Bu maraqlıdır!

Əsrarəngiz güzgülər aləminə səyahət. 3 hissə

Kimyagərlərdən ipucu
 
XVI əsrdə şüşə güzgülərin hazırlanmasının yeni üsulu icad edildi. Buna orta əsrlər dövrünün kimyagərləri kömək etdilər. Onlar adi metalları qızıla çevirən sehrli “fəlsəfə daşı”nı yaratmağa çalışır, bu işdə civəyə böyük ümid bəsləyirdilər. Doğrudur, civənin köməyi ilə qızıl ala bilmədilər, amma onun bir qeyri-adi xüsusiyyətini kəşf etdilər. Metalların çoxu civənin içində əriyirdi. Civəli xəlitəni amalqama adlandırdılar. Tezliklə güzgü ustaları kimyagərlərin bu kəşfindən öz işlərində istifadə etdilər, bu da onlara böyük fayda verdi. 
 
Beş yüz il əvvəl varlı Venesiyada Andrea və Dominiko Danzalo del Qallo qardaşları yaşayırdı. Onlar güzgü düzəldirdilər, amma şüşə istehsalından da yaxşı baş çıxarırdılar. Qardaşlar güzgü istehsalında qeyri-adi şəffaflığı ilə seçilən xüsusi şüşədən istifadə edirdilər. Şüşənin sirri bunda idi ki, bişmə prosesində ona qurğuşun oksidi əlavə edirdilər. Venesiyalı ustalar bu şüşədən bahalı qədəhlər, camlar, piyalələr, güldanlar düzəldirdilər. Onların şüşə məlumatına çox ölkələrdə tələbat vardı.
 
Büllur güzgülər də yüksək qiymətləndirilirdi. O dövrdə belə güzgülərin tayı-bərabəri yox idi. Dünyanın heç bir yerində belə keyfiyyətli güzgülər hazırlanmırdı. Venesiya şüşəsinin yüksək keyfiyyətini yalnız qalay “astar” korlayırdı. Onu cilalamağa və pardaxlamağa nə qədər çalışsalar da, qüsursuz səthə nail ola bilmirdilər. Kələ-kötürlük qalırdı.
 
Bu qüsuru Danzalo qardaşları aradan qaldırdılar. Onlar qabaqcadan hazırladıqları yumşaq qalay pəstahı dəmir vallar arasında yaydılar. Nəticədə kağız nazikliyində folqa təbəqə alındı. Bu folqanı şüşənin üstünə qoyub, yuxarıdan üstünə qurğuşun tökdülər. Folqa qurğuşunun təsiri ilə əriməyə başladı və şüşəyə möhkəm yapışan qalay amalqama deyilən gümüşü xəlitə alındı. Güzgünü cızıqlardan qorumaq üçün arxa tərəfinə lak çəkdilər.
 
Danzalo qardaşları Venesiyanı belə şöhrətləndirdilər. Venesiya güzgülərinin şöhrəti bütün dünyaya yayıldı. Sevincək olan şəhərin böyükləri 1507-ci ildə Danzalo qardaşlarına büllur güzgülər üçün patent verdilər. O vaxtlar Venesiya Respublikası ixtiralara görə patent verən yeganə dövlət idi. 
 
 
Sirli ada
 
Güzgü ticarəti Venesiyaya böyük gəlir gətirdi. Venesiyanın başçıları ciddi nəzarət edirdilər ki, Danzalo qardaşlarının ixtirası rəqiblərin əlinə keçməsin. Büllur güzgü istehsalı ilə məşğul olan bütün emalatxanaları Murano deyilən gözdən uzaq bir adaya köçürdülər. Çoxsaylı keşikçilər dəstəsi əcnəbiləri və başqa şübhəli şəxsləri adaya buraxmırdı. Sirri gizli saxlamaq üçün ustalara səxavətlə haqq ödəyirdilər.
 
Bundan əlavə, ada sakinlərinə böyük “azadlıqlar” verilmişdi. Onların şura deyilən öz idarəetmə orqanı vardı, üzvləri də özləri seçirdilər. Şura onların hüquqlarını müdafiə edirdi. Adada mərkəzi hökumətin iradəsindən asılı olmayan məhkəmə fəaliyyət göstərirdi. Başqa peşələrin sənətkarlarından fərqli olaraq, onların silah gəzdirməsinə icazə verilirdi, bu isə zadəganların imtiyazı idi. Bundan əlavə, güzgü ustalarının qızları patrisilər deyilən kübarlara ərə gedə bilərdilər. Bu imtiyaz o dövr üçün görünməmiş bir lütfkarlıq idi!
 
