Nağıllar, hekayələr

Bolqar nağılı. Martda niyə 31 gün var?

Bir vaxtlar, çox əvvəllər, Yaşlı Mart ayının ixtiyarında cəmi 28 gün, Gənc Fevralda isə əksinə 31 günü var idi.


Həmin zamanlar, dağın başındakı kiçik bir kənddə yaşlı qadın yaşayırdı və onun iki kiçik ağ çəpişi vardı. Yaşlı qadın çox acıdil idi.


Bir dəfə Mart ayının son günü idi. Hava olduqca isti idi. Səma üzərində isti günəş görünürdü və yaşlı qadın çəpişlərini günəş şüaları altında isinmələri və təzə otların dadına baxmaları üçün dağdakı otlağa apardı. Ancaq yaşlı qadın Mart ayına sataşmağı sevirdi və çəpişlərini gəzintiyə apararkən qışqıraraq dedi: "Ey Mart, get, sənin günlərin artıq bitdi, indi mənə heç nə edə bilməyəcəksən! Sənin acığına çəpişlərimi gəzməyə aparıram".


Yaşlı Mart əsəbləşdi, amma heç nə edə bilmədi, çünki vaxtı bitmişdi. Sonra bacardığı qədər kiçik qardaşı Fevralın yanına qaçdı və yaşlı qadından intiqam almaq üçün ona üç gün borc verməsini istədi. Beləliklə qardaşı Marta özünün üç gününü verdi. "İndi sən görərsən!" Yaşlı Mart dedi, "Görək son gülüşü indi kim edəcək!"

 

Beləliklə, yaşlı Mart göyü buludlarla bürüdü; külək əsdi, qar fırtınası başladı, bütün torpaq buzla örtüldü. Yaşlı qadın evindən uzaqda, qorxudan və soyuqdan titrədi, qanı damarlarında dondu, ürəyi isə daşa döndü. Yaşlı Mart üç gün üç gecə daha qəzəbləndi və öz gücünü görsətdi. Kənddəki bütün insanlar isə dəhşətli fırtınadan qorunaraq evlərinə sığındılar və çölə heç çıxmadılar.

 

Fırtına səngiyəndən sonra kəndin insanları dağlara yaylağa çıxdılar və gördülər ki, yaşlı qadın və çəpişləri daş yığına çevriliblər və ayaqlarının altından nazik bir çay axır. Yaşlı qadın xasiyyəti ucbatından kənddə o qədər də sevilmirdi, ona görə də bu mənzərə insanlara gülməli göründü və onlar güldülər.


Beləliklə, yaşlı Mart haqlı çıxdı - sonuncu gülən o oldu.

 

O vaxtdan bəri mart ayında 31 gün var və mart ayının son günləri xalq arasında "borc alınan günlər" adlanır və bu günlərdə insanlar tarlaya işləməyə getmirlər.