Şeirlər

Rəsul Rza. "Dənizdən böyük"

Dünya nə kədərli olardı,
dəniz olmasaydı.
Dəniz düşündürür məni.
Dəniz inandırır məni
həyatın gücünə.
Dəniz aparır məni
ən uzaq,
ən heyranlı
Xəyallar bürcünə.
Dənizdən sevinc alıram,
dənizdən kədər alıram.
Ona baxdıqca qürurlanıram
insan olduğuma.

Həm kainata bənzərliyimə,
həm quma.
Mən dənizdən nə istəsəm, alaram
balıqdan tutmuş
şeirin möcüzəsinə qədər.
Mən dənizə nə verirəm!
Heç nə.
Mən dənizsiz qala bilmərəm
dəniz mənsiz keçinər.
Dənizlə gecə söhbətimdə
bu qərara gəlmişik:
qəlbim dənizdən böyükdür,
dəniz qəlbimdən kiçik.