Xəbərlər

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günüdür

Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır. Uşaq Kitabı Gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olmuşdur.

 

Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif etmişdir. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir. Nağılları 100-dən çox dilə tərcümə edilmişdir. Y.Lepman 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “balaca nobel mükafatı” – H.X.Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı-rəssama təqdim olunub. İlk dəfə bu, 1956-cı ildə ingilis nağılçısı E.Fardkona, 1958-ci ildə isə İsveç yazıçısı A.Lindqrene verilib. Sonra E.Keçtner, C.Kryuss, italyan C.Rodari də bu mükafata layiq görülüb. Başqa bir mükafat isə son illər nəşr olunan uşaq kitablarının illüstrasiyası və onların dünyanın müxtəlif dillərdə tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur. Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirmişdir. D.Defo və C.Sviftin – böyüklər üçün yazılmış – “Robinzon Kruzo” və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunmuşdur. 1846-cı ildən başlayaraq H.X.Andersenin qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər. Son illər “Dünya uşaq ədəbiyyatı kitabxanasının 50 cildliyi”, “Macəra və fantastika kitabxanasının 25 cildliyi” və “Kiçik yaşlı uşaqlar üçün” seriyasından çoxlu kitablar çap edilmişdir. Azərbaycanda uşaq kitabxanaları üzrə elmi metodik mərkəz sayılan F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının üzvüdür.

 

Hazırda Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. F.Köçərli adına Respublika Uşaq Kitabxanası hər il Milli Uşaq Kitabı Sərgisi təşkil etməklə, Azərbaycanda çap olunan uşaq ədəbiyyatı nümunələri ilə oxucuları tanış edir, kitabın və kitabxananın imicinin yüksəlməsinə zəmin yaradır. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək üçün təsis olunmuşdur.