Odlar Yurdu

Xalq qəhrəmanı - Sultan bəy Sultanov

1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında doğulub. 
 
Qafan mis mədənlərinə, Bərgüşad çayının axarı boyu əkin sahələrinə, Çalbayır maldarlıq mülklərinə sahib olan  Sultanbəylər ailəsi el-obada xüsusi hörmətə və nüfuza sahib idi. Sultan bəyin özünə gəlincə, onun Çalbayır yaylaqlarında on minlərlə davarı və qaramalı, Kürdhacıda yağ-pendir zavodu vardı.
 
Üstəlik meşə ağaclarindan taxta istehsal edib xaricə satırdı. 
 
Dinc əməklə məşğul olan Sultan bəyin ailəsi mülklərini mühafizə etmək məqsədi ilə çox da böyük olmayan süvari dəstə saxlayırdı. 1905-ci il erməni-müsəlman qarşıdurması zamanı bu atlılardan və könüllülərdən ibarət dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi.
 
1918-ci ildə yenidən qızışan erməni-müsəlman davasında Sultan bəyin başçılıq etdiyi könüllü dəstələr bölgədəki kəndlərinin mühafizəsində mütəsna xidmətlər göstərmişdi. Onlar Zabux dərəsində mühasirəyə alının Andronikin dəstəsinin əsas hissəsinı məhv etmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlılarını məğlubiyyətə uğradaraq 600 nəfəri əsir götürmüşdülər. Həmçinin Zəngəzurda onlarla kəndin də erməni silahlılarından təmizlənməsində yaxından iştirak etmişdir.
 
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra digər zəngin insanlar kimi, Sultan bəy də təqib olunmağa başlandı. O, Bir müddət meşələrdə gizlənməyə məcbur oldu. Sonradan qardaşları Xosrov bəy və İskəndər bəylə İrana keçdi. 
 
İskəndər bəy Sovet imperyasının göndərdiyi xüsusi cəsuslar tərəfindən öldürdükdən sonra İran Şahı Sultan bəyə Türkiyəyə keçməyi məsləhət gördü. 
 
1923-cü ildə qardaşı Xosrovla Qars vilayətinin Köçqoy kəndində məskunlaşan Sultan bəy 1955-ci ildə orada vəfat edib və yerli qəbiristanlıqda dəfn olunub.