Nağıllar, hekayələr

Yunan xalq nağılı. Naxıştikən qız

Uzaq bir kənddə kasıb bir gənc yaşayırdı. Adı Manolis idi. Manolis uşaqkən valideynlərini itirmişdi və onlardan oğlana qalan - yalnız köhnə bir skripka idi. 


Manolis skripkada çalmağı çox yaxşı bacarırdı və kənddə hər kəs onu “skripkaçı-oğlan” kimi tanıyırdı.


Bir axşam Manolis qonşu kənddən qayıdırdı və qəfil kolluqda bir səs eşitdi. Manolis budaqları ayırdı və ana canavarın tələyə düşdüyünü gördü. Manolis dişi canavara, onun kiçik balalarına yazığı gəldi, rəhm edib vəhşi heyvanı azadlığa buraxdı. Dişi canavar azadlığa qovuşan kimi dərhal qaçıb oradan uzaqlaşdı, Manolis isə həmişəki kimi tənha evinə doğru getdi.


Gecə Manolis qapının səsinə oyandı. O, təzəcə kilidi açmışdı ki, qapı geniş açıldı və nəhəng bir canavar daxmaya daxil oldu.


“Məndən qorxma, Manolis! - canavar dedi. “Mən sənin yanına dost kimi gəlmişəm. Ana qurda azadlıq verməklə körpələrimi xilas etdin. İnsanlar bizi zərərverici hesab edirlər. Amma mən sənə sübut edəcəm ki, canavarlar da yaxşılığa qarşılıq yaxşılıq edə bilər.

Mən səni heç kimin bilmədiyi bir yerə aparacam: orada, üç qapı arxasında saysız-hesabsız sərvət gizlənir. Yaz günü kimi gözəl bir şahzadə qız da orada yaşayır.


Manolis canavarın sözlərinə təəccüblənsə də, heç nə demədi. Skripkasını da götürüb canavarın arxasınca getdi.


Sübh açılanda Manolis uzaqda möhtəşəm bir saray gördü, onun büllur pəncərələri uzaqdan göz qamaşdırırdı, saf gümüşdən olan qapısı isə ətrafa daha çox parıltı saçırdı. Beləliklə, gəlib sarayın yanına çatdılar. Canavar gümüş qapını itələdi və onlar gümüş salona daxil oldular. Burada hər şey: divarlar, döşəmələr və tavanlar saf gümüşdən idi! Yalnız salonun ortasındakı qızıl qapı günəş kimi yanırdı. Qızıl qapının arxasında isə qızıl bir salon var idi. Salonda almaz qapı. Almaz qapının arxasında isə almazdan otaq var idi! Manolis kor qalmamaq üçün hətta gözlərini yumdu.


Nəhayət, yolçular qiymətli daşlarla parıldayan hündür salon gördülər. Onun ortasında, taxtda gənc şahzadə qız oturmuşdu. O, baharın ilk günü kimi gözəl idi. Manolis heyranlıqdan donub yerində qaldı. Canavar taxta yaxınlaşdı və baş əyərək dedi:


"Salam, şahzadə!" Görürsən, mən sənin istəyini yerinə yetirdim – sənin yanına qərəzsiz əməl edən birini gətirdim.


Beləliklə canavar şahzadəyə Manolisin dişi canavarı necə azad etdiyini danışdı.


- Sən haqlısan! - şahzadə dedi. Manolis cəsur və xeyirxah gəncdir. Tam mənə lazım olan insandır! Bütün var-dövlətimi və taxtımı ona əmanət edə bilərəm!


Şahzadə dərhal Manolislə evlənməyə razı olduğunu bildirdi.


Bəs Manolis?... Manolis şahzadənin gözəlliyinə o qədər heyran qalmışdı ki, həyatında ilk dəfə skripkasını unutmuşdu.


Manolisə qızıldan paltar geyindirib şahzadənin yanına apardılar. Şahzadə gülümsəyərək ona dedi:


-Sabah sən hökmdar olacaqsan. Buna görə də, bu gün sarayda saxlanılan bütün xəzinələri görməlisən!


Onlar birlikdə bütün sarayı, dəhlizləri

 və otaqları gəzdilər. Hər addımda Manolisin təəccübü daha da artırdı - saray o qədər zəngin, o qədər gözəl idi ki! Nəhayət onlar hündür bir qalanın yanında dayandılar. Şahzadə qız Manolisə üz tutub dedi:


- Bu qalanın içərisində dəyərli heç nə yoxdur və ora girməyə dəyməz...


Amma gənc Manolisi anlaşılmaz bir həyəcan bürüdü. O, bu qalaya girmək üçün qarşısıalınmaz bir istək hiss etdi.

O, səbəbini bilmədən qalanın zirvəsini göstərib dedi: “Xeyr, mən ora qalxmalıyam!”. Şahzadə könülsüz şəkildə  razılaşdı.


Qalada həqiqətən diqqətəlayiq heç nə yox idi. Hətta daş-qaş belə yox idi, sadəcə ən yuxarıda, pəncərənin yanında yerləşən yeganə otaqda bir qız tikiş maşınının yanında oturub naxış tikirdi. Manolis diqqətlə qıza baxdı, lakin qız çox çirkin olduğundan, geri qayıtmaq istədi. Yalnız qızın iri mavi gözləri elə parlaq işıqla parıldayırdı ki, bir dəfə görəndən sonra onları unutmaq mümkün deyildi.


- O qız kimdir? - Manolis pıçıltı ilə soruşdu.


