Nağıllar, hekayələr

Vyetnam nağılı. Heyvanlar və insan

Keçmiş zamanlarda bir insan var idi. O, tək yaşadığına görə çoxlu heyvanların yaşadığı meşənin yaxınlığında məskunlaşdı. Heyvanlar, insandan fərqli olaraq, çox idilər. Hamısı böyük və güclü idi. İnsan onların qarşısında balaca və çox zəif görünürdü. Hətta heyvanlar, bu qədər müdafiəsiz və zəif birinin, onların yanında yerləşməyə necə cürət etməsinə təəccüblənirdilər.

 

Beləliklə, heyvanlar öz aralarında insanı müzakirə etməyə başladılar:

 

- Mən onu bir ayağımla vursam, yerə çırpılıb ölər -  kərgədan özündən razı şəkildə dedi.

 

- Mənim pəncəmi qaldırmağa belə ehtiyac yoxdur, onu quyruğumla vursam, dərhal öləcəkdir- aslan lovğalanaraq əlavə etdi.

 

- Yoxsa onun bizim bilmədiyimiz bir gücü var -  meymun dedi - Yoxsa niyə qorxmur?

 

Heyvanlar meymunun sözləri barəsində düşündülər və insanın qüdrətinin nə olduğunu bilmək istədilər. İnsanın yanına ilk gələn fil oldu.

 

 

- Gəl döyüşək - fil dedi - Bilmək istəyirəm, hansımızın gücü daha çoxdur!

 

- Dayan, - insan dedi, - Başqa vaxt döyüşərik, indi vaxtım yoxdur!

 

- Niyə vaxtın yoxdur ki? – fil maraqla soruşdu.

 

- Gözlə! – deyə insan cavab verdi. - Evimi möhkəmlətməliyəm!

 

Fil təəccübləndi:

 

- Evini möhkəmlətməyə nə gərək var ki? O, onsuzda möhkəm dayanıb. Niyə bu gün onu möhkəmlətmək istəyirsən?

 

- Məhz bu səhər günəşin necə qırmızı olduğunu görmədinmi?

 

- Günəş qırmızı olub, bunda qeyri-adi nə var ki?

 

- Bu o deməkdir ki, güclü külək əsəcək. İndi evi gücləndirməsəm, küləyə tab gətirməyəcək və uçub gedəcək.

 

Fil daha da təəccübləndi:

 

- Ev çox böyükdür! Külək onu apara bilərmi?

 

İnsan cavab verdi:

 

- Ev böyük olsa da, güclü küləyə tab gətirə bilmir.

 

Sonra fil daha da fikirləşdi.

 

- Mən, - o, dedi, - Sənin evin qədər böyükəm, deməli mən də küləyə tab gətirə bilmərəm?

 

- Bəli. Belə bir küləyə sən də müqavimət göstərə bilməzsən!

 

Fil qorxdu və insana yalvarmağa başladı:

 

- Küləyə müqavimət göstərmək üçün bəs mən nə etməliyəm? Bilirsənmi?

 

- Bilirəm – insan dedi.

 

- Bilirsənsə, o zaman mənə kömək et, - fil dedi, - Mən də sənə xidmət edəcəm!

 

İnsan cavab verdi:

 

-Yaxşı, mən sənə kömək edəcəm, sadəcə sən mənə tabe olmalısan! Dərhal meşəyə get, uzun və güclü liana saplaqlarını toplayıb mənə gətir.

 

Fil insana tabe olub meşəyə getdi və tələsik qarşısına çıxan ilk liana saplaqlarını toplayıb geri qayıtdı. Saplaqları dərhal insanın qarşısına qoyub, kənarda dayandı.

 

İnsan fili ağacların sıx bitdiyi bir yerə aparıb ağacların arasına qoydu, ona orada sakit dayanmasını söylədi.

 

Sonra insan liana saplaqlarını götürüb, filin hər ayağını bir ağaca bağladı. Sonra filə dedi:

 

- İndi hərəkət etməyə çalış! Əgər saplaqları qopara bilməsən, deməli küləyə müqavimət göstərə bilərsən!

 

Fil təzəcə addım atmışdı ki, bütün saplaqlar paramparça oldular.

 

İnsan ona dedi:

 

- Sən mənə pis saplaqlar gətirdin, bu səni küləkdən xilas etməyəcək. Meşəyə qayıt və mənə bir neçə güclü liana saplağı gətir!

 

Fil insana itaət edib yenə də meşə yollandı. Bu səfər o, əvvəlkindən qat-qat güclü olan liana saplaqları gətirdi. İnsan fili ilkin yerinə aparıb yenidən ağaclara bağladı.

 

- İndi hərəkət et! - insan dedi.