Bütün bu imtiyazlar yalnız bir məqsədə - Venesiya güzgülərinin istehsalının sirrini qoruyub saxlamağa xidmət edirdi. Venesiya qanunlarına görə, gizlicə başqa ölkəyə qaçan güzgü ustası muzdlu qatil tərəfindən öldürülməli idi. 
 
Qaçış 
 
Venesiyalılar güzgü istehsalının sirrini 150 il gizli saxlaya bildilər. Amma hər şeyin əvvəli olduğu kimi, axırı da olur. 1661-ci ildə Fransada hakimiyyətə gənc və hökmlü XIV Lüdovik keçdi. O, çox qüdrətli kral olmaq, hakimiyyətinin tərifinin göylərə qaldırılmasını istəyirdi. O, təkəbbürlə “Dövlət mənəm” deyirdi, saray yaltaqları da qarşısında əyilərək onu “Günəş kral” adlandırırdılar. Lakin bu “günəş” öz əhalisinə yalnız və yalnız məhrumiyyətlər gətirirdi. Dikbaş kral aramsız müharibələr aparırdı. Müharibələr isə çoxlu xərc tələb edirdi. Maliyyə naziri Jan Batist Kolber boşalmış dövlət xəzinəsini doldurmaq üçün hər cür hiyləyə əl atırdı. O, Fransa məhsullarının ixracını artırmaqla və başqa ölkələrdən idxalı azaltmaqla, yerli sənayeni hərtərəfli inkişaf etdirməyə çalışırdı. Büllur güzgülərin satışından xeyli gəlir götürdüyü üçün bolluq və firavanlıq içində yaşayan Venesiya onun yuxusuna haram qatmışdı. “Venesiya güzgülərinin sirrini mütləq açmaq lazımdır”,- deyə işgüzar Kolber gecə-gündüz düşünürdü.
 
Tezliklə Fransanın Venesiyadakı səfiri Parisdən gizli təlimat aldı. Təcili olaraq güzgü ustaları arasından Fransada işləməyə razı olan adam tapılmalı idi. Bu, çox təhlükəli avantüra olsa da, səfir nüfuzlu nazirin tapşırığını yerinə yetirdi. Xoşbəxtlikdən, bu işə kömək etməyə razılıq verən adam tapıldı. Murano adasındakı dükanın sahibi bir neçə ustanı dilə tutaraq, onları Fransaya qaçmağa razı saldı. 
Zülmət bir gecədə təyin olunmuş vaxtda içərisində silahlı adamlar olan kiçik gəmi adaya yan aldı. Sahildə onları dörd güzgü ustası və dükan sahibi gözləyirdi. Dükan sahibinə 2 min livr haqq ödənildi, ustalar isə gəmiyə minib Fransaya yola düşdülər. 
 
Sonra daha dörd usta eyni yolla adadan qaçdı. Parisdə onları kral manufakturasında iş gözləyirdi. Venesiyaya dönük çıxmış bu ustalar Fransada çoxlu pul qazanırdılar. Onlar tezliklə Venesiya güzgülərindən əsla geri qalmayan güzgü istehsalını təşkil etdilər. 
 
Amma Murano adasındakı gizli agentlər də sərvaxt idilər. Yarım il sonra onlar qaçqınların izinə düşdülər və ustalardan ikisini zəhərlədilər. Qisasdan qorxan qalan ustalar vətənə dönmək  istədilər. Amma daha heç kəsə lazım deyildilər. Çünki artıq bütün sirləri fransalı ustalara öyrətmişdilər. Odur ki, daha onları tutub saxlayan yox idi. 
 
 
Güzgü divanəliyi
 
Fransa venesiyalıların sirrini öyrəndikdən sonra ölkədə başdan-başa güzgü aludəliyi başlandı. Az-çox imkanı olan hər kəs heç olmazsa kiçik bir güzgü alıb onu evinin ən diqqətəlayiq yerində asmaq istəyirdi ki, qoy qonaqlar ev sahibinin nə dərəcədə imkanlı olduğunu görsünlər və onun dəblə ayaqlaşdığının şahidi olsunlar. Varlılar isə o qədər güzgü almışdılar ki, onları necə yerləşdirəcəklərini bilmirdilər. Onların malikanələrində güzgü güzgüyə calanmışdı: hara baxsan, hər tərəf - salonlar, dəhlizlər, qonaq və yataq otaqları güzgüyə bürünmüşdü. Dolabları, kamodları, stol və stulları güzgü ilə işləyir, üzük, sırğa, kulonlara qiymətli daş yerinə güzgüdən qaş qoyurdular ...
 
