

-Əgər Molarx sənsənsə, hələ qurban kəsmə, çünki Herakldan sənə xəbər gətirmişəm.

 

Molarx bu adamın qara bürüncəyinə və topa saqqalına baxıb düşündü ki, bu qəfil qonaq, yəqin, meşə ilahının özüdür. Qorxudan Molarxın dili tutuldu, heysiz halda səndələ çökdü. Yerində quruyub dəhşətli qonağı dinləməyə hazırlaşdı.

Qonaq öz nəhəng bədənilə ocağın qabağını kəsərək daxmanı qaranlığa qərq etmişdi. Molarx onun üzünü yaxşı görə bilmirdi, çox yaxın durmağa da cəsarəti çatmışdı.

Sükutu qonağın qorxunc səsi pozdu:

-Herakl sənin yanından gedəndən bir az sonra gecənin qaranlığına düşdü. O, tez-tez arxaya boylanırdı, qorxurdu ki, Nemey şiri kolların içindən sıçrayıb arxadan onun üzərinə atılsın...

 

Qonağın xırıltılı səsini dinləyə-dinləyə Molarx düşündü ki, yəqin uzaq yol gələn meşə ilahı yorulub əldən düşüb. Buna görə də ev sahibi ayağa qalxıb özü üçün saxladığı şərabı son damlasınadək piyaləyə süzdü, dinməz-söyləməz qonağın qabağına qoydu. Qonaq şərabı birnəfəsə içib dodaqlarını əlilə sildi və hekayəsinə davam etdi:

-Dan yeri ağaran zaman Herakl gəlib Nemey meşəsinə çatdı. Şir buradakı ağacların arasında gizlənə bilərdi. Odur ki, Herakl diqqətlə ətrafa baxmağa başladı. Amma heç bir şey görmədi. Bu zaman Herakl Nemey şirinin dərisinin daşdan da bərk olduğunu xatırladı. Ona demişdilər ki, heyvana nə ox, nə də qılınc batmır. Odur ki, Herakl daha etibarlı silah düzəltmək qərarına gəldi. Bu məqsədlə o, cavan bir palıd ağacını kökündən çıxarıb budaqlarını kəsdi, özü üçün dəmir kimi möhkəm bir toppuz hazırladı. Həmin  toppuz budur, baxa bilərsən.

 

Bu sözləri deyib qonaq yekə bir dəyənəyi Molarxa uzatdı. Molarx ehmalca ondan yapışdı, lakin ağır olduğundan qaldıra bilmədi. Öz-özünə düşündü ki, əgər meşə ilahı Heraklın toppuzunu ona görsədirsə, deməli, yolunu gözlədiyi cəsur cəngavər artıq dünyada yoxdur. Qonaq gülümsəyərək dəyənəyi qıçlarının arasına qoydu və sözünə davam etdi:

-Herakl toppuzunu düzəltdikdən sonra ağaca dırmaşıb dərin yuxuya getdi. On gün, on gecə yatıb Nemey şiri ilə çarpışmaq üçün qüvvə topladı. Nəhayət, Herakl yuxudan ayıldı və şirdən səs-səmir gəlmədiyini görüb onu axtarmağa yollandı. Meşədən təzəcə çıxmışdı ki, yolun kənarındakı təpənin üstündə daşdan yonulmuş nəhəng bir şir gördü. Herakl fikirləşdi ki, yəqin, bu qəribə heykəli ətraf kəndin sakinləri daşdan yonublar. O, arxayın-arxayın dayanıb ustalıqla hazırlanmış bu heykələ tamaşa etməyə başladı. Lakin qəfildən bu dəhşətli “heykəl” daş başını qaldırdı və qorxunc bir nərə çəkərək sıçrayıb ayağa qalxdı. Herakl diksindi, amma qorxmadı. Dərhal qızıl oxu çıxarıb kamana qoydu. Bu müdhiş heyvanın gözünü nişan alıb oxu atdı. Nemey şiri tez gözünü yumdu, qızıl ox heyvanın zireh kimi möhkəm göz qapağına dəyərək şimşək kimi parıldadı və cingilti ilə yerə düşdü. Onun parıltısından gözləri qamaşan əcaib şir nərildəyə-nərildəyə meşə boyunca qaçmağa başladı. Herakl onun dalınca daha bir ox atdı, lakin bu ox da şirin daş kimi dərisinə dəyib yerə düşdü. Şir sürətlə qaçıb təpələrin arasında gözdən itdi.

 

Herakl yerə düşmüş oxları qaldırıb heyrətlə başını yırğaladı. Bu oxları ona hərb ilahı Apollon hədiyyə etmişdi. Oxların bürünc ucları əzilib yastılanmışdı. O, kamanı çiynindən asdı və nəhəng toppuzu möhkəm tutaraq şiri təqib etməyə başladı. Yırtıcı heyvanın gözlənilməz qorxaqlığı onu təəccübləndirmişdi. Amma Herakl Nemey şirinin təkcə yırtıcı deyil, həm də hiyləgər olduğunu yaxşı bilirdi. Odur ki, ehtiyatı əldən vermirdi, şirin pusquda durub qəfildən onun üzərinə atılacağından çəkinirdi. Ancaq şirdən heç bir səs-səmir yox idi, onun nəhəng ləpirləri isə Nemey dərəsinə doğru gedərək birdən-birə yoxa çıxırdı.

 

Ətrafı xeyli gəzib dolaşan Herakl, nəhayət, gəlib hər tərəfi kolluqlarla örtülü uca bir dağa yetişdi. Qayalara dırmaşdı, kolların arasını axtardı, ancaq şiri tapa bilmədi. Artıq gecə düşürdü. Şir qaranlıqda üstünə atılmasın deyə, Herakl tonqal qalayıb səhərin açılmasını gözlədi. Birdən uzaqdan heyvanın boğuq nəriltisini eşitdi. Ancaq gecənin qaranlığında şirin özü görünmürdü. Herakl səbrlə gözlədi, bir azdan ay buludların arasından çıxıb ətrafı işıqlandırdı və o, şiri gördü.  Qorxunc heyvan dağın başında durub alovlanan tonqala sarı baxırdı. Herakl dərhal toppuzunu götürüb dağa dırmaşmağa başladı. Amma ora çatanda şirdən əsər-əlamət belə görmədi, sanki o, yerə batıb yox olmuşdu.

 

Herakl bütün gecəni şiri axtarıb yenə tonqalın yanına qayıtdı. Sübh günəşinin şəfəqləri ətrafı işıqlandıranda şir qəfildən yenə peyda oldu. Herakl nərə çəkib heyvanın dalınca cumdu. Şir dağa tərəf qaçıb yenə də gözdən itdi. Herakl sürətlə şirin dalınca qaçdığı zaman dağın ətəyindəki  kolların arasında bir mağara gördü. Şirin burada gizləndiyini güman edərək, kolları araladı, irəli şığımaq istədi, amma qəfildən dayandı. Mağara rütubətli, qaranlıq və çox darısqal idi. Burada nəhəng toppuzla vuruşmaq çətin olardı. Bu yerdə Heraklı qorxu bürüdü...

-Sən düz demirsən,- deyə bayaqdan maraqla qulaq asan Molarx qonağın sözünü kəsdi. –Herakl qorxaq deyildi.

 

Qonaq gülümsəyib cavab verdi:

-Elədir, mehriban Molarx, ancaq bununla belə, Heraklın canına üşütmə düşdü, çünki mağaranın lap içərilərində yırtıcı şirin bir cüt yamyaşıl, qorxunc gözlərini gördü və tez-tələsik mağaranı tərk etdi. Əziz Molarx, istəməzdim ki, sən də nə vaxtsa bu cür dəhşətli gözlər görəsən.

 

Molarxın səbri çatmadı, qonağın sözünü kəsməli oldu:

-Ey qərib yolçu, məni üzmə, de görüm, Herakl sağdır, yoxsa yox?

Qonaq yenə mənalı-mənalı gülümsəyərək dedi:

-Yaxşı olar ki, səbrini basıb ardını dinləyəsən. Deməli belə, şir Heraklın qorxduğunu duycaq mağaradan çıxaraq onun üzərinə sıçramaq istədi. Amma Herakl ona imkan vermədi, tonqaldan yanan ağaclardan bir böyüyünü götürüb onunla şiri qorxutmağa başladı. Şir geri çəkildikcə, Herakl da onu təqib edirdi. Mağaranın içərisinə doğru getdikcə, mağara tağlarının tədricən hündürləşdiyini, içərinin bir qədər genişləndiyini gördü. Herakl elə toppuzunu qapıb şiri vurmaq istəyirdi ki, qəflətən şir qayanın arxasına keçərək yox oldu. Onun dalınca cuman Heraklın gur işıqdan gözləri qamaşdı. Bu, günəşin işığı idi. Herakl başa düşdü ki, hiyləgər heyvan öz mağarasına iki tərəfdən də yol açıb.

 

Herakl sürətlə dağı hərlənib birinci yoldan yenə mağaraya girdi, sonra yenə də ikinci yoldan çölə çıxaraq birinci yola tərəf qaçdı. Bu minvalla, Herakl gecə yarısınadək dövrə vuraraq şiri qovmaqla məşğul oldu və nəhayət, anladı ki, bir hiylə qurmasa, şiri çətin ki, tuta bilə. Xeyli düşünüb-daşındıqdan sonra mağaranın birinci girəcəyinin ağzında böyük bir tonqal qaladı ki, şir oradan çıxa bilməsin. Özü isə dərhal ikinci girişə sarı cumub səhərədək ora iri qaya parçaları daşıdı, ta ki, mağaranın ağzı tamam tutuldu. Beləliklə, Herakl şirin ikinci yolunu da kəsdi.

