Mədəni irsimiz

Şuşa muzeyləri

Muzeylər tarixin, ötən əsrlərin müəyyən hadisələrini özündə yaşadan, eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Eyni zamanda yerləşdiyi rayon, şəhər, qəsəbə və kəndlərin həyatı və təsərrüfatı, mədəniyyət və incəsənəti haqqında tam təsəvvür yaradır.

 

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: “Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşada da çoxlu muzeylər var idi. Əbəs yerə deyil ki, onu “muzeylər şəhəri” adlandırırdılar. Məsələn, şəhərdəki Tarix Muzeyi diyarın keçməkeşli və şanlı tarixinə güzgü tutur, Dərman Bitkiləri Muzeyi təbiətin bir çox sirlərini açır, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri milli mədəniyyətimizin tanınmış və məşhur simalarının həyat və yaradıcılığını əks etdirirdi. Qapıları şəhərə gələnlərin üzünə həmişə açıq olan Şuşa muzeyləri on minlərlə ziyarətçi və tamaşaçı qəbul edib.

 

Şuşa Tarix Muzeyi 1969-cu ildə fəaliyyətə başlayıb. Muzey ən böyük tarixi eksponat olan Yuxarı Gövhər ağa məscidində yerləşirdi. Burada tarixi keçmişimizdən, dünənimizdən soraq verən 2500-dən artıq eksponat nümayiş etdirilirdi. Şəhərin tarixi ilə bağlı olan bir çox əşyalar, xüsusən, 1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşaya basqını zamanı qala divarlarına atılmiş top mərmisi qanlı-qadalı illəri xatırladırdı. Şuşanın müasir həyatına, şuşalıların sovet hakimiyyəti uğrunda mübarizəsinə, Böyük Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunmmuş stendlər də böyük maraq doğururdu. Ümumiyyətlə, muzeyə tamaşa edərkən Şuşanın keçməkeşli həyatı göz önündə canlanır, şanlı keçmişi haqqında zəngin təəssürat yaranmasına səbəb olurdu.

 

Şuşa Xalça Muzeyi 1982-ci ildə Mehmandarovların yaşayış kompleksində açılmışdı. Binanın dörd böyük salonunda xalça ustalarının 300-dən çox əl işi nümayiş etdirilirdi. Xalçalar toxunuş xüsusiyyətlərinə görə ayrı-ayrı salonlarda yerləşdirilmişdi. Salonların üçündə xovlu, birində isə xovsuz xalçalar toplanmışdı. Bura, əsasən, Qarabağ xalçaçılıq məktəbinə aid nümunələr daxil idi. “Güzgülü xalı”, “Güllü kilim”, “Balıq”, “Ləmpə”, “Xantirmə” kimi monumental ölçülü xalça milli naxış quruluşu, rəng ahəngdarlığı, orijinal kompozisiyası, ümumiyyətlə, bədii xüsusiyyətlərinə görə maraqlı və baxımlı idi. Pənahəli xan Cavanşirin saray emalatxanasında toxunmuş “Xanlıq” adlı xalça saralıb-solsa da, orijinal kompozisiyası və rəng baxımı ilə seçilirdi. Muzeydə nümayiş etdirilən sənət əsərlərinin çoxunun öz adı və tarixi vardı. Təbriz, Quba-Şirvan, Gəncə-Qazax məktəblərinin nümunələri də muzeydə geniş təmsil olunmuşdu. Muzeyin ekspozisiyası Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsində qiymətli mənbə kimi mədəniyyət və incəsənətimizin parlaq səhifəsini təşkil edirdi.

 

Şuşa Dərman Bitkiləri Muzeyi 1984-cü il iyulun 29-da Vaqif poeziya bayramında açılmışdı. Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə ilkin formaya qaytarılmış, tavanları rəmzi mənada təbii bitki boyaları ilə naxışlanmışdı. Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağ tərxunu, adaçiçəyi, darçın, dağ nanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən çəmən ətirli dərman bitkiləri muzeyi kiçik bir dağ bağçasına bənzədirdi. Həmin şəfaverici bitkilərin demək olar ki, hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında bitirdi. Bir yanda isə keçmiş təbabətdə istifadə edilən sənətkarlıqla işlənilmiş qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam qoyulmuşdu. Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad Qayıbov, Mirzə Hüseyn, Əbdülkərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri divar boyu sıralanmışdı. Bir guşədə isə məşhur xalq həkimlərinin təbabətə aid kitablarından ekspozisiya təşkil olunmuşdu.

 

Muzeyin nəzdində 666 nömrəli aptek fəaliyyət göstərirdi. Burada əhaliyə əczaçılıq xidməti göstərilir, təbii bitkilər və onlardan hazırlanan dərmanların açıq satışı təşkil edilirdi. Şəfaverici bitkilərdən dəmləmə və bişirmə şəklində elə muzeydə istifadə olunurdu. Dərman bitkiləri muzeyi əhalinin sağlamlığının qorunması işində, xalq təbabətinin ən gözəl ənənələrini yaşatmaq və təbii bitkilərlə müalicənin təbliği sahəsində mühüm rol oynamışdır”.

