Şeirlər

Xəlil Rza Ulutürk. "Azərbaycan"

Gəzdim sənin çöllərini
Oba-oba, oymaq-oymaq.
Nə gözəlmiş qoynun sənin,
Ana torpaq, ana torpaq!

 

Astarada, Lənkəranda
Limonların rəngi sarı,
Süfrələrin bəzəyidir
Kürdəmirin qızıl narı.

 

Kür üstündə, göy Xəzərdə
Vətəgələr nə gözəldir!
Tora düşən balıqların
Ağ pulları sanki zərdir.

 

Seyr edirəm Abşeronun
Səhərini, axşamını.
Çox sevirəm burda bitən
Bal ənciri, ağ şanını.

 

Qızıl Quba, qızıl Qusar
Xatırladır ilk baharı.
Bağlarının şöhrətidir
Gül yanaqlı almaları.

 

Zaqatala qoruğunda
Cüyür-ceyran sürü-sürü.
Baxdıqca bu gözəlliyə
Uzanmazmı insan ömrü?

 

Mingəçevir dənizindən
Neçə-neçə kanal gəlir.
Bağ-bağatlı Şirvanla bir
Ağ pambıqlı Muğan gülür.

 

Gör nə qədər filiz yatır
Daşkəsənin dağlarında.
Xan çinarlar göyə qalxır
Qədim Gəncə bağlarında.

 

 

Çıxdım Şuşa yaylağına,
Çeşmələrdə gözüm qaldı.
Endim İsa bulağına,
Cığırlarda izim qaldı.

 

Kəlbəcərin dağlarında
Durub baxdım al səhərə,
Yerdə əlvan çiçəklərə,
Göydə qızıl şəfəqlərə.

 

Dərələrin gül beşiyi
Təpələrin gül dağıdır.
Səni belə gözəl edən
Azərbaycan bayrağıdır!