Dastanlar

Hasan paşanın Çənlibelə gəlməyi

Kürdoğlu Çənlibelə gələndən sonra xotkara xəbər çatdı ki, Koroğlunun oğlu gəlib çıxıb. Özü də necə oğul! Elə bir  bundan hesabını apar ki, Koroğlunun özünü iki dəfə yığıb. İndi Koroğluya batmaq  heç mümkün olmayacaq.


Bu xəbəri eşidən xotkar lap qorxuya düşdü.Tez Hasan  paşaya məktub göndərdi ki, “gərək əlində yağ da daşsa, qoyub özünü mənə yetirəsən”.


Hasan paşa gəlib çıxanda xotkarın birinci sözü bu oldu ki:


- Nəyi gözləyirsən, paşa? Gözləyirsən ki, Koroğlu gəlib səni Toqatda, məni də İstanbulda öldürsün? Sənə qırx gün möhlət verirəm.Ya gərək Çənlibeli dağıdıb Koroğlunun başını mənə gətirəsən, ya da qırx birinci gün sənin özünü dar ağacından asdıracam.


Hasan paşa xotkarın əmrini alıb gəldi Toqata.Qoşun böyüklərini yığıb başladı hazırlaşmağa.


İndi eşit aşıq Cünundan. Aşıq Cünun bunlardan xəbər tutub Çənlibelə gəldi. Bildiklərinin hamısını Koroğluya danışdı. Koroğlu dəlilərə dedi:


- Eybi yoxdu, siz öz işinizdə olun.Qoyun gəlsin, Hasan paşa ilə burada haqq-hesab çəkərik.


Bu sözü eşitcək Dəli Hasan qabağa yeriyib dedi:


- Koroğlu, özünə çox da arxayın olma! Buna Hasan paşa deyərlər. Bu nə Bolu bəyə bənzəməz, nə də Ərəb Reyhana.Qoy biz də hazırlaşaq.


Dəlilər də, xanımlar da hamısı Dəli Həsənin fikrini bəyəndilər.Koroğlu da onların fikri ilə razılaşmalı oldu. Dəli Həsən üç min dəli götürüb Çənlibelin ətrafında bəndlər qurdu.Başladılar Hasan paşanı gözləməyə.


Bir neçə gün keçdi, Hasan paşadan bir xəbər çıxmadı. Bir də gördülər ki, keşikçi bir adam tutub gətirir. Koroğlu ona bir az hədə- qorxu gələndən sonra hər şeyi danışdı:


- Koroğlu , məni bura göndərən Hasan paşadı.On beş min qoşunla sənin üstünə gəlib.Səni tutub Çənlibeli dağıtmaq istəyir. Gecə qoşunu keçidlərdə gizlədib.Özü də yüz-yüz əlli adamla səni bulaq başında gözləyir.


Elə bu vaxt dəlilərdən biri tələsik Koroğlunun yanına gəldi:


- Koroğlu, hər yeri yoxladım.Bütün keçidlər boşdur. Nə dəli Həsən var, nə də dəlilər.


Koroğlu qəzəbləndi, nə qəzəbləndi.Əvvəlcə üzünü Eyvaza tutub dedi:


- İki min dəli götürüb bütün keçidləri kəsərsən.Çənlibelə bir adam buraxmamalısan.


Sonra Dəli Mehtərə dedi:


- Dəlilərdən yetmiş nəfər götür, Hasan paşanın qabağına gedəcəyik.


Axırda üzünü Dəmirçioğluna tutdu:


- Yerdə qalan dəlilərin hamısını götürüb qoruğun qarşısını kəsərsən. Mən davaya başlayan kimi özünü  qoşuna vurarsan.Ya gərək hamımız qırılaq, ya da gərək Çənlibelə düşmən ayağı dəyməsin.


Dəlilər bütün hazırlıqları gördülər.Xanımlar da onlara baxıb silahlandılar, atlandılar, onlarla birlikdə keçidlərə çıxdılar.


İndi hərə öz işində olsun, görək Koroğlugil neylədi.   


Koroğlu, dəlilər də yanında, gəlib çatdı bulaq başına.Elə gedirdilər ki, guya heç nədən xəbəri yoxdu.Gördülər, yüz-yüz əlli adam əyləşib bulağın başında.Elə ki Koroğlunun dəstəsini gördülər, hamısı qalxdı ayağa. Koroğlu ucadan bir xoşgəldin elədi.Baxdı ki, Hasan paşa da bu adamların arasındadır.Dedi:


- Hasan paşa ,gəl çıxaq yuxarı.Qonağım ol.


Hasan paşa dedi:


- Mən bilirəm ki, sən igid adamsan.Çox sağ ol.Amma gəl elə söhbətimizi burada eləyək.


Koroğlu ilə Hasan paşa bulağın qabağında əyləşdilər. Hasan paşa Koroğlunu dilə tutmağa başladı:


- Koroğlu, sən gəl bu daşı ətəyindən tök.Bəsdir xotkarla düşmənçilik elədin.İstəyirəm , xotkarla səni barışdıram.Dur yığışaq, gedək İstanbula.


Koroğlu dedi:


- Hasan paşa, mənə qoç Koroğlu deyərlər.Mən sözümün ağasıyam.Ölənə qədər də xotkarla düşmənəm.Əlim-ayağım dəyməmiş qoşunu da götür, get!


Bunlar söhbət eləyə - eləyə Hasan paşa nə işarə elədisə ,Koroğlu gördü ki, qoşun onu mühasirəyə alıb.Qoşunun da ki sayı- hesabı yoxdur. Paşaya dedi:


- Paşa, gəl bu qoşunu boş yerə qırdırma.Mənimlə düşmənçiliyin var, gəl tutaşaq.Ya sənə verən Allah,ya mənə. Hasan paşa elə bildi ki, Koroğlu qoşunun sayından qorxuya düşüb. Əmr elədi ki, tutub onun qollarını bağlasınlar. Koroğlu bir göz qırpımında sıçrayıb Qırata mindi. Bir işarə vurdu.Dəmirçioğlu bağındakı dəlilərlə Hasan paşanın qoşununa həmlə elədi. Dəlilərini meydanda görcək Koroğlunun ürəyi atlandı, dedi:

 

Minin at belinə, qoç dəlilərim,
Xotkarı taxtından endirək, hoydu!
Talayaq mülkünü,alaq canını,
Evini başına endirək,hoydu!

 

O yandan da Dəli Həsən bir nərə çəkib özünü saldı qoşunun canına. Dava qızışdı,nə qızışdı. Döyüşün şirin yerində bir də gördülər, Eyvaz iki min dəli ilə meydana girdi. Hasan paşa gördü, işi xarabdı, belə getsə buradan bir nəfər də salamat çıxa bilməyəcək. Bir dəstə qoşunla Koroğluya hücum elədi. Koroğlu onun dəstəsini qırıb -çatdı. Düşmən qoşunu təslim oldu. Koroğlu Hasan paşanı da əsirlərlə birlikdə götürüb Çənlibelə gəldi. Dəli Həsəni yanına çağırdı. Dəli Həsən gəlib dedi:


- Qoç Koroğlu, mən sənə xəbər verməmiş yolları, keçidləri buraxıb getmişdim. Amma qəsdən belə eləmişdim. Hasan paşanın qoşunu ilə gəlməyini keşikçilər axşamdan mənə dedilər. Mən onun necə pusqu düzəltdiyini görmüşdüm. Qorxdum ki, sənə xəbər versəm, Çənlibelə səs düşər, düşmən işi bilər. Ona görə də dəstəmi götürüb gecə onların arxasında pusqu qurdum.


Koroğlu ona “afərin” deyib üzünü tutdu Hasan paşaya:


- Hasan paşa, eşitdiyimə görə, sənin Bulğar xanım adında qızın var. Onu gərək Dəli Həsənə verəsən. Bir məktub yaz, qızın bura gəlsin.


Hasan paşa əlacsız qalıb qızını Çənlibelə gətirtdi.Koroğlu onu öldürməyib dedi:


- Hasan paşa, mənim atam  Alı kişi səni kişi bilib Qıratla Düratı sənə bağışlamaq istədi. Bu yaxşılığının əvəzində sən onun iki gözünü çıxartdırdın. Mən səni öldürməyəcəyəm. Amma nə qədər ki ömrün var, Çənlibeldə bu iki  ata mehtər olacaqsan.


Hasan paşa ömrünün axırına kimi Çənlibeldə qalıb Qıratla Dürata mehtərlik elədi.