Təbiət

Verzaska - dünyanın ən şəffaf çayı

Verzaska - İsveçrənin italyandilli hissəsində - Ticino vadisində yerləşən 30 kilometrlik Avropanın ən gözəl dağ çaylarından biridir. Çay hündürlüyü 2864 metr olan bir dağın zirvəsindən başlayır, sonra yolu cənuba, mənzərəli vadilərdən keçərək İsveçrə və İtaliya arasında yerləşən Maggiore gölünə tökülür. Dərinliyi 10 metrə çatır.


30 km uzunluğu olan çay bütün dünyada öz şəffaf, kristal kimi təmiz firuzəyi suları və dibindəki rəngarəng daşları ilə məşhurdur. Verzaska çayının suyu o qədər təmizdir ki, hətta onun 10 metr dərinliyindən baxsan üzərindəki körpünü görə bilərsən. Çayın sahillərini şabalıd meşələri və üzüm bağları bəzəyir. Verzaska çayının gözəlliyi səyyahları, dalğıcları və əlbəttə ki, mənzərə həvəskarlarını cəlb edir.

 

Hər il yüzlərlə turist bu heyrətamiz mənzərəni seyr etmək, şəffaf suda üzmək üçün bura üz tutur.


Lakin suyun aşağı temperaturuna görə çayda çimmək qadağandır. Maksimum temperatur 7-10 °С dərəcədir. Ancaq bu, dalğıcları dayandırmır. Dibindən göyü görə biləcəyi büllur təmiz suda üzmək sualtı fotoqraflar üçün önəm daşıyır. Ancaq Verzaskanın güclü sualtı cərəyanları olan təhlükəli yerləri də var.


Verzaska çayı yalnız turistlər arasında populyar deyil. Alimlər şəffaf sularda çox maraqlı tapıntılar aşkar ediblər. Canlılar sularda demək olar ki, tamamilə yoxdur. İlk öncə, buna turşuluğun səbəb olduğu düşünülürdü, lakin 2009-cu ildə beynəlxalq bir araşdırmadan sonra çayın turşuluğunun qalanlarından fərqlənmədiyi məlum oldu. Beləliklə, büllur sular gözəlliyi ilə yanaşı, həm də bir çox sirləri gizlədir.


Verzaska çayının turist axınının artmasına səbəb olan iki cazibəli yeri var: bunlardan biri hündürlüyü 220 metr olan bir bənddir. Maggiore gölü üzərində 1959-cu ildə inşa edilmişdir. Bənd, “James Bond -Golden Eye” haqqında film çəkildikdən sonra populyarlıq qazandı. Filmdə Bond, bu xüsusi bənddən atlamışdı.


İkinci cazibəsi isə - Roma Körpüsüdür. İki arkalı daş tikilidir. Bura fotoqrafların və təbiət həvəskarlarının sevimli yeridir. Buradan Alp dağlarının möhtəşəm mənzərələrinə, eləcə də dolama kanal boyunca axan büllur suya doyunca seyr etmək mümkündür.