Şeirlər

Rəsul Rza. "Vətən dedim"

Xəfif yeldən titrəyən
yarpağına Vətən dedim.
Yanıq, quru,
göy kəklikli,
boz qumrulu
torpağına Vətən dedim.
Dağlarının köpük duman
duvağına Vətən dedim.
Tarixinin
yaxınına,
uzağına
Vətən dedim.
Bağlarının
yasəmənli budağına
Vətən dedim.
Gənclərinin
nəğmə-nəğmə dodağına
Vətən dedim.
Ürək kimi
gecə-gündüz hərəkətli
iş və hünər meydanına
Vətən dedim.
Bu gününə, dövranına
Vətən dedim.
Dalğalanan
al şəfəqli bayrağına,
tənha, ucqar bir daxmada
yanan nurlu çırağına
Vətən dedim.
Köhnə, yeni
qara qızıl yatağına,
ildən ilə şöhrətlənən
ağ qızılın sorağına
Vətən dedim.
Büllur, sərin bulağına,
İnsan yurdu – ocağına,
tunc zəfərli keçmişinə,
gəlhagəlli bu çağına,
isti, əziz qucağına
Vətən dedim.
Mən Vətənin qoynundayam.
Vətən adlı bir torpağın
borcu hər an boynumdadır.
Qeyrətini çəkmişəm də,
çəkirəm də.
Torpağını əkmişəm də,
əkirəm də.
Yollarında – yüksəlişdə
puçur-puçur alın təri
tökmüşəm də,
tökürəm də.
Mən Vətənin qoynundayam,
Vətən mənim qoynumdadır.
Həm qeyrəti,
həm qayğısı,
həm şöhrəti –
böyük borcu
boynumdadır!
Boynumdadır!