Şeirlər

Abbas Səhhət. "Quşlar"

Quşlar, quşlar, a quşlar! 
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.


Qonun bu tək budağa,
Çox getməyin uzağa.
A quşlarım, getməyin,
Məni qəmgin etməyin.


Quşlar, neçin gedirsiz?
Yoxsa ki seyr edirsiz?
Quşlar uçdu, əkildi,
Vay, səsləri kəsildi.


Bir səs gəlir uzaqdan,
Mən dinlərəm bayaqdan:
Söylər ki, qış yavuqdur,
Sizin yerlər sovuqdur.


Var isticə ölkələr,
Qışda bizə xoş gələr.
Səbir eylə, qoy yaz olsun,
Bir qar, yağış az olsun,
Sovqat gətirər quşlar
Sizə gözəl mahnılar.