Xəbərlər

“Göy qurşağı” jurnalının növbəti nömrəsi nəşr olunmuşdur

04.07.13. “Göy qurşağı” uşaq jurnalının 2013-cü il iyul-avqust nömrəsi işıq üzü görmüşdür. AzərTAc xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilati dəstəyi ilə nəşr olunan jurnal həmişə olduğu kimi, bu dəfə də balaca oxucularının görüşünə maraqlı yazıları, göy qurşağı kimi əlvan şəkilləri ilə gəlmişdir. Jurnalın bu nömrəsində xüsusi buraxılış kimi aprelin 26-27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən  Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Dost ölkələrə səyahət: əzizləyər hər el səni öz adəti ilə” mövzusunda  müsabiqə və onun yekun konserti haqqında geniş məlumat və rəngarəng şəkillər yer almışdır. Jurnalın səhifələrində balaca oxucular həmyaşıdlarının yaradıcılığı ilə yaxından tanış ola bilərlər. Jurnalın “Mənim rəng dünyam”, “Nələr olur dünyada” və digər rubrikalarında balaca rəssamların çəkdikləri şəkillər, qəribə tikililər,  сanlılar aləminə dair maraqlı faktlar, tövsiyə olunan müxtəlif kitablar, məntiqi suallar, lətifələr və s. maraqlı məlumatlar yer almışdır.