XIV Lüdovikin dövründə Paris ətrafında möhtəşəm Versal sarayı ucaldıldı. Kralın istəyi ilə sarayda divarları döşəmədən tavana qədər güzgülərlə bəzədilmiş Güzgülü salon yaradılmışdı: salona daxil olan hər kəs çaşıb qalırdı. Çoxsaylı güzgülər onları eyni vaxtda əks etdirirdi.  Adama elə gəlirdi ki, hamının qarşısında masqaraya qoyulub. 
 
Amma görünür, bu oyun kralın xoşuna gəlirdi, kraliçanın isə lap ürəyindən idi. Bir dəfə o, Güzgülü salonda rəqs gecəsinə qeyri-adi libasda gəlmişdi. Kraliçanı görən saray əhli və qonaqlar qeyri-iradi gözlərini qıymışdılar, çünki ondan ətrafa gözqamaşdırıcı işıq yayılırdı. İşığı yaradan səbəb isə kraliçanın başdan-başa xırda güzgü parçaları ilə işlənmiş libası idi. Tunc çilçıraqlarda yanan yüzlərlə şamın işığı bu güzgü parçalarında əks olunurdu. 
 
Deyilənə görə, həmin balda iştirak edən Kolber qəzəblə “Güzgülər Fransanı məhv edəcək” demişdi. 
 
Bu maraqlıdır: Versal sarayının 28 il davam edən tikintisi 1689-cu ildə başa çatdı. Onun tikintisinə xeyli vəsait xərclənmişdi. Müharibələr ara vermədiyi üçün kralın xəzinəsi həmişə boş olurdu. Bəs pulu haradan götürməli? Zirək Kolber də artıq dünyasını dəyişmişdi. Onda Lüdovik 1689-cu il 3 dekabr tarixli fərmanı ilə ölkə əhalisinə bütün gümüş güzgüləri, gümüş məmulatı, o cümlədən gümüş qab-qacağı zərbxanaya təhvil verməyi əmr etdi. Toplanmış gümüşdən sikkələr zərb edildi. 
 
Civə istefaya gedir
 
Aradan 100  il ötdü... Bu müddət ərzində müxtəlif ölkələrdən işgüzar adamlar Danzalo qardaşlarının ixtirasından istifadə etdilər. 1773-cü ildə Almaniyanın Nürnberq şəhərində peşə birliyi – güzgü ustalarının sexi yaradıldı. O vaxtdan etibarən güzgü istehsalı mühüm istehsalat sahəsinə çevrildi. Avropalı güzgü ustaları güzgü istehsalını ildən-ilə artırırdılar. Güzgü ucuzlaşaraq hamının cibinə uyğun məhsula çevrilirdi.   
 
1840-cı ildə alman kimyaçısı Yustus fon Libix güzgü təbəqəsi üçün təhlükəsiz tərkib hazırladı. O, bir parça gümüşü azot turşusunda əridərək rəngsiz maye - lyapis əldə etdi. O vaxtlar lyapislə əllərdəki ziyilləri təmizləyirdilər.
 
Alim bu məhlulu şüşəyə çəkdi, sonra başqa kimyəvi maddənin köməyi ilə azot turşusunu məhluldan xaric etdi. Bu yolla güzgü istehsalında qurğuşun-qalay tərkibli amalqama gümüşlə əvəzləndi. Libixin bu ixtirası nəinki fəhlələrin canını qurğuşunun zəhərli buxarlarından xilas etdi, həm də istehsal prosesini gücləndirdi. Amalqamanın tam qurumasına bir ay vaxt lazım idi, gümüşləmə prosesi isə cəmi yarım saat vaxt aparırdı. Özü də gümüş təbəqə əksi daha parlaq edirdi.
 
Bu maraqlıdır: böyük ingilis alimi İsaak Nyuton bir çox elmlərlə maraqlanırdı. Məsələn, o, metalların xüsusiyyətlərini müvəffəqiyyətlə öyrənirdi. Təsadüfi deyildir ki, İngiltərə hökuməti onu ömürlük Zərbxananın direktoru təyin etmişdi. O, ölkənin metal pullarının yenidən zərb edilməsinə rəhbərlik edir, İngiltərənin uzun sürən inqilab zamanı pozulmuş sikkəkəsmə işini sahmana salırdı.
 
Nyuton teleskopun yeni tipini – reflektoru ixtira edəndə ingilis ustaları  Venesiya şüşəsinin sirrini bilmirdilər. Bunsuz keyfiyyətli əksetdirici əldə etmək mümkün deyildi. Odur ki, Nyuton öz teleskopu üçün qalay və mis xəlitəsindən güzgü düzəltməli oldu. Amma xəlitə elə uğurlu alındı ki, sonralar onu güzgülü xəlitə adlandırmağa başladılar. İngilis astronomları uzun illər öz teleskoplarının hazırlanmasında bu xəlitədən istifadə etdilər.
 
Ardı var...