Xəbərlər

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.

 

AMEA Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

 

Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar:

A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən dağılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

 

Qədim inanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. “Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar”, deyərdilər.

 

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir.

 

Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir.

 

İnanca görə, Yel çərşənbəsində hava təmizlənir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.

 

İlaxır çərşənbələrdən üçüncüsü və dördüncüsü ilə bağlı ziddiyyətli məqamlar da var. Bəzən yel və torpaq çərşənbələrindən hansının əvvəl olması mübahisə doğurur. Folklorşünas alim Azad Nəbiyev bu barədə tədqiqatlarında yazırdı ki, ilaxır çərşənbələrdən sonuncunun - Yel çərşənbəsi olması daha çox dini inanclara söykənir. Çünki dini etiqada görə, Allah yaradılış prosesində ən son olaraq hava-yel - yəni nəfəs-ruhdan istifadə edib. İnsana ruhun verilməsi ilə o, canlı varlıq halına gəlib. Lakin xalq inanclarına görə, təbiətdə ən son oyanış torpağa aiddir. Torpağın oyanması ilə həyat yenidən dirçəlir, yaşam prosesi təzələnir. Buna görə də ilaxır çərşənbələrdən üçüncüsü Yel, dördüncü, sonuncu isə Torpaq çərşənbəsi hesab edilir. Bu məntiqlə Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su yaradılışın maddi əsasını təşkil edirsə, od və yel kənar vasitəçi, təkanverici statusunda çıxış edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox stabillik, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılıb, canlı, çevik bir varlıq kimi təsəvvür edilib. Bu təsəvvürlər daha çox "Yel baba" mifik obrazında cəmlənib. Bəzən Yel baba mənfi obrazda xatırlansa da, əksər hallarda müsbət obrazda özünü göstərir.

 

Qədim inanclarda Yel dağının da adı keçir. İnsanlar ürəklərində hər hansı bir dilək tutub o dağı ziyarət edir, nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.

 

Maraqlıdır ki, "Yel baba" ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş edir. Ola bilsin ki, ilkin inanclarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə sayılırdı. Yəqin elə buna görədir ki, Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü olaraq sonuncu torpaq çərşənbəsi ilə bayram axşamı - Novruz günü arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan çərşənbə hesab edilir.

 

Xatırladaq ki, bu il Boz aya daxil olan Su çərşənbəsi fevralın 26-sı, Od çərşənbəsi martın 5-i, Yel çərşənbəsi martın 12-i, Torpaq çərşənbəsi (Axır çərşənbə) isə martın 19-da qeyd olunur.

 

Bayramınız mübarək!