Nağıllar, hekayələr

Mir Cəlal. "Beş bacının qardaşı"

Tofiqin özündən böyük beş bacısı var: Lalə, Bənövşə, Yasəmən, Nərgiz, Qərənfil!

 

Bacıları Tofiqi əzizləyir, onun bir sözünü iki eləmir, bütün arzularını yerinə yetirməyə çalışırdılar: biri paltarını ütüləyir, biri çantasını yığır, biri çəkmələrini təmizləyir.

 

Dərs hazırlayanda da bacılar köməklərini əsirgəmirlər: hesabını bir bacı, yazısını başqası, rəsmi digəri hazırlayır. Tofiqin işi lap rahatdır. Müəllimin verdiyi tapşırıqları bacılarına təhvil verir, səhər də hamısını hazır istəyir. Hətta bacılar gecikəndə hirslənir, qışqırır da:

– Ay qız, Lalə, götür dərslərimi yaz!

– Bənövşə, sən də məsələləri həll et!

– Yasəmən də atalar sözü yazsın. Nə durmusunuz, tez olun!

– Nərgiz, rəsm qaldı, nə fikirləşirsən?!

Üstəlik, ana da bacıları danlayır:

– Aman-zaman bir qardaşınız var, ürəyini niyə qırırsınız? Tez olun, dərslərini hazırlayın!

 

Qızlar bilirlər ki, dərsləri Tofiq özü hazırlamalıdır, amma qardaşlarının xətrinə dəymək istəmirlər.

 

Nəticədə nə oldu?

 

Tofiq bütün dərslərindən “2” alaraq üçüncü sinifdə qaldı!