Şeirlər

Aşıq Ələsgər. Dağlar

Bahar fəsli yaz ayları gələndə,
Süsənli sünbüllü lalalı dağlar.
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən aralı dağlar.


      
Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti məlalı dağlar.

 

 

Yazın bir ayıdı çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın.
Axtarma motalın yağın qaymağın
Zənbur çiçəyindən bal alı dağlar!

 

Yayın əvvəlində dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana.
Payızın zəhməri qoyar virana
Dağıdar üstündən cəlalı dağlar.

 

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

 

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

 

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar.