Yerin maqnetizmi
Məşhur Amerika filmlərinin birində belə bir səhnə var: yolu azmış film qəhrəmanlarından biri cibindəki metal sancağın ucunu yun köynəyinə sürtərək yarpağın üzərinə, yarpağı isə durğun suyun səthinə qoyur. Yarpaq suyun üzərində fırlanaraq dayanır və bundan sonra onlar çayboyu yollarına davam etməyi qərara alırlar.
Yer kürəsinin kütləsi, ölçüləri, hərəkəti ilə yanaşı, onun daxili quruluşu da planetimizdə həyatın mövcud olmasına şərait yaradır. Yer kürəsi maqnit sahəsinə malikdir və bu maqnit sahəsinin əhatə etdiyi bütün Yerətrafi sahələr maqnitosfer adlanır.
Yerin maqnetizmi onun nüvəsinin quruluşu ilə bilavasitə əlaqədardır. Nüvənin daxili və xarici təbəqələri hərəkət edir. Onların sürtünməsindən ağır metallar maqnitlənərək Yerin maqnit sahəsini əmələ gətirir. Yeri əhatə edən maqnit təbəqəsi onu Günəş və digər ulduzlardan gələn öldürücü kosmik şüalardan qoruyur.
Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri təyin edilir. Bu isə dəniz və hava nəqliyyatı vasitələrinin idarə olunmasında mühüm əhəmiyyət kəsb edir. Yerin maqnit oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrə maqnit qütbləri deyilir. Kompasın əqrəbi Yerin maqnit qütblərinə tərəf istiqamətlənir. Şimal maqnit qütbü Kanada Arktikasında 86° şm.e., 172° q.u.-da, cənub maqnit qütbü isə Antarktidanın Hind okeanı sahillərində 64° c.e., 136° ş.u.-da yerləşir (2017).
Əslində, şimal maqnit və şimal coğrafi qütblərinin eyni yarımkürədə olması fikri coğrafiyada şərti olaraq qəbul edilmişdir. Çünki fizikaya görə, şimal maqnit qütbü Cənub yarımkürəsində, cənub maqnit qütbü isə Şimal yarımkürəsində yerləşir. Bunun səbəbi maqnit qüvvə xətlərinin Arktikada Yerin daxilinə yönəlməsi, Antarktidada isə bu xətlərin Yer səthinə çıxmasıdır. Həm də eyniadlı qütblər bir-birini itələdiyindən yanaşı yerləşə bilməz. Bu səbəbdən şimal maqnit qütbünün Cənub yarımkürəsində olduğu güman edilir.
Şimal və cənub maqnit qütblərini birləşdirən xətlər maqnit meridianları adlanır.
Maqnit meridianı coğrafi meridianla üst-üstə düşmür. Onlar bir-biri ilə kəsişərək maqnit meyil bucağını əmələ gətirir (11,5°). Yer qabığını təşkil edən süxurlardan bəziləri cəzbetmə, yəni maqnitlik xassəsinə malikdir. Belə metallara ferromaqnit metallar (dəmir, nikel, titan, kobalt və s.) deyilir. Maqnit qütblərində və ferromaqnit filizlərin olduğu ərazilərdə kompasın əqrəbi işləmir. Bu, maqnit anomaliyası adlanır.
Yerin maqnit qütbləri sabit deyildir. Onlar vaxtaşırı yerlərini dəyişir və ildə 5−6 km şərqə və ya qərbə hərəkət edir. Alimlər hesab edirlər ki, bu yerdəyişmə Yerdəki bütün canlılara mənfi təsir göstərir. Fərziyyələrə görə, qütblərin yerdəyişməsi zamanı maqnit sahəsi yox ola bilər. Bu isə bəşəriyyət üçün təhlükə yaranması deməkdir. Alimlər dünya daşqınını, Atlantidanın yoxa çıxmasını, dinozavr və mamontların məhvini və digər hadisələri maqnit qütblərinin yerdəyişməsi ilə əlaqələndirirlər.
Bəzi alimlər isə nikbin proqnozlar verərək maqnit qütblərinin indiyə qədər baş verən yerdəyişmələrinin Yerə heç bir mənfi təsirinin olmadığını söyləyirlər. Onlar hesab edirlər ki, bu yerdəyişmələrin canlıların kütləvi məhvi ilə heç bir əlaqəsi yoxdur. Çünki biosfer təbəqəsi yüksək dərəcədə mühitə uyğunlaşma və bərpaolunma qabiliyyətinə malikdir. Maqnit qütblərinin yerdəyişməsi isə ani olaraq yox, uzun müddət ərzində baş verdiyinə görə biosfer bu dəyişikliyə uyğunlaşa bilər.
06.11.2020