 

Dan yeri ağarar-ağarmaz Herakl mağaranın birinci yoluna qayıtdı və tonqaldakı iri kösövlərdən birini götürüb yelləyə-yelləyə  içəridə gizlənmiş şirə doğru irəlilədi. Hər tərəfdən yolnun kəsildiyini görən şir geri dönüb qorxunc bir nərilti ilə Heraklın üstünə atıldı.

 

Bunu eşidən Molarx yerindən sıçradı. Qonağın qolundan yapışıb:

-Qərib!- deyə çığırdı.- Əgər sən hər şeydən xəbərdar ilahsansa, de görüm, Herakl sağdırmı?!

 

Ancaq qonaq heç tövrünü pozmadı, onun əlini kənara çəkib sakitcə dilləndi:

-Tələsmə, mehriban Molarx... Herakl toppuzunu qaldırıb var qüvvəsilə şirin başına vurdu. Nemey şiri Heraklın qarşısında yerə sərildi. Lakin o, son qüvvəsini toplayıb ayağa qalxmağa çalışırdı. Şirin qalxdığını görən Herakl iki əlilə onun boğazından yapışıb var gücü ilə sıxdı.

- Ürəyimi üzmə, qərib, de görüm, Herakl haradadır? –Molarxın gözlərində sevinc yaşları göründü.

 

Qonaq bərkdən gülüb dedi:

-Herakl şiri öldürdükdən sonra qoca Molarxın yanına yollanıb Nemey şirini necə ovladığını ona yerli-yataqlı danışdı.

 

Bunu deyən qonaq ocaqda yanan bir odun parçasını götürüb öz üzünü işıqlandırdı. Molarx heyrətindən çığırdı. Onun qarşısındakı Herakl idi. Otuz gün içərisində onu saqqal basmış, saçları çiyninədək uzanmışdı. İndi o, qorxunc meşə ilahına bənzəyirdi. Herakl başına dəbilqə əvəzinə Nemey şirinin başını keçirmiş, bədəninə isə bu müdhiş heyvanın zireh kimi sərt daş dərisini örtmüşdü...

 

Heraklla Molarx birlikdə Zevsə dua edib qurban kəsdilər.

Mehriban və qayğıkeş ev sahibi ilə sağollaşan Herakl şirin dərisini də götürüb Evrisfeyin sarayına doğru yol aldı. Sarayın qarşısında dayanıb hökmdara xəbər göndərdi ki, Nemey şirinin dərisini gətirib. Heraklın qayıtdığından xəbər tutan Evrisfey qorxusundan və paxıllıqdan əsim-əsim əsməyə başladı. Ancaq marağı qorxusuna üstün gəldi, odur ki, əsabələrini yığıb hökmdarlara xas vüqarla şirin dərisinə tamaşa etməyə yollandı. Amma Evrisfey şirin ağzıaçıq qorxunc başını görüncə hökmdarlıq vüqarını tamam unutdu. O, qorxusundan üzünü əlləri ilə örtərək sarayın içinə qaçdı. Oradan Herakla xəbər göndərdi ki, bundan sonra öz ovunu saraya gətirməsin, sarayın qarşısındakı hündür təpənin üstündən görsətsin.

 

Evrisfey bütün gecəni yatmadı. Heraklın şirə qalib gəlib sağ-salamat qayıtması onu özündən çıxarmışdı. Bu bir yana qalsın, Evrisfeyin hamıdan çox özünə acığı tuturdu. Bu gün o, Heraklın və saray əyanlarının gözü qabağında özünü ələ ala bilmədi, qorxaqlığını büruzə verdi, Arqos hökmdarı bir ölü şirdən qorxdu! Neyləsin, onu da anası belə doğmuşdu! Heraklı ölümə göndərib özünə ad-san qazanmaq istədiyi yerdə hər şey əksinə oldu. İndi hamı Heraklın qəhrəmanlığından, onun qorxaqlığından danışacaq. Evrisfey yatağında qovrula-qovrula düşünüb-daşınır. Heraklı gedər-gəlməzə göndərmək üçün bir yol axtarırdı. Səhərə yaxın onu yuxu apardı.

 

Bu gecə yer üzündə Evrisfey qədər qovrulan var idisə, o da Hera idi. İlahdan törəmiş bir insan oğlu ona qalib gəlirdi. O isə heç nə edə bilmirdi.

Qəzəbli Hera yenə Evrisfeyin yuxusuna girib məsləhət gördü ki, Heraklı zəhərli Lerney bataqlığında yaşayan qorxunc əjdahanı öldürməyə göndərsin.

Evrisfey dərhal yatağından sıçradı və əmr etdi ki, Herakl yubanmadan Lerney bataqlığına yollansın və oradakı doqquz başlı əjdahanı öldürsün.

 

(Ardı var...)