Nağıllar, hekayələr

Fil və dostları

Tərcümə edən: Gülnar Nəzərova

 

Bir gün yalnız yaşayan bir fil meşədə özünə dost axtarmaq qərarına gəldi. Bu zaman bir meymuna rast gəldi və soruşdu:

- Ey meymun, sən mənim dostum olarsanmı?

- Sən çox böyüksən, onun üçün də mənim kimi ağaclarda gəzə bilməzsən. Buna görə də mən səninlə dost ola bilmərəm, - meymun cavab verdi.

 

Yoluna davam edən fil bu dəfə bir dovşanla qarşılaşdı və onunla dost olub-olmayacağını soruşdu.

- Sən mənim yuvamın içinə sığmayacaq qədər böyüksən. Ona görə də sən mənim dostum ola bilməzsən, - deyə dovşan dedi.

 

Məyus olan fil yoluna davam etdi və qarşısına bir qurbağa çıxdı, fil dərhal qurbağadan onunla dostu olub-olmayacağını soruşdu. Qurbağa dedi:

- Sən çox böyük və ağırsan. Həm də sən mənim kimi tullana bilməzsən. Bağışla, amma sən mənim dostum ola bilməzsən.

 

Daha sonra fil qarşısına çıxan bir tülküdən də onunla dost olub-olmayacağını soruşdu, ancaq o da filə eyni cavabı verdi, onun çox böyük olduğunu dedi.

 

Ertəsi gün meşədəki bütün heyvanlar təşvişlə qaçışırdılar. Bunu görən fil nə baş verdiyini öyrənmək üçün bir ayını dayandırdı və ondan nə olduğunu soruşdu. Ayı filə bir pələngin bütün heyvanlara hücum etdiyini söylədi. Fil digər zəif heyvanları xilas etmək üçün pələngin yanına getdi və dedi:

- Ey pələng, xahiş edirəm, dostlarımı azad elə, onları yemə.

 

Pələng filə fikir vermədi, ona qulaq asmadı. Fil bu yolla problemi həll edə bilməyəcəyini düşünüb pələngə təpik atdı və pələng bundan çox qorxdu.

Sonra fil geri qayıdıb əhvalatı bütün heyvanlara danışdı. Filin onların canlarını pələngdən necə qurtardığını eşidən heyvanlar birlikdə dedilər:

- Sən böyük deyilmişsən, bizim dostumuz olmaq üçün əsl düz ölçündəsən, bundan belə hamımız sənin dostunuq.