Dastanlar

Koroğlunun Ballıca səfəri

Çənlibelə yaz gəlmişdi, təbiət canlanmışdı. Quşlar səs- səsə verib oxuyurdular. Hər tərəf yaşıl dona bürünmüşdü. Koroğlu ilxısını göy otluğa buraxdırmışdı.


Dürat da ilxının içində idi. Günlərin birində Düratın nadincliyi tutdu. Başladı ayğırlarla təpikləşməyə. Birini vurdu, ikisini vurdu, axırda hamısını qabağına qatıb Çənlibeldən aşağı qovdu. İlxının ağzı çöllüyə düşdü. Gethaget gəlib çıxdı bir qoruğa. Bu qoruq Ballıcalı Qara xanın qoruğu idi.


Qara xan zalım bir xan idi. Çox adama zülm eləmişdi. Özü də yaman tamahkar idi, kimdə qiymətli bir şey görsə, ya xoşluqla, ya da zorla tutub əlindən alırdı. Koroğlunun ilxısı onun qoruğuna dolan kimi nökərlər  əhvalatı xana xəbər verdilər. Xan əmr elədi ki, ilxını haylayıb gətirsinlər.


İndi isə Koroğludan deyim. Bir də ilxıçı gəldi ki, bəs ilxı itib, Dürat da ilxıda gedib. Koroğlu qəzəbləndi, nə qəzəbləndi. Səsinə dəlilər tökülüb gəldilər. Koroğlu əmr elədi:


-Yerin dibində də olsa, Düratı tapıb gətirin!


Dəli Mehtər ilxını axtarmağa getdi. Amma nə qədər axtardısa, ilxıdan bir əsər- əlamət tapmadı.


Koroğlu hirsindən özünə yer tapa bilmirdi. İstədi Düratı tapmağa özü getsin. Elə bu vaxt gördülər ki, keşikçilər bir adam gətirir. Bu, cavan bir oğlan idi, əlində də dəyənəyi vardı. Koroğlu soruşdu:


-Kimdi bu?


Keşikçi dedi:


-Bilmirəm. Nə qədər elədik, demədi. Səni görmək istəyir.


Oğlan Koroğluyla salamlaşıb dedi:


-Koroğlu, mən Ballıcalı Qara xanın mehtəriyəm. Üç gündü ki, sənin ilxını Qara xan tutub. Sənə xəbər verməyə gəlmişəm. Dürat da ilxının içindədir.Elə ondan bildim ki, ilxı sənindir.


Koroğlu üzünü dəlilərə tutub dedi:


-Qalxın gedək Ballıcaya.İlxını, Düratı gətirib gələk. Qara xanın da dərisini verək.


Koroğlu bir dəstə dəli ilə atlanıb Ballıcaya yola düşdü. Dağlardan, yamaclardan keçib Ballıcaya çatdılar. Koroğlu dəliləri kənarda qoyub ilxıçı paltarı geyindi, altdan da Misri qılıncı bağlayıb şəhərə daxil oldu.


Xanın ilxıçılarından heç biri qorxudan Koroğlunun ilxısına yaxın getmirdi. Qara xan qalmışdı naçar.Bir də gördü ki, bir adam gəlir, elə bil Rüstəm-Zaldı. Amma paltarından ilxıçıya oxşayır. Sevindi ki, yaxşı oldu, elə ilxını buna tapşıraram. Koroğlu gəlib çatanda soruşdu:


-Ayə, kimsən? Pal- paltarından ilxıçıya oxşayırsan.


Koroğlu dedi:


-Bəli, ilxıçıyam. Koroğlunun ilxısını otarırdım, axırda məni qovdu.


Qara xan lovğa-lovğa dedi:


-Koroğlunun ilxısı bu saat burdadı. Onu özüm gətirtmişəm.


-Bəs Koroğlu bilsə, neyləyəcəksən?


Qara xan dedi:


-Bilsin də. Bilib neyləyəcək ki?


Bu yerdə Koroğlu özünü saxlaya bilmədi:

 

Meydana girəndə pələng pəncəli,
Dağıdar elini gəlsə, Qara xan!
Qıratın üstündə qılınc oynadar,
Lal edər dilini gəlsə, Qara xan!

 

Bu sözdən Qara xanın acığı tutdu, dedi:


-Sən nə Koroğlu, Koroğlu deyirsən?Koroğlu mənə hecnə eləyə bilməz .


Onun başına bir oyun açaram ki, adı da yadından çıxar.


Koroğlu gördü ki, Qara xan özünə çox güvənir. Ona görə yenə dedi:

 

Demə ki, Koroğlu təkdi, 
Saysız-sansız dəlisi var, 
Dəmirçioğlu, Bəlli Əhməd,
Eyvaz, İsabalısı var.

 

Xan onun danışığından şübhələndi. Canını qorxu aldı.Koroğluya dedi:


-Sən davakar adama oxşayırsan. Yaxşısı budur, çıx get. Bizimki səninlə tutmaz.


Koroğlu elə bu andaca  ilxıçı paltarını soyunub atdı. Bir dəli nərə çəkdi. Dəlilər Koroğlunun nərəsini eşidib əllərində qılınc töküldülər. Dava başlandı. Koroğlu özünü Qara xana yetirib bir zərbə ilə boynunu vurub yerə saldı. Qoşun xanın öldüyünü görüb başını itirdi, qaçıb dağıldı.


Dəlilər Qara xanın xəzinəsində bahalı nə vardısa, götürdülər. Düratı da, ilxını da qabaqlarına qatıb Çənlibelə qayıtdılar. Koroğlu Qara xanın mehtərinə at, qılınc bağışlayıb onu öz dəlisi elədi.