 

Amma bu dəfə fil nə qədər çalışsa da yerindən tərpənə bilmədi: saplaqlar onu bərk-bərk tutmuşdu.

 

- İndi külək səni aparmayacaq. Rahat ola bilərsən, - insan filə dedi.

 

Ertəsi gün meşədə yaşayan pələng meşə kənarına yaxınlaşıb gördü ki, tarlada bir camış işləyir. Camış arxasında böyük bir dırmıx sürüyərək yeri şumlayır, insan isə ona qamçı vuraraq idarə edir. Pələng təəccüblənib camışa dedi:

 

- Sən çox böyüksən, amma zəif insanın səni idarə etməsinə, işləməsinə imkan verirsən. Niyə onu öldürmürsən?

 

Camış pələngə cavab verdi:

 

Səhv edirsən, kiçik olsa da, amma gücü böyükdür.

 

Pələng camışa inanmadı və adama yaxınlaşıb soruşdu:

 

- Eşitdin, camış deyir ki, sən güclüsən! Amma mən ona inanmıram, bunun belə olub-olmadığını özüm görmək istəyirəm!

 

- Buna əmin ola bilərsən - insan dedi - Yalnız mən gücümü bura-tarlada gətirməmişəm, evdə qoymuşam. Əgər onu görmək istəyirsənsə, məni burada gözlə, indi evə gedib onu gətirim.

 

- Get, səni gözləyəcəm - pələng razılıq verdi.

 

 - Amma qorxuram ki, mən yeriyəndə ac qalıb mənim camışımı yeyəsən – insan dedi – Bil ki, camış mənim köməkçimdir.

 

- Yox, mən sənin camışına toxunmayacam. Get tez qayıt,- pələng cavab olaraq dedi.

 

İnsan: “Ancaq mənim evim uzaqdadır və tezliklə qayıda bilmərəm. Əgər həqiqətən mənim gücümü görmək istəyirsənsə və məni bu yerdə gözləməyə hazırsansa, səni bağlamalıyam”.

 

Pələng razılaşdı.

 

İnsan pələngi ağaca bərk-bərk bağladı. Pələng o zaman qorxdu. Mübarizə etməyə başladı, amma nə qədər çalışsa da, özünü azad edə bilmədi.

 

Camış pələngə dedi:

 

- Mən sənə dedim: balacadır, amma gücü böyükdür.

 

Bu söz-söhbət bütün meşəyə yayıldı.

 

İndi meşənin bütün heyvanları birlikdə toplaşıb, insanın gücünü ölçmək üçün onun yanına getdilər.

 

- Bizim qədər sənin güclü olub olmadığını görmək istəyirik, - onlar insana dedilər. - Gəl döyüşək!

 

İnsan: “Mənim nə qədər gücümün olduğunu bilmək istəyirsənsə, üç gündən sonra gəlin”.

 

Heyvanlar dağılışdılar.

 

Bu üç gün ərzində insan evini tikib bitirdi. Evi-kiçikdir, lakin çox möhkəmdir.

 

Üç gündən sonra heyvanlar yenə gəldilər.

 

İnsan onlara üz tutub dedi:

 

- Mən indi evimə daxil oluram, siz isə burda qalıb istədiyinizi edin!

 

İnsan evinə daxil oldu və qapını içəridən bağladı. Heyvanlar evə baxmağa çalışaraq ətrafa qaçmağa başladılar. Hər biri heç olmasa bir gözü ilə insanın gücünü görmək istəyirdi.

 

Ətrafda dolaşdılar, bir-birlərini itələdilər, amma heç nə görə bilmədilər. Hamısı o qədər yorğun idi ki, ayaqlarını çətinliklə saxlaya bilirdilər. Nəhayət adamı çağırıb dedilər:

 

- Sən, çox hiyləgərsən! Burax bizi evə girək - burdan gücünü görə bilmirik.

 

İnsan heyvanların təklifi ilə razılaşdı. Heyvanlar tez evə daxil oldular, lakin insan çöldə qalıb, evinin qapısını möhkəm dirəklə bağladı.

 

Beləliklə, heyvanlar evdə bağlı qalıb, nə qədər çalışsalar da, çölə çıxa bilmədilər. Nəhayət insana yalvarmağa başladılar:

 

- İndi görürük, sənin güclü olduğunu! Bizi burax və biz heç vaxt səninlə mübahisə etməyəcəyik!

 

O vaxtdan bəri heyvanlar insanın gücünü tanıdılar. Bəziləri onun yanına gedib xidmət etməyə başladılar, digərləri isə insana kömək etmək istəməyənlər - əgər indi ona yaxınlaşırlarsa da, bir dəfə onunla güclərini sınamaq qərarına gəldiklərini xatırlayaraq, ehtiyat ilə yaxınlaşırlar.