Nağıllar, hekayələr

Gülzar İbrahimova. 8 Mart

- Cəfər boynunun dalını qaşıya-qaşıya soruşdu:
- Ana, bu gün nə bayramıdır?
- Martın 8- i Qadınların bayramıdır!
- Onda bu gün kişilər bayram eləmir?
- Kişilər isə qadınları təbrik edir. Onlara hədiyyə alır, gül hədiyyə edirlər.
- Onda mən və atam bu gün hədiyyə alıb səni təbrik edəcəyik!
    - Çox sağ olun!


Ana gülümsədi və bir az da qızardı.


Cəfər sevindi və masanın üstündən bir alma götürüb atıb-tutdu, sonra isə şən-şən atılıb-düşməyə başladı:
- Ura, uraaa, bu gün anamın bayramıdır!
- Bir də ki, bu gün təkcə anaların yox, qızların da bayramıdır. Qız dostun varsa, onu da 8 Mart bayramı münasibətilə təbrik edə bilərsən!
Cəfər bir az fikrə gedəndən sonra soruşdu:
- Kimi təbrik edim?
    - Qızlardan kimi özünə dost sayırsansa, onu!

Cəfər yenə fikrə getdi. Ana ona kömək elədi:
   - İstəyirsən, Sənəmi təbrik elə!
   - Ondan xoşum gəlmir, küsəyəndir!
   - Küsəyəndir ona görə ki, sən həmişə onun saçını dartırsan! Sənəmin çox qəşəng saçları və ağıllı baxışları var. Özü də çox nəzakətli qızdır!
Cəfər bir xeyli susdu, daha danışmayıb, fikirli-fikirli otağına keçdi. Birdən nə fikirləşdisə, saxsı pişik qabının ağzını açaraq topladığı qəpikləri ovucuna tökdü:
   - Ana, mən bu saat qayıdıram! – deyib həyətə qaçdı.


Bir azdan Cəfər əlində böyük bir gül dəstəsi ilə həyətdə göründü. Sənəm yaxınlıqda skamyada oturmuş, əlindəki “Sehrli Dunya” jurnalını vərəqləyirdi.


Cəfər ona yaxınlaşanda Sənəm başını qaldırıb soruşdu:
- Sən yaxşı oğlan deyilsən, məni həmişə hirsləndirirsən, get burdan!
- Qorxma, səni hirsləndirməyə gəlməmişəm!
- Sən dedin, mən də inandım, yəqin, yenə saçlarımı dartmağa hazırlaşırsan?
- Yox, saçlarını da dartmaram! – deyib Cəfər arxasında gizlətdiyi gül dəstəsini Sənəmə uzatdı.
Sənəmin iri gözləri bir az da böyüdü:
- Nə gözəl güllərdir! Onları mənə verirsən?
- Əlbəttə, sənə verirəm! Bayramın mübarək! – Cəfər həyəcanla, səsi titrəyə-titrəyə dedi və gül dəstəsini qızın dizinin üstünə qoyub qaçdı.