 

Tədqiqatçı-jurnalist mövzunu davam etdirərək deyib: “Şuşa Daş Sənətkarlığı Muzeyi 1983-cü ildə Şuşa Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və şəhər camaatının köməyi ilə yaradılmışdı. “Gəncə qapısı”nın mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Xarakterinə görə respublikada ilk muzey idi. Burada Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, naqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri nümayiş etdirilirdi. Şuşanın daş sənəti tarixinin və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu incəsənət əsərləri arxeoloji qazıntılar zamanı rayon ərazisindən tapılmışdı. Burada nümayiş etdirilən oyma, yonma və kəsmə üsullarla düzəldilmiş, nəfis şəkildə işlənilmiş milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları kompozisiyası, buxarı, quyu, səki və pilləkən daşları, iri ölçülü ləyənlər və məhəccərlər, su qazanları, novlar, yonma texnikası, estetik və texnoloji xüsusiyyətləri, realist ənənələri ilə seçilirdi. Həmin sənət əsərlərinin müəllifləri daş alətlər vasitəsilə onların üzərini ustalıqla bəzəmiş, bədii cəhətdən yüksək səviyyəli sənətkarlıq nümunələri yarada bilmişlər. Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır.

 

Üzeyir Hacibəylinin ev-muzeyi 1962-ci ildə bəstəkarın doğulduğu, uşaqlıq və ilk gənclik illərində yaşadığı dörd otaqlı evdə açılmış, sonralar dahi sənətkarın 100 illiyi ərəfəsində qonşu binanın hesabına genişləndirilmişdi. Hacıbəyovlar ailəsinin yaşadığı mühiti əks etdirən muzeydə Üzeyir bəyin uşaqlıq və gənclik dövrünə aid sənədlər, əşyalar, fotoşəkillər və s. saxlanılırdı. Muzeyin qarşısında bəstəkarın abidəsi ucaldılmışdı. 1992-ci ildən sonra Şuşanın başqa tarixi, maddi- mədəniyyət və memarlıq abidələri kimi həmin muzey də erməni vəhşiliyinin qurbanı olub.

 

Bülbülün ev-muzeyi 1983-cü ildə dahi müğənninin doğulduğu evdə açılmışdı, Bakıdakı ev-muzeyinin filialı idi. İki otaq və eyvandan ibarət evin quruluşunun əvvəllər olduğu kimi saxlanılması memorial muzeyin iki əsas məsələnin – Bülbülün yaşadığı şəraitin canlandırılması və onun çoxsahəli yaradıcılığının nümayiş etdirilməsi, ekspozisiyanın emosional təsiri ilə elmi dəqiqliyinin birləşdirilməsinin həll edilməsinə şərait yaradırdı.

 

Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini keçirmiş, ilk dəfə musiqi aləminə burada qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdı. Süleyman Rüstəmin və Tofiq Bayramın Bülbülə həsr etdikləri şeirlərin fotoşəkilləri isə muzeyin ekzpozisiyasının emosional təsirini daha da artırırdı.

 

Şuşa Dövlət Rəsm Qalereyası 1984-cü ildə Zöhrabbəyovların malikanəsində fəaliyyətə başlamışdı, on salondan ibarət idi. Qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabağinin öz kitablarına çəkdiyi illüstrasiyalar, xalqımızın həyatı, məişəti, adət-ənənələrindən söhbət açan, gil, metal, mis və ağacdan yüksək bədii zövqlə düzəldilmiş dekorativ tətbiqi sənət nümunələri təşkil edirdi. Burada, o cümlədən, tanınmış qrafika, tişə və fırça ustalarının, yerli rəssamların təsviri sənətin müxtəlif növlərində yaratdıqları 200-ə yaxın rəngkarlıq və qrafika əsərləri toplanılmışdı.

 

Qalereyanın nəzdində fəaliyyət göstərən təsviri sənət dərnəyinin onlarla istedadlı üzvü vardı. Burada əlində fırça tutmağı yenicə öyrənən məktəblilərə peşəkar sənətkarlar məsləhət verir, onlarda bu sənətə məhəbbət və meyl oyadır, sənətin sirlərini öyrədirdilər. Qalereyanın böyük bir zalı balaca rəssamların ixtiyarına verilmişdi. Burada onların ən yaxşı əl işləri ilə tanış olmaq mümkün idi və bu da onu göstərirdi ki, həmin gənclərin sənətə marağı və həvəsi ötəri deyil. Qalereya gənclərin sevimli sənət ocağına çevrilmişdi”.