Nağıllar, hekayələr

Çinar və taxta parçası

Meşədə bitmiş əzəmətli qoz ağacını kəsdilər. Qol-budaqlarını təmizlədikdən sonra gövdəsini dəzgahda yondular. Taxta parçalarından qapı və pəncərə çərçivələri hazırladılar.

 

Vaxtilə qoz ağacı olmuş, pəncərə çərçivələrinə çevrilmiş taxta parçası yaxınlıqda bitmiş, başı zirvələrə millənən qozalı çinar ağacını bir xeyli süzdü. Onun yuxarıdan aşağıya səliqə ilə düzülmüş yarpaqlarına həsədlə baxdı, şax qamətindən xoşhal oldu. Ani sükutdan sonra üzünü çinara tutub dedi:

 

- Ay çinar, hamı sənin vüqarlı duruşunu, əzəmətini, gözəlliyini, sərinlik gətirən kölgəni tərifləyir. Kaş sənin yerində olaydım!

 

Çinar dərin xəyallara dalmış baxışlarını ana torpaqdan ayırdı. Səs gələn tərəfə baxdı. Taxta çərçivəyə təbəssümlə baxaraq soruşdu:

 

- Nə üçün, ay taxta parçası? Məgər sənin indiki halın pisdirmi? Nə qədər üstündə meyvə var!

 

Taxta kədərli baxışlarını çinara zillədi. Elə qəmli idi ki, sanki dəryada gəmisi batmışdı. Çinar ona təskinlik verərək dedi:

 

- Bir danışsan! Söylə görüm, sənə nə olub?

 

- Mən də bir vaxtlar göylərə baş çəkirdim. Yaşıl bir seyrəngahdan çöllərə yaraşıq verirdim. Bülbüllər budaqlarımın üstünə qonar, uşaqlar ətrafımda dövrə qurub oynayar, qız-gəlinlər qəhqəhə çəkib gülüşərdilər. Heyf, o günlərdən, - deyə taxta köksünü ötürdü ... - İndi isə köhnə libasımdan  qalmayıb. Adicə taxta parçalarına çevrilmişəm.

 

Qozalı çinar başını bulayıb ona cavab verdi:

 

- İnsanlar da əbədi olaraq yaşamırlar. Onlar da bu dünyadan köç edirlər.

 

Onlar ölür, yeniləri dünyaya gəlir. Mən gördüyüm insanlar indi qocalıblar, uşaqlar isə böyüyürlər, - dedi və əllərini yaxınlıqda yerləşən cavan ağaclara uzatdı:

 

- Bu şitillər son zamanlarda əkilmişdir. Onlar sudan, havadan, işıqdan qidalanır, insan qayğısından bəhrələnib böyüyürlər. Vaxt gələcək, bu cavan ağaclar da böyüyüb əzəmətli olacaq. Çöllərə yaraşıq, insanlara sevinc bəxş edəcək. Bəziləri isə quruyacaq, məhv olacaqdır. Odur ki, indiki halına təəssüf eləmə, ay qardaş! - dedi və yarpaqlarını həzin meh kimi kənara yellədi.

 

Taxta yenə də ümidsiz:

 

- Bundan sonra isə mən kimə lazımam. Kim məni sevəcək, nəzərləri ilə oxşayacaq, - dedi və yenə də çinara gileylənməyə başladı.

 

Çinar mehriban baxışları ilə taxta parçasına göz gəzdirib nəvazişlə söylədi:

 

- Sən sevin ki, insanların tikdiyi evə yaraşıq verirsən. Vaxtilə meşəyə, çəmənə, çölə əzəmət verirdinsə, indi də dünyaya sevinc bəxş edən insanların gözlərini oxşayır, könüllərini sevindirirsən. Bir bax, - deyə çinar ətrafdan evi seyr edən adamları göstərib sözünə davam etdi. - İnsanlar səni sevirlər. Odur ki, yaxşı və gözəgəlimli yerə vurub rəngləyirlər. Mən isə hələ də bilmirəm ki, axırım necə olacaq: Yandırılacağam, yoxsa quruyaraq torpağa qarışacağam...

 

Bu sözlərdən sonra taxta çərçivə sanki özünə gəldi və şirin təbəssümlə yan-yörəsini süzməyə başladı.