Şeirlər

Mikayıl Müşfiq. “Buludlar”

O zaman ki, üfüqlərə bəziniz dalar

Qəlbən sizi pək sevərim, yolçu buludlar.

Bu gün yenə

Əllərimi sizə doğru qaldırdım,

Bu əməldən nə saldırdım?

Əvət, heç nə!

Tutqunsunuz, qəlbinizdə yoxsa varmı sancınız?

Bu hərcayı gəzişdən nədir ya qazancınız?

Buludlar, buludlar,

Pərişan buludlar,

Başımın üstündə kişnəyib

Yarışan buludlar!

Bəziniz çox kəsif,

Bəziniz pək xəfif

Buludlar, ey dolğun qədəhlər,

Göylərin ovcunda bir yel əsincə titrər,

Əsərsiniz

Nədən siz?

Sizi ruzgarmı çaldı, onunçunmu soldunuz?

Onunçunmu dəyişdiniz, darmadağın oldunuz?

Qaçdınız ağlaya-ağlaya,

Döndünüz bir şəffaf parçaya.

Bəziniz çox yüngül efir qanadlı,

Bəziniz paslanmış dəmir qanadlı,

Nə bu qadar göy üzündə gəzərsiniz?

Özünüzdən çıxan zaman,

İzinizdən çıxan zaman

Həqiqətən sevgilimə bənzərsiniz!

Ey coşqun gəncliyim, ey havalı quş,

Oxuduğum şərqi dinlənməz olmuş.

Ey şeir yazmaqla keçən günlərim,

Siz ki ən vəfalı günlərimsiniz.

Baxıb buludlara gülümsəməkçin,

Sevgi nəğmələri bəstələməkçin

 

 

Mənə müsaidə verərmisiniz?

Çünki keyfim kökdür, damağım çağdır,

Şimşək çaxdırmaya mən də hazıram,

Buludlar başında partlayacaqdır,

Könlümdə qıvrılan böyük ildırım.