Qabil. Qoy danışsın təbiət
İsmayıllı töhvələri
Günəş gah görünür, gah görünməyir,
Duman gah sürünür, gah sürünməyir.
Dərələrdən axan suların səsi,
Yalqız bulaqların kövrək nəğməsi,
Gah batır, gah da ki, çıxır aşkara.
Ürəyim bürünür xoş duyğulara,
Susmaq istəmirəm, susuram fəqət.
Qoy danışsın təbiət!
Başımın üstündə çətirli meşə,
Yuyunmuş, daranmış ətirli meşə.
O yazda yaşıldı, payızda əlvan.
Bir ağac kəhraba, bir ağac mərcan.
Bir yarpaq Günəşin şöləsində zər,
Bir yarpaq buludun gözünü silər.
Dinim, ya dinməyim, dinləyim əlbət,
Qoy danışsın təbiət!
Dağdan göz ağardır əvvəlinci qar,
Qorxudan saralır çiçəklər, otlar.
Üfüq qıpqırmızı, zirvə bəmbəyaz.
Bəhsəbəhs eyləyir yaqutla almaz
Rəng verir, rəng alır göylərin tağı.
Rənglər ovsunlayır ana torpağı.
Şe’rdə, rəsmdə hanı bu cür’ət?
Qoy danışsın təbiət!
Qalxır talalarda ot qarış-qarış.
Qalxır, dizə çıxır yağdıqca yağış.
Yağışdan yaranan xırdaca göllər
Mürgülü, yuxulu gözlərə bənzər.
O gözlər gah dolur, gah da boşalır.
Pərişan-pərişan xəyala dalır.
Dindirmək istəyir məni bu möhnət.
Qoy danışsın təbiət!
Yolum çalın-çarpaz tuneldən keçir.
Yolum həm kədərli, həm də şən keçir.
Ağac var bəzəyir budağını bar.
Ağac var təzəcə baltalayıblar.
Ağac var yıxılıb imdad diləyir,
Ağac var sorağı fələkdən gəlir.
“Dillənsənə!” deyir fərəhlə hiddət,
Qoy danışsın təbiət!
Kolların üstündə böyürtkən qalıb,
Dəyib... dərilməyib... qalıb... qaralıb...
Dadını, aparıb yağış, qar, külək.
Hər şey məqamında, vaxtında gərək
Başqadır payızın sovqatı bu gün,
Quş da sinov gedir nar, armud üçün.
Hardan bu xilqətdə bu zövq, bu ləzzət?
Qoy danışsın təbiət!
Odur, kənd görünür, balaca bir kənd.
İtir yaşıllıqda həyət, aynabənd.
Damların qırmızı kirəmidləri
Başqa cür cəlb edir fikri, nəzəri.
Qızıl kərpiclərə çevrilir hamı,
Nağılmı başlayır payız axşamı?
Eh, hansı nağılda yoxdur həqiqət?
Qoy danışsın təbiət!
Hələ qurulurdu neçə toyxana.
Bu mövsüm çal-çağır gəlməmiş sana.
Bu xırda guşədə böyük məhəbbət.
Yazıb talelərə sevgi, səadət.
Sabahın eşqiylə çırpınır ürək.
İnsan nəfəsilə açır gül, çiçək.
Hansı canlıda var, axı, bu qüdrət?
Qoy danışsın təbiət!
“Ormanlar içində durur Talıstan”.
Yada Səməd Vurğun düşür bu zaman.
Burda nəfəsi var, burda sözü var.
Məxmər yamaclarda ayaq izi var.
Günəşli göylərdə gözünün nuru,
Qayalı dağlarda qartal qüruru,
Ellər nə tez qaldı şairə həsrət,
Qoy danışsın təbiət!
Budaqdan ayrılan hər sarı yarpaq
Elə bil uşaqdır, yetim bir uşaq.
Üşüyür, büzüşür saplağında nəm.
Vüsalla-hicranla doludur aləm.
Xoşdur o ilk bahar, bu son bahar da.
Ürək məna gəzir bu duyğularda.
Hansı məxluqda var belə şe’riyyət?
Qoy danışsın təbiət!
Bir gəlin bir buzov qovub aparır
Yerişi can alır, ürək qoparır.
Yanır yanağında qürub şöləsi.
Saçında bərq vurur yağış giləsi.
Dağlar vüqarıdır, göylər isməti.
Odur bu dünyanın zəri, zinəti.
İnsansız nə gərək bu zər, bu zinət?
Qoy danışsın təbiət!
Yolum uzandıqca gedir, gedirəm.
Təzə tüstüləri mən seyr edirəm.
Hər tüstü bir ocaq, bir ev deməkdir.
Hər tüstü atəşi sönməz ürəkdir.
Ürək olan yerdə qış da bahardır.
Ürəksiz anların qorxusu vardır.
Ürəkdir gətirən insana şöhrət.
Qoy danışsın təbiət!
Axşamın pərdəsi enir astaca.
Günün son şəfəqi sönür astaca.
Meşə qalınlaşır, cığır daralır.
Zirvələr əriyir, göylər qaralır.
Əriyən zirvələr, qaralan göylər
Mənim ürəyimdən nur alsa əgər
Heç onu boğarmı, boğarmı zülmət?
Qoy danışsın təbiət!
Doğma Azərbaycan, Vətən torpağı!
Bərli-bəzəklidir ilin hər çağı.
İlhama gəlirəm gözəlliyindən.
Kim deyir payızda olmur ürək şən?
Qızıl meşələrin nəğməsi xoşdur.
Meyvəli bağların töhfəsi xoşdur.
Hansı torpaqda bu var, bu dövlət?
Qoy danışsın təbiət!
27.11.2020