- Bu yazıq qız mənim qohumumdur - şahzadə dedi – “Ona yazığım gəldiyi üçün sarayımda saxlayıram. O, sarayda yaşayır və insanlarla görüşməmək üçün heç yerə getmir. Çünki o, çox çirkindir!...”


Şahzadə bütün bunları Manolisə pıçıltı ilə danışarkən, qız halqanın üstündə əyilərək bir an belə dayanmadan tikməyə davam edirdi.


O, deyəsən heç nə görmür və eşitmirdi. Onun çevik barmaqlarının altında ipək üzərində heyrətamiz və gözəl quş peyda olurdu. Ancaq qız son tikişi atan kimi quş qanadlanaraq havaya qalxıb, pəncərədən çölə uçurdu.


Sonra qız kədərlə əllərini ovuşdurub ümidsiz halda deyirdi:


- Bu da başqaları kimi uçdu! ... Həmişə belə olacaq! ...


- Bu bədbəxt qadın sehrlənib! - şahzadə dedi – “O, gündən-günə səbirlə tikir, çünki sehr yalnız yüz quşu tamamilə tikib qurtarandan sonra onun üzərindən götürüləcəkdir... Yaxşı olar ki, tezliklə saraya qayıdıb toya hazırlıqların necə getdiyini izləyək”.


Manolis yata bilmədi. Bütün gecə bədbəxt qızın fikri beynindən getmirdi. Səhər tezdən şahzadə və qulluqçuları yatarkən, gənc oğlan hiss edilmədən saraydan çıxaraq qalanın içinə girdi.


Çirkin qız tikiş maşının arxasına oturub yenə naxış vururdu.


Manolis utanaraq ondan soruşdu:


- Daim tikiş tikməkdən yorulmursan?


- Yox! – deyə qız cavab verdi. - İstədiyim qədər tikməyə hazıram. Səbrimin sonu yoxdur. Nə qədər ki, quşlar uçmayacaq, tikməyə davam edəcəm! Amma mən son tikişi vuran kimi hamısı canlanır və uçub gedirlər!


Manolis heyrətlə dayanıb onun kədərli hekayəsini dinlədi. Amma yazıq qızı dinləməkdən başqa nə edə bilərdi? Axı sehrli güc ondan güclü idi. 


Manolis yenə də öz-özünə danışdı: ona kömək etmək mümkün olmasa da, bəlkə onun əziyyətini bir az yüngülləşdirə biləcək bir çarə var? Birdən, Manolis dəbdəbəli və xəzinələrlə dolu sarayda unutduğu skripkasını xatırladı. Manolis tez-tələsik skripkasının arxasınca qaçdı! Bir an belə itirmədən dərhal onunla birlikdə qalaya qayıtdı.


O, heç vaxt belə skripka çalmamışdı, onun skripkası heç vaxt hələ belə səslənməmişdi...


Manolis bütün ruhunu, mülayim və cəsur ürəyinin bütün gücünü kaman altından axan mahnıya qoydu və - bir möcüzə baş verdi – quşlar qalanın divarları arxasında susub musiqiyə qulaq asmağa başladılar. Əvvəlcə skripkanın səsinə qulaq asdılar, sonra pəncərəyə uçub qondular, və nəhayət, otağa daxil oldular və ... son tikişləri qoyulsun deyə bir-bir oturmağa başladılar. Manolis isə skripka çalmağa davam etdi.


Sehrlənmiş qızın eybəcər siması qəribə bir işıqla işıqlandı: axır ki, qayıdan quşları görəndə onun ürəyində ümid alovlandı.


Elə bu vaxt aşağıdan şahzadənin səsi gəldi. O, Manolisə səhərin açıldığını və toyun başlamasına az qaldığını xatırladırdı.


Manolis isə dayanmadan musiqi çalmağa davam edirdi. O, şahzadənin səsini eşitdi, ancaq qızın səbirsizliklə tikiş maşını üzərində necə əyildiyini və üzünün necə ümidlə işıqlandığını gördü. Quşlar isə durmadan uçmağa və otağa daxil olmağa davam edir... və tikişin üstünə otururdular.


Birdən qapı bərk açıldı, skripkadan sonuncu yüksək not eşidildi. Şahzadə qəzəblə skripkanı Manolisin əlindən qoparıb kənara atdı. Eyni zamanda qalada xoşbəxtlik və sevincli anlar yaşandı. Belə ki, çirkin qız gözəl bir Qıza çevrildi.


Gözəlliyi ilə parlayan qız oturduğu yerdən qalxıb tikdiyi paltarı şahzadəyə uzadıb dedi:


- Bu paltarı götür! Onu yüz quş bəzəyib. Sənin sehrbaz atanın ucbatından uzun illərdir ki, onu tikirəm. O, qəlbi qara atanın heç ağlına belə gəlməzdi ki, yoxsul bir eybəcər tikişçi qızın xatirinə var-dövlətə, hakimiyyətə, taxt-taca, hətta sənin gözəlliyinə belə etinasız yanaşmağa razılaşan bir gənc tapılacaqdır! Atanın bütün var-dövlətimi ələ keçirməsi kifayət etmədi, gözəlliyimi belə əlimdən alıb sənə verib!


Yaşananlardan sonra xoşbəxt gənc Manolis tikişçi qızın əlindən tutdu və onlar toy üçün əvvəlcədən hazırlanan otağa düşdülər. 


Burada toylarını qeyd edib, həyatlarının sonunacan xoşbəxt yaşadılar.