Tovuzquşu hörümçəyi
Avstraliyanın şərqində rast gəlinən Tovuzquşu hörümçəyi (Maratus volans) dünyanın ən gözəl hörümçəklərindən biridir. Bu növün ölçüsü kiçik olmasına baxmayaraq, öz qırmızı, yaşıl və mavi parlaq çalarları ilə diqqət cəlb edirlər.
Hörümçək "tovuzquşu" adını bel nahiyəsinin kənarları boyunca parlaq naxışlı iki qalxan sayəsində almışdır. Sakit vəziyyətdə olduqda hörümçəyin qalxanları bədəninə yapışıq olur, lakin dişinin diqqətini cəlb etmək istədikdə isə, tovuzquşu quyruğunu açdığı kimi, qalxanlarını açır.
Doğrudur, bu cür gözəllik yalnız bu növün erkək fərdlərinə xasdır. Dişi fərdlər və gənc hörümçəklər tünd qəhvəyi rəngə malikdir. Ağ zolaqlar ilə örtülü olan hörümçəyin başı, bədəni və ayaqları ümumiyyətlə tünd qəhvəyi, bəzən qara rəngdədir.
Erkək tovuzquşu hörümçəyi dişi hörümçəyə yaxınlaşan kimi, qarşısında rəqs göstərməyə başlayır: qarnını və ayaqlarını silkələyərək, dinamik şəkildə bir tərəfdən digər tərəfə hərəkət edir. Dişi erkəyin rəqsini bəyənərsə, onunla cütləşməyə icazə verəcəkdir.
Maraqlısı budur ki, hər hörümçəyin özünə xas “xüsusi naxışlı tovuzquşu quyruğu” var.
Tovuzquşu hörümçəyi 20 santimetr məsafədə şikarını aşkar etməyə imkan verən əla görmə qabiliyyətinə malikdir. Yetkin fərdlər kiçikdirlər, yalnız 4-5 millimetr. Əsasən Avstraliyada – Kvinslənd və Yeni Cənubi Uelsdə rast gəlinir.
İlk dəfə 1874-cü ildə İngilis zooloqu Oktavius Pikard-Kembric tərəfindən təsvir edilmişdir. Elm adamları əvvəllər tovuzquşu hörümçəyinin uzun məsafələrə atlaya biləcəyinə inanırdılar, bu səbəbdən də ona "volans" - "qanadlı" adını verdilər. Ancaq bu fərziyyə təsdiqlənmədi.
30.09.2020