Nağıllar, hekayələr

Yuxu. Azərbaycan xalq nağılı

Biri varıymış, biri yoxuymuş, qədim zamanlarda bir padşah varıymış. Bu o qədər zülmkarmış ki, rəiyyət onun əlindən lap təngə gəlibmiş. Padşah öz tutduğu əməlləri bildiyinə görə həmişə camaatdan sayxın gəzərmiş. Başının ustünnən bir sərçə də uçanda elə bilərmiş ki, düşməndi.


Bütün fikri-zikri özünü qorumaqmış. Bir gün padşah yuxuda gördü ki, onu götürüb atdılar dəyirmanın boğazına. Qolu-qılçası qopub aralandı, bədəni də suda axa-axa getdi. Yuxudan ayılıb öz-özünə toxtax verdi ki, yəqin məni qara basır. Səhərisi gün gecə yatanda yenə həmən yuxunu gördü, bərk qorxdu. Sübh olcax vəzir-vəkili, bütün əyanları çağırıb yuxunu onlara söylədi. Yuxunu hərə bir cür yozdu. Axırda bütün rəmmalları çağırdılar. Qoca bir rəmmal fala baxıb dedi:
– Padşah sağ olsun, sənin taxt-tacın əlinnən çıxacax, özün də aləmdə rüsvay olacaxsan.


Padşah çox götür-qoydan sonra bu fikrə gəldi ki, taxt-tacdan əl çəkib bir qürbət ölkəyə getsin, bəlkə camaatın nəzərində rüsvay olmasın. Odu ki, arvadını, iki oğlunu götürüb bir gecə xəlvətcə qaçdı. Bunlar çox getdilər, az dayandılar, az gedib çox dayandılar, axırda bir meşəyə yetişdilər. Qarannıx qarışdığına görə meşədə qaldılar. Gecənin bir vaxtı bunların yanına bir kişi gəlib yalvardı ki, hal-qəziyyə bizim karvanımız bu yaxınlarda mənzil salıb, yanımızda bir həmli arvad var, ağrı çəkir, bizdən utanır, doğa bilmir. Arvadına izin ver o, doğana kimi gedib onun yanında otursun. Padşah razı oldu. Kişi arvadı götürüb karvana sarı getdi. Aradan xeyli keçdi. Padşah ha gözlədi, gördü arvad gəlmədi, axırda uşaqların əlinnən tutub arvadını çağırmağa getdi Nə qədər axtardısa, arvadını tapa bilmədi. Nə karvan? Nə arvad? Elə bil bunlar yuxuymuş.


Lələ köçüb yurdu qalıb. Qərəz, padşah arvadınnan əl üzüb, iki oğlunun əlinnən tutdu, başladı fikirli-fikirli yol getməyə. Bir müddət gedənnən sonra uşağların biri geridə qaldı. Bir canavar uşağı ağzına alıb qaçdı. Padşah nə qədər elədisə, uşağı canavarın ağzından ala bilmədi.


Xoşbaxtlıqdan uzaqdan bir ovçu bunu görürmüş, canavar ordan keçəndə ovçu onu vurub uşağı ölümdən qurtardı, sonra evinə gətirib yaralarına məlhəm qoyub sağaltdı. Bu əhvalatdan padşahın xəbəri olmadı. O, elə bildi ki, canavar uşağı yedi. Müxtəsər, padşah əlacsız qalıb o biri oğluynan başladı getməyə. Gəlib böyük bir çayın qırağına çatdılar. Çaydan keçəndə o biri uşağı da su axıdıb apardı. Padşah nə qədər çalışdısa, uşağı tuta bilmədi. Uzaxda qoca bir kişi dəyirmana su açırmış, bir də görür ki, suda bir uşağ axır, tez onu tutub kənara çıxardır. Sonra evinə aparıb özünə oğulluğa götürür.


Biçarə padşahın əli taxt-tacından, arvaddan, övladlarından üzülüb, düzün düzündə tək-tənha qaldı, öz-özünə dedi:
– Atalar yaxşı deyib, “Nə əkərsən, onu da biçərsən”. Mən rəiyyətimə zülm eləməsəydim, indi başıma da bu işlər gəlməzdi.
Padşah çox pəjmürdə dayanıb tutduğu əməllərdən peşman olmuşdu. Elə bu vaxt bir də gördü ki, bir nurani qoca buna sarı gəlir. Qoca yaxınlaşıb salam verdi. Padşah qocanın salamına cavab verib başını aşağı saldı. Qoca dedi:
– Ey qərib, görürəm çox bikeyfsən, de görüm dərdin nədi?
Padşah dedi:
– Ey qoca, sən mənim dərdimə çarə eləyə bilməzsən.


Pirani kişi əl çəkmədi ki, gərək dərdini deyəsən.
Padşah başına gələn qəzavü-qədəri əvvəldən axıra kimi söylədi.
Pirani kişi dedi:
– Ey padşah, sən rəiyyətinə zülm elədiyinə görə işin dolaşığa düşüb. Əhd elə ki, bu dəfə padşah olsan heç kimə zülm eləməyəcəksən, həm də fağır-füğəranın, kasıb-kusubun, əlsiz-ayaqsızların qarnını doyuracaxsan.


Qoca sözünü tamam eləyib qeybə çəkildi. Padşah ha baxdı gördü qoca nə gəzir, elə bil yuxu görürmüş, tez barmağını dişlədi ki, ay gidi, bu pirani qoca imiş. Odu ki, qocanın dediyi kimi sidq ürəynən əhd elədi. Sonra başladı yol getməyə. Gəlib bir şəhərə çatdı. Demə bu şəhərin padşahı yenicə ölübmüş. Padşahı dəfn eləyənnən sonra adətlərinə görə camaat yığılıb dövlət quşu uçurdular. Quş o saat gəlib padşahın başına qondu. Bunu görəndə vəzir-vəkil hay-küy saldı ki, yox, bu səhv olub, dilənçidən padşah olmaz, o məmləkəti idarə edə bilməz. Odu ki, quşu bir də uçurdular. Quş havada o yana, bu yana dolanıb yenə padşahın başına qondu. Üçüncü dəfə quşu genə uçurdular, bu dəfə də gəlib həmən adamın başına qondu. Axırda əlacları kəsilib bu kişini özlərinə padşah seçdilər.


Padşah bu səfər taxta çıxandan sonra öz əhdini yerinə yetirdi. Harda kasıb-kusub varsa ona qızıldan-gümüşdən verib yola saldı. Bir gün padşah öz qoşunuynan ova çıxmışdı, yolda qabağına bir ovçuynan, cırıx-cındır paltarda bir uşağ çıxdı. Padşah atının başını saxlayıb bunlardan kim olduqlarını soruşdu. Qoca dedi:
– Padşah sağ olsun, mən kasıb bir ovçuyam, quşdan-zaddan vurub bir təhər dolanıram. Yanımdakı da yetim uşağdı, baxanı yoxdu, onu da özümə hiyən-höyür saxlayıram. Padşah gördü ki, bu uşağ zirək, həm də qəşəngdi, dedi:
– Qoca, görürəm sən kasıbsan, bu uşağa baxmaq sənə çətindi. Gəl uşağı ver aparım, ilxıda atlara qarovul çəksin.


Padşah kişiyə bir ovuc qızıl verdi. Kişi razı oldu, uşağı padşaha verdi. Padşah xeyli gəzib, çoxlu ov ovladı. Qayıdanda yolda bir dəyirmanın yanında atlardan düşüb bir az dinclərini almağa başladılar. Padşah yerə dirsək vurub uzanmışdı. Bir də gördü ki, bir cavan uşaq yekə bir dəyirman daşını dığırlaya-dığırlaya gətirir. Baxdı ki, bu daşı onun pəhlivanları yerinnən güclə tərpədə bilərlər. Amma bu uşağ elə bil top oynadır. Uşağ həm də çox gözəl idi, padşahın xoşuna gəldi. Dəyirman çını yanına çağırtdırıb uşağın kim olduğunu xəbər aldı. Kişi dedi:
– Padşah sağ olsun, bu bir yetim uşaq idi, gətirib özümə oğul eləmişəm.


Padşah dəyirmançıya da xeyli qızıl verib bu uşağı da aldı. Padşah hər iki uşağı gətirdi öz barigahına. Xidmətçilərə də tapşırdı ki, onlara yaxşı qulluq etsinlər.


Bəli, aylar, günlər gəlib keçdi. Bir gün padşahın şəhərinə bir karvan gəldi, karvanbaşı bir qədər qiymətli şeylərdən padşaha hədiyyə göndərdi. Padşah da karvanbaşını axşama barigahına qonax çağırdı. Karvanbaşı padşahdan rica etdi ki, bir-iki nəfər qarovul göndərsin ki, karvana oğru-əyri dəyməsin. Padşah satın aldığı iki cavan qulluqçusuna əmr elədi ki, gedib karvana qarovul çəksinlər. Bu iki nəfər gedib karvanın yanında qurulmuş çadırın böyründə başlayırlar qarovul çəkməyə.
Gecənin bir vaxtı qarovulçulardan biri dedi:
– Qardaş, gəl başımıza gələn qəzavü-qədəri danışaq ki, yuxumuz gəlməsin.
Qarovulçulardan biri başladı:
– Mənim atam padşah idi. Bir gün gecə yatanda bir qorxulu yuxu görür. Rəmmallar yuxunu yozurlar ki, padşahın taxtı tərac olacax, rəiyyəti də ondan üz döndərəcək. Odu ki, atam bu xatadan qurtarmaq üçün taxt-tacdan əl çəkib uşağlarını, arvadını götürüb özgə bir vilayətə gedir. Yolda bir karvana rast gəlir, karvanbaşı atamı aldadıb anamı götürüb qaçır.
İkinci qarovulçu bu sözləri eşidən kimi oğlanı qucaxlayıb dedi:
– Sən mənim qardaşımsan, mən də həmən padşahın oğluyam.
Demə çadırın içindəki arvad elə bu uşağların anasıymış. O da həmən sözləri eşidirmiş. Odu ki, yüyürüb bunları qucaxladı:
– Ey mənim tifil balalarım, mən sizin tacir aparan ananızam.
Arvad uşağları götürüb çadıra apardı. Bir xeyli dərdləşəndən sonra orda yatdılar.
Sübh tezdən tacir gəlib gördü ki, çadırda arvadının yanında iki cavan oğlan yatıb. Tez geri qayıdıb, padşaha şikayət elədi ki:
– Sənin gecə göndərdiyin adamlar mənim arvadımın yanında yatıb, onlara cəza ver.
Padşah onların üçünü də hüzuruna gətirtdi. Arvadla uşağlar başlarına gələn qəzanı söylədilər. Padşah bu əhvalatı eşidən kimi yerindən qalxıb hər üçünü qucaxlayıb dedi:
– Mən həmən padşaham, sən mənim arvadım, bular da uşağlarımdı.
Padşah zülm eləməyəcəyinə əhd elədiyinə görə tacirə başqa cəza vermədi, ancaq öz vilayətindən qovdu. O gündən bir yerdə şad yaşayıb, xoş ömür sürməyə